Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son həftələr Azərbaycan diplomatiyasında Avropa istiqaməti xeyli fəallaşıb.
Dublin Zirvəsində Prezident İlham Əliyevin Aİ və Britaniya liderləri ilə görüşləri, iki ölkə arasında Strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanması, ardınca Prezidentin köməkçisi Hikmət Hacıyev və xarici işlər nazirinin Samir Şərifovun Brüsseldə NATO və Aİ rəsmiləri ilə apardığı danışıqlar göstərir ki, Bakı–Qərb xəttində dialoq yenidən intensivləşir.
Noyabrın son günlərində isə diplomatik təmaslar Bakıya transfer edib:
İtaliya XİN başçısı Antonio Tayani, Monteneqro Baş naziri Miloyko Spayiç, Gürcüstan XİN rəhbəri Maka Boçorişvili, Litva XİN başçısı Kestutis Budris artıq Bakıda görüşlər keçirib. (Litva ilə Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalandı), noyabrın 27-də isə Estoniya XİN rəhbəri Marqus Tsahkna səfirliyin rəsmi açılışı üçün paytaxtımıza gəlir.
Bəs bu sıx təmasların arxasında hansı məsələlər dayanır?
2027-ci ilin yanvarından Aİ Şurasına sədrlik edəcək Litva 27 üzv ölkə arasında Bakı ilə ortaq mövqeyin tapılmasına və yeni Strateji Tərəfdaşlıq Sazişinin yenidən nəzərdən keçirilməsinə dəstək verəcəyini açıqlayıb.
XİN rəhbəri Ceyhun Bayramov Aİ ölkələri ilə viza prosedurlarının asanlaşdırılmasının Bakı üçün əsas prioritetlərdən biri olduğunu bildirib.
Azərbaycan 2027-ci ildə ATƏT-ə sədrlik etmək niyyətini rəsmiləşdirib (Ermənistan, Avstriya və Norveç də maraqlıdır). Lakin dünən 46 beynəlxalq və yerli QHT insan haqları məsələlərini əsas gətirərək ATƏT üzvlərini Azərbaycanın sədrliyinə qarşı çıxmağa çağırıb. Yəni ciddi əngəl ola bilər…
Görünən odur ki, enerji və Orta Dəhliz layihələri fonunda Avropa paytaxtları Bakı ilə ikitərəfli strateji bağları gücləndirir.
Qarşıdakı aylarda isə əsas sual budur: həssas mövzularda konsensus əldə olunarsa, ikitərəfli yaxınlaşma Brüssellə yeni sazişə, viza yumşalmasına və ATƏT sədrliyinə yol aça biləcəkmi?
Elçin Rüstəmli
Gununsesi.info