Bakı, Ankara və Vaşinqton regionun gələcəyini necə formalaşdırır? TƏHLİL

12.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Cənubi Qafqazda son günlər müşahidə olunan diplomatik fəallıq regionun gələcək siyasi və təhlükəsizlik arxitekturası ilə bağlı mühüm suallar doğurur.

Azərbaycanla Ermənistan arasında sülh prosesinin davam etməsi, Türkiyə–Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlar, ABŞ-nin regional nəqliyyat və kommunikasiya layihələrinə artan marağı bölgədə yeni geosiyasi reallıqların formalaşdığını göstərir. Xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Antalyada keçirilən görüş və TRIPP layihəsi ətrafında aparılan müzakirələr Cənubi Qafqazın artıq yalnız regional deyil, qlobal güclərin də strateji maraqlarının kəsişdiyi məkana çevrildiyini nümayiş etdirir.

Ərdoğan–Paşinyan görüşü: Türkiyənin regional diplomatiyada yeni yanaşması

Ərdoğan–Paşinyan görüşünü yalnız Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin normallaşdırılması cəhdi kimi deyil, bütövlükdə Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqların tərkib hissəsi kimi qiymətləndirmək lazımdır. Burada mühüm məqam ondan ibarətdir ki, Ankara Ermənistanla münasibətlərinin gələcəyini müəyyənləşdirərkən Azərbaycanla strateji müttəfiqliyini və Bakının təhlükəsizlik maraqlarını nəzərə alır. Xüsusilə Ərdoğanın Şuşa səfərindən sonra belə bir görüşün keçirilməsi Türkiyənin regional diplomatiyada həm Azərbaycanla müttəfiqliyini qorumaq, həm də Ermənistanla dialoq imkanlarını genişləndirmək niyyətini göstərir. Hesab edirəm ki, Paşinyan hökuməti artıq regionda iqtisadi təcridin aradan qaldırılmasının və Türkiyə ilə sərhədlərin açılmasının Azərbaycanla münasibətlərin normallaşmasından əhəmiyyətli dərəcədə asılı olduğunu anlayır. Digər tərəfdən, Ankara bu prosesdə yalnız vasitəçi deyil, gələcək regional iqtisadi əməkdaşlığın və təhlükəsizlik mexanizmlərinin formalaşmasında iştirak etmək istəyən mühüm siyasi aktordur. Bu baxımdan görüşün əsas siyasi mesajı ondan ibarətdir ki, Cənubi Qafqazda dayanıqlı əməkdaşlıq mühiti Azərbaycanın legitim maraqları nəzərə alınmadan formalaşa bilməz.

TRIPP layihəsi: Cənubi Qafqazda nəqliyyat və enerji imkanları genişlənir

Azərbaycan, ABŞ və Ermənistan nümayəndələrinin iştirakı ilə TRIPP layihəsi üzrə nəqliyyat və elektrik enerjisinin ötürülməsi istiqamətlərində texniki planlaşdırma qruplarının yaradılması regional kommunikasiyaların açılması prosesinin artıq daha konkret müzakirə mərhələsinə keçdiyini göstərir. Əslində, burada söhbət yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təmin edilməsindən deyil, həm də Cənubi Qafqazın beynəlxalq tranzit və enerji şəbəkələrinə daha sıx inteqrasiyasından gedir. ABŞ-nin bu təşəbbüsdə birbaşa iştirak etməsi Vaşinqtonun regiona münasibətdə diplomatik vasitəçiliklə kifayətlənməyərək iqtisadi və infrastruktur layihələri vasitəsilə uzunmüddətli təsir imkanları formalaşdırmaq niyyətindən xəbər verir. Bu isə təbii olaraq Rusiyanın ənənəvi təsir mexanizmləri, İranın regional kommunikasiya maraqları və Türkiyənin nəqliyyat strategiyası baxımından yeni geosiyasi hesablamalar meydana çıxarır. Azərbaycan üçün əsas üstünlük ondan ibarətdir ki, layihə həyata keçiriləcəyi təqdirdə ölkəmizin tranzit imkanları genişlənə, Naxçıvanla bağlantılar güclənə və Orta Dəhlizin strateji əhəmiyyəti arta bilər. Lakin bütün bunların real nəticəyə çevrilməsi tərəflərin siyasi öhdəliklərinə əməl etməsindən, texniki və hüquqi mexanizmlərin razılaşdırılmasından, eləcə də regional təhlükəsizlik mühitinin sabitliyindən asılı olacaq.

Ermənistan–Rusiya münasibətləri: KTMT ətrafında etimadsızlıq dərinləşir

Ermənistanın KTMT-də səsvermə və rəhbər vəzifələrə nümayəndə irəli sürmək hüquqları ətrafında yaranmış vəziyyət isə İrəvanla Moskva arasında uzun müddətdir davam edən siyasi etimadsızlığın artıq institusional müstəviyə keçdiyini göstərir. Bununla belə, Ermənistanın təşkilatdan rəsmən çıxmadığını nəzərə alsaq, baş verənləri Rusiya ilə bütün təhlükəsizlik əlaqələrinin qırılması kimi qiymətləndirmək doğru olmaz. Paşinyan hökuməti Qərblə münasibətlərini genişləndirməklə xarici siyasətdə manevr imkanlarını artırmağa çalışır, lakin Ermənistanın iqtisadi, enerji və təhlükəsizlik sahələrində Rusiya ilə mövcud əlaqələri bu keçidi kifayət qədər mürəkkəbləşdirir. Moskva isə Cənubi Qafqazda mövqelərinin zəifləməsini strateji maraqlarına təsir edən proses kimi qəbul etdiyindən regionda təsir imkanlarını tamamilə itirmək niyyətində deyil. Azərbaycan baxımından mühüm məsələ Ermənistanın hansı hərbi-siyasi mərkəzə yaxınlaşmasından daha çox, bu prosesin regionda yeni qarşıdurma xətləri yaratmaması və sülh gündəliyinə mane olmamasıdır. Hesab edirəm ki, Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturası xarici güclərin rəqabət meydanına çevrilməkdən daha çox, region dövlətlərinin suverenliyi, qarşılıqlı öhdəlikləri və iqtisadi əməkdaşlığı üzərində qurulmalıdır.

Azərbaycanın geosiyasi mövqeyi: Yeni reallıqlardan dayanıqlı sülhə doğru

Azərbaycanın bugünkü geosiyasi üstünlüyü ondan ibarətdir ki, ölkəmiz artıq regionda baş verən proseslərin yalnız iştirakçısı deyil, onların istiqamətinə təsir göstərmək imkanına malik mühüm siyasi aktordur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin əsas xüsusiyyətlərindən biri müxtəlif güc mərkəzləri ilə münasibətlərdə milli maraqları ön plana çıxarmaq və strateji müstəqilliyi qorumaqdır. Türkiyə ilə müttəfiqliyin daha da möhkəmləndirilməsi, ABŞ və Avropa ilə iqtisadi-siyasi əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Rusiya və İranla münasibətlərdə qarşılıqlı maraqlara əsaslanan praqmatik yanaşmanın saxlanılması bu baxımdan mühüm əhəmiyyət daşıyır. Xüsusilə Ermənistanla sülh prosesinin yekunlaşdırılması, regional kommunikasiyaların açılması və Naxçıvanla maneəsiz nəqliyyat əlaqəsinin təmin edilməsi Azərbaycanın yaxın perspektivdə əsas strateji hədəfləri sırasında qalmalıdır. Burada diqqət yetirilməli digər mühüm məsələ Cənubi Qafqazın yalnız böyük dövlətlərin rəqabət məkanı deyil, həm də Azərbaycan və Türkiyənin fəal iştirakı ilə iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və beynəlxalq tranzit imkanlarının inkişaf etdiyi regiona çevrilməsidir. Mənim qənaətimcə, qarşıdakı mərhələdə Azərbaycanın əsas siyasi uğuru hərbi Qələbə və bərpa edilmiş suverenlik əsasında formalaşan yeni reallıqları uzunmüddətli sülhə, iqtisadi üstünlüklərə və dayanıqlı regional təhlükəsizlik sisteminə çevirmək olacaq.

Züriyə Qarayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью