Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır. “COP29 tədbiri çox böyük uğurla ölkəmizdə keçirilir.
Tədbirdə həm müzakirələrin həyata keçirilməsi, həm də imzalanan sənədlər, bəyanatlar mühüm əhəmiyyət kəsb edir.
Çünki iqlim dəyişikliyi, qlobal istiləşmə, su çatışmazlığı, ekologiyada olan müəyyən ümumi böhran və temperaturun qalxması bəşəriyyətin problemidir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.
Politoloq həmçinin əlavə edib ki, Azərbaycanda bəşəriyyəti maraqlandıran məsələlərin müzakirə olunması əlamətdar hadisədir: “Bu tədbirə qarşı skeptiklər həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda olsa da, mən bu tədbirin iştirakçısı kimi deyə bilərəm ki, tədbir müstəsna əhəmiyyətə malikdir.
Biz bu gün qlobal istiləşmədən danışmasaq, bu məsələlər müzakirə olunmasa, qarşıda bizi böyük fəlakətlər gözləyə bilər”.
İ.Hüseynov qeyd edib ki, Azərbaycanın COP29 tədbirini keçirməklə bağlı beynəlxalq miqyasda mühüm çağırışları olub: “Bunlardan biri dünyada müharibələrin dayandırılması ilə bağlı çağırışdır.
Təəssüflər olsun ki, qlobal güc mərkəzləri Azərbaycanın sülh və təhlükəsizlik, eləcə də sabitlik yönündə bu çağırışına adekvat cavab vermədilər.