Bakı Brüssel İrəvan: sülh prosesinə Aİ nin yeni yanaşması

15.09.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2020-ci ildən sonra Cənubi Qafqazda münaqişənin hərbi mərhələsinin başa çatması ilə sülh prosesi keyfiyyətcə yeni fazaya keçib: gündəmdə artıq dövlətlərarası münasibətlərin hüquqi və siyasi normallaşması dayanır. Bu mərhələdə beynəlxalq aktorların rolu mühüm analitik suala çevrilir – xüsusilə Avropa İttifaqı sülh prosesinə hansı alətlərlə və hansı effektivliklə təsir edə bilər. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun sentyabrın 10-da Bakıya səfəri və onun ilk dəfə diplomatik korpusla birlikdə işğaldan azad edilmiş Qarabağa və Şərqi Zəngəzura səfər etməsi bu suala cavab axtarmaq üçün konkret və zəngin empirik material təqdim edir.

Bakıda bir gün ərzində Qrono Azərbaycanın sülh gündəliyinin üç müxtəlif institusional qovşağını təmsil edən rəsmilərlə görüşüb: xarici işlər naziri Ceyhun Bayramov, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov. Qrononun açıqlamasında müzakirələrin üç istiqaməti vurğulanır: Aİ-nin sülh prosesinə dəstəyi, keçmiş münaqişənin nəticələri ilə bağlı humanitar məsələlər və qarşılıqlı əlaqələr ilə regional əməkdaşlıq sahəsində səylər. Brüssel özünü münaqişənin həlli xəttinin "müəllifi" kimi deyil, prosesin "dəstəkçisi" kimi mövqeləndirir.

Səfərin siyasi mənasını dərk etmək üçün Aİ-nin 2020-ci ildən sonrakı trayektoriyasına nəzər salmaq vacibdir. Həmin dövrdən əvvəl Aİ-nin nizamlanmada iştirak imkanları köhnə status-kvo və mövcud danışıq formatı çərçivəsində məhdud idi; 2020–2023-cü illərin keçid dövründə isə Brüssel danışıqların yeni arxitekturasının formalaşmasında əhəmiyyətli rol oynamış və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin işlənib hazırlanmasına töhfə vermişdir. Lakin sonrakı mərhələdə tərəflər vasitəçilikdən imtina edərək birbaşa ikitərəfli danışıqlara keçiblər; bu da Aİ vasitəçiliyinə utilitar yanaşmanın göstəricisidir. 2025-ci ildə ABŞ-ın yeni sülh təşəbbüsləri isə Aİ-ni prosesin periferiyasına keçirib.

Bu kontekstdə Qrononun səfəri Brüsselin vasitəçilik prosesinə geri qayıtmaq cəhdləri kimi də oxuna bilər. Aİ regionda mövqeyini qoruyub saxlamaq istəyirsə, "səfər diplomatiyası" və humanitar gündəm onun üçün ən əlçatan kanallardır. Eyni zamanda, Aİ-nin regiona marağı başqa amillərlə də güclənib: 2021-ci ildən etibarən Aİ danışıq prosesinin aktiv iştirakçısına çevrilmiş, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra isə vasitəçiliyini daha da gücləndirmişdir.

Qrononun səfərinin ən əhəmiyyətli elementlərindən biri keçmiş münaqişə zonalarına – Qarabağa və Şərqi Zəngəzura təşkil olunan diplomatik turda ilk dəfə iştirak etməsidir. O, yerli hakimiyyət nümayəndələri, keçmiş məcburi köçkünlər və media nümayəndələri ilə görüşüb. Qayıdış məsələsi sülh prosesinin məhz humanitar ölçüsünü təşkil edir. Sülh müqavilələrinin danışıqları və icrası köçkünlərin hansı şəraitdə qayıda biləcəyini müəyyən edir və məcburi köçkünlük probleminin davamlı həlli bütövlükdə, sülh prosesinin uğurunun göstəricisi kimi çıxış edir. Davamlı qayıdış isə insanların öz cəmiyyətlərində reinteqrasiyası ilə müəyyən olunur.

Qrononun səfər proqramında məscid və kilsələr də daxil olmaqla mədəni və dini irs obyektlərinin ziyarəti yer alıb. Bu detal mədəni irsin postmünaqişə dövründəki siyasi çəkisi baxımından analizə layiqdir. Uzunmüddətli münaqişə və mənfi mədəni yaddaş yaşamış ərazilərdə tarixi-mədəni abidələrin qorunması ölkələr arasında "zeytun budağı" rolunu oynaya, qeyri-rəsmi diplomatik kanal kimi fəaliyyət göstərə bilər. Məscid və kilsələrin birgə ziyarəti həm də kollektiv yaddaşın tənzimlənməsi məsələsinə toxunur: münaqişədən sonrakı cəmiyyətlərdə keçmişin həddindən artıq çox və ya həddindən artıq az xatırlanmasının hər ikisi problem yarada bilər. Bu baxımdan, diplomatik turların mədəni irs komponenti tərəflərə və beynəlxalq ictimaiyyətə "irs qorunur" mesajını ötürməklə yanaşı, gələcək münasibətlərin simvolik əsaslarını da hazırlayır.

***

Bununla yanaşı, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfəri başa çatıb və bu, diplomatik korpusun işğaldan azad edilmiş ərazilərə sayca 22-ci səfəridir. Səfərlər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işlərinin nəticələri, regionun sosial-iqtisadi inkişafı və tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlərlə yerində tanışlıq imkanı yaradır.

22 səfər artıq sistemli, institusionallaşmış "yoxlama diplomatiyası"dır. Onun funksiyası beynəlxalq ictimaiyyətin informasiya boşluğunu aradan qaldırmaq və postmünaqişə reallığı barədə təsəvvürləri canlı müşahidə əsasında formalaşdırmaqdır. Qrononun bu missiyaya ilk dəfə qoşulması o deməkdir ki, Aİ səviyyəsində həmin turlar etibarlı məlumat mənbəyi kimi qəbul olunur. Xüsusən də Brüsselin özünün "məsləhətləşmə və yerli potensial" xəttinə üstünlük verdiyi bir dövrdə. Eyni zamanda, səfər Qronoya Qarabağın qayıdış və bərpa mənzərəsini "yerində" görmək imkanı verib ki, bu da onu İrəvandakı görüşlərə – Ermənistan rəsmiləri və vətəndaş cəmiyyəti ilə dialoqa daha hazırlıqlı aparıb.

Qrononun səfəri Aİ-nin sülh prosesindəki yerinin hazırkı vəziyyətini üç cəhətdən işıqlandırır. Birincisi, Brüssel danışıqların əsas vasitəçisi olmaq iddiasından keçərək, "dəstək və asanlaşdırma" formatına keçib; bu yanaşma onun üçün ən az riskli və ən əlçatan mövqedir. İkincisi, tərəflərin vasitəçiliyə utilitar yanaşması fonunda Aİ-nin təsirinin dayanıqlı olub-olmayacağı şübhə altındadır – 2025-ci ildə ABŞ-ın prosesə daxil olması ilə Brüssel artıq arxa plana keçib. Üçüncüsü, Aİ-nin real töhfə sahələri humanitar dəstək, qayıdış və reinteqrasiya layihələrinin maliyyələşdirilməsi, mədəni irsin qorunması üzrə əməkdaşlıq və bağlantılılıq layihələridir.

Sonuncu istiqamət xüsusi qeyd olunmalıdır. Qrononun açıqlamasında regional əməkdaşlıq və qarşılıqlı əlaqələr ayrıca gündəm maddəsi kimi vurğulanıb. Funksional əməkdaşlıq nəzəriyyəsi dövlətlər arasında konkret sahələr üzrə əməkdaşlığın siyasi qarşıdurmaları yumşaltmaq və ortaq maraq sahələri yaratmaq potensialını göstərir. Aİ məhz bu sahədə – nəqliyyat, enerji, kommunikasiya və ticarət layihələrinin dəstəklənməsində – regiona təklif edə biləcəyi ən konkret resurslara malikdir. Bu baxımdan, keçmiş məcburi köçkünlərlə birbaşa dialoq və yerində müşahidə Aİ üçün "elitadan-elitaya" diplomatiyasından kənarlaşaraq postmünaqişə cəmiyyətinin real səviyyəsinə enmək yoludur. Ümumi nəticə belədir: Aİ hazırkı mərhələdə sülh müqaviləsinin imzalanması prosesinə başçılıq edə bilməsə də, humanitar ölçüdə, qayıdış dəstəyində, mədəni irsin mühafizəsində və qarşılıqlı əlaqələrin artırılması layihələrində cəmiyyət səviyyəsində sülhün möhkəmlənməsinə real töhfə verə bilər. Qrononun Bakıda üç rəsmi şəxslə görüşü, Qarabağda keçmiş köçkünlərlə təması, məscid və kilsələri ziyarəti və ertəsi gün İrəvanda davam edəcək dialoqu – bütün bunlar Brüsselin prosesdən tam kənarda qalmaq istəmədiyini, lakin artıq "memar" deyil, "qarant və dəstəkçi" kimi çıxış etməyə hazır olduğunu göstərir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə

doktoru, dosent

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью