Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dublində keçirilən Avropa Siyasi Birliyinin sammiti Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından yeni perspektivlər ortaya qoyur.
Sammit çərçivəsində aparılan müzakirələr göstərir ki, Azərbaycan artıq Avropanın yalnız enerji təchizatçısı kimi deyil, həm də regional nəqliyyat, logistika və yaşıl enerji layihələrinin mühüm tərəfdaşı kimi çıxış edir. Bu, ölkəmizin son illərdə formalaşdırdığı iqtisadi və geoiqtisadi mövqeyin beynəlxalq səviyyədə artan əhəmiyyətini nümayiş etdirir.
İqtisadçı Əli Səlimov Sherg.az-a bildirib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə bu tərəfdaşlığın əsas dayaqlarından biridir:
“Hazırda ölkəmiz 10 Avropa İttifaqı üzvü olan dövlətə təbii qaz ixrac edir və Avropaya qaz tədarükünün 8 milyard kubmetrdən 13 milyard kubmetrə yüksəlməsi Azərbaycanın etibarlı enerji tərəfdaşı statusunu möhkəmləndirir. Avropanın enerji mənbələrini şaxələndirmək siyasəti ölkəmiz üçün əlavə ixrac imkanları yaradır. Qarşıdakı dövrdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi, TAP infrastrukturunun ötürücülük imkanlarının artırılması və yeni uzunmüddətli təchizat müqavilələrinin imzalanması Azərbaycanın Avropa enerji bazarındakı mövqeyini daha da gücləndirə bilər. Başqa sözlə, Azərbaycan mövcud enerji potensialını uzunmüddətli iqtisadi tərəfdaşlığa çevirmək imkanına malikdir.
Bununla yanaşı, yaşıl enerji əməkdaşlığı münasibətlərin yeni mərhələsini formalaşdırır. Azərbaycanın Xəzər dənizində külək, quruda isə günəş enerjisi üzrə böyük potensialı Avropa bazarına yeni enerji ixracı imkanları yaradır. Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl enerjinin Avropaya çatdırılması istiqamətində əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizinin yaradılması və sualtı elektrik kabeli layihəsinin reallaşdırılması ölkəmizin enerji ixracında yeni səhifə açacaq. Beləliklə, Azərbaycan gələcəkdə Avropanın həm ənənəvi, həm də bərpa olunan enerji təminatında iştirak edən mühüm tərəfdaşlardan birinə çevrilə bilər”.
Orta Dəhlizin inkişafına gəldikdə isə iqtisadçı bildirib ki, Azərbaycanın geoiqtisadi mövqeyini daha da möhkəmləndirən digər istiqamətdir:
“Avropa ilə Asiya arasında alternativ ticarət marşrutlarına tələbatın artması ölkəmizin tranzit imkanlarını strateji üstünlüyə çevirir. Bakı-Tbilisi-Qars dəmir yolunun genişləndirilməsi, Ələt limanının imkanlarının artırılması, gömrük prosedurlarının rəqəmsallaşdırılması və Naxçıvan istiqamətində nəqliyyat bağlantılarının inkişafı bu potensialın reallaşdırılmasına xidmət edəcək. Nəticədə Azərbaycan beynəlxalq yükdaşımaların mühüm qovşaqlarından biri kimi mövqeyini daha da gücləndirəcək.
Dublin sammitinin əsas iqtisadi mesajı Azərbaycanın Avropa ilə əməkdaşlığında yeni imkanların mövcudluğudur. Enerji, yaşıl iqtisadiyyat və nəqliyyat sahələrində tərəfdaşlığın genişlənməsi ölkəmizə əlavə investisiyalar, texnologiyalar və yeni ixrac bazarları qazandıra bilər. Ən vacibi isə Azərbaycanın enerji resursları ilə formalaşdırdığı iqtisadi mövqeyi daha geniş geoiqtisadi üstünlüyə çevirmək imkanları artır. Bu baxımdan Avropa ilə əməkdaşlığın dərinləşməsi Azərbaycanın regional iqtisadi mərkəz və beynəlxalq bağlantı qovşağı kimi rolunun güclənməsinə xidmət edən mühüm perspektivdir”.