Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan-Türkiyə münasibətlərinin gücü bütün məsələlərdə eyni düşünməkdən deyil, fikir ayrılıqlarını qarşılıqlı anlaşma yolu ilə həll etmək və ortaq strateji maraqları qorumaq bacarığından qaynaqlanır.
Tarixi qardaşlıqdan strateji birliyə!
Böyük İdeallar Araşdırma Mərkəzi (BİAM) Azərbaycan-Türkiyə münasibətlərinin qorunması, möhkəmləndirilməsi və gələcək nəsillərə sağlam təməllər üzərində ötürülməsi ilə bağlı bəyanat yayıb.
Azərbaycan və Türkiyə arasındakı münasibətlər sadəcə iki dövlətin əlaqələri deyil. Bu münasibətlər ortaq tarixə, dilə, mədəniyyətə, milli-mənəvi dəyərlərə və xalqlarımızın qarşılıqlı dəstək ənənəsinə söykənən böyük bir qardaşlıq salnaməsidir.
Tarix dəfələrlə sübut edib ki, Azərbaycan–Türkiyə həmrəyliyi xalqlarımıza güc, dövlətlərimizə dayaq, bölgəmizə isə yeni imkanlar qazandırıb. Çətin günlərdə bir-birinə uzanan əllər, ortaq uğurlar və qarşılıqlı dəstək bu qardaşlığın ən qiymətli sərvətidir.
Lakin tarix yalnız qürurverici səhifələrdən ibarət deyil. Keçmişdən miras qalan anlaşılmazlıqlar, yanlış təsəvvürlər, qarşılıqlı incikliklər və ayrı-ayrı dövrlərin siyasi ziddiyyətləri də xalqlarımızın yaddaşında izlər buraxıb. Tarixə hörmət etmək onun ağrılı səhifələrini gizlətmək deyil, həmin səhifələrdən ibrət götürərək gələcəyi daha sağlam təməllər üzərində qurmaqdır.
XXI əsr Azərbaycan və Türkiyədən nə tələb edir?
Bu gün Azərbaycan və Türkiyə münasibətlərinə yalnız tarixi duyğuların deyil, strateji düşüncənin, siyasi müdrikliyin və gələcək nəsillər qarşısında məsuliyyətin prizmasından baxmalıyıq.
Dövlət rəhbərləri, siyasətçilər, diplomatlar, ziyalılar, media nümayəndələri və ictimai xadimlər anlamalıdırlar ki, hər bir məsuliyyətsiz bəyanat, yanlış təqdimat və emosional qarşıdurma ictimai etimadı zədələyə bilər. Ayrı-ayrı məsələlərdə fikir ayrılıqlarının yaranması təbiidir. Əsas məsələ bu fərqləri qardaşlıq münasibətlərinə qarşı çevirməməkdir.
Azərbaycan–Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, açıq dialoq və ortaq strateji maraqların qorunması üzərində möhkəmlənməlidir. Çünki qardaşlıq qarşılıqlı məsuliyyət, səmimiyyət və etimad tələb edir.
Məsuliyyətsizliyin bədəli ağır ola bilər
Əgər anlaşılmazlıqlar dərinləşdirilər, ictimai münasibətlərdə qarşılıqlı inamsızlıq güclənər və ayrı-ayrı fikir ayrılıqları süni qarşıdurma vasitəsinə çevrilərsə, bunun nəticələri təkcə iki dövlətin münasibətlərinə deyil, bütövlükdə Türk dünyasının həmrəyliyinə və Cənubi Qafqazın gələcəyinə təsir göstərə bilər.
Belə bir zəifləmədən regionda parçalanmadan, etimadsızlıqdan və rəqabətin dərinləşməsindən faydalanmaq istəyən xarici aktorlar yararlana bilərlər. Buna görə də münasibətləri qorumaq yalnız diplomatik vəzifə deyil, həm də milli və regional məsuliyyətdir.
Unutmamalıyıq ki, qardaşların bir-birindən uzaqlaşması onların gücünü azaldır, aralarındakı etimadın qorunması isə hər ikisinin imkanlarını genişləndirir.
BİAM-dan anlaşma və həmrəylik çağırışı
Böyük İdeallar Araşdırma Mərkəzi hesab edir ki, qarşıdurmaya deyil, anlaşmaya, şübhəyə deyil, etimada nail olmalıyıq.
BİAM Azərbaycan və Türkiyə ictimaiyyətini, dövlət və siyasi xadimləri, ziyalıları və media nümayəndələrini tarixi qardaşlığımızı gündəlik siyasi mübahisələrin fövqündə qorumağa, fikir ayrılıqlarını qarşılıqlı hörmət və açıq dialoq yolu ilə həll etməyə, ictimai rəydə düşmənçilik deyil, etimad və həmrəylik yaratmağa çağırır.
Mərkəz, həmçinin gənc nəslə ortaq tariximizin, mədəniyyətimizin və qarşılıqlı məsuliyyətimizin obyektiv şəkildə çatdırılmasının vacibliyini vurğulayır. Azərbaycan–Türkiyə tərəfdaşlığı Türk dünyasının birliyinə, Cənubi Qafqazda davamlı sülhə və xalqlarımızın rifahına xidmət edən müasir strateji əməkdaşlıq modelinə çevrilməlidir.
Biz inanırıq ki, qardaşlıq yalnız keçmişdən qalan miras deyil, hər nəslin qorumağa, zənginləşdirməyə və gələcəyə ötürməyə borclu olduğu məsuliyyətdir.
Azərbaycan Türkiyəsiz, Türkiyə isə Azərbaycanla bağlılığını nəzərə almadan öz gələcəyini tam təsəvvür edə bilməz. Bu bağlılıq qarşılıqlı suverenliyə, milli maraqlara, hörmətə və könüllü həmrəyliyə əsaslandıqca daha da möhkəmlənəcəkdir.
Gəlin, tariximizin bizə bəxş etdiyi qardaşlığı keçmişin xatirəsi kimi deyil, gələcəyin gücü kimi yaşadaq!
Birliyimiz tarixdən gəlir, gücümüz etimaddan doğur, gələcəyimiz ortaq məsuliyyətimizdən asılıdır!
Böyük İdeallar Araşdırma Mərkəzi (BİAM) İdarə Heyəti