Bakı danışıqları göstərdi ki, ABŞ Azərbaycana qlobal gündəmdə söz sahibi olan dövlət kimi yanaşır Ekspert

13.02.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 13 fevral, AZƏRTAC

Fevralın 10-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens arasında geniş tərkibli görüşün keçirilməsi, ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması həm Azərbaycan, həm də bütövlükdə Cənubi Qafqaz regionu üçün ciddi əhəmiyyətə malikdir. Bu sənəd Azərbaycanla ABŞ arasında münasibətlərin strateji səviyyədə möhkəmlənməsini təmin edir, həmçinin enerji təhlükəsizliyi, ticarət, texnoloji əməkdaşlıq və investisiya sahələrində yeni perspektivlər açır. Paralel olaraq, Cənubi Qafqazda sülhün və sabitliyin gücləndirilməsi üçün əməkdaşlıq mexanizmləri formalaşdırır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

“Danışıqların ruhu, imzalanmış Xartiyanın müddəaları göstərir ki, ABŞ Azərbaycana regional təhlükəsizliyi, iqtisadi inkişafı və inteqrasiyanı təmin edə biləcək qüdrətli aktor kimi yanaşır. Yardım axtaran, kömək istəyən ölkə kimi deyil, öz qüdrətini genişləndirmək siyasəti yürüdən dövlət kimi münasibət bəsləyir. Təsadüfi deyil ki, Vitse-prezident Vens ABŞ-la Azərbaycan arasında strateji dialoqun dərinləşdirilməsinin vacibliyini önə çəkir, iki dövlətin suverenlik, müstəqillik və ərazi bütövlüyünün qarşılıqlı dəstəklənməsini ehtiva edən strateji sənədlərə imza atır, münasibətləri “uzunmüddətli, əsaslı tərəfdaşlıq” kimi xarakterizə edir”, - deyə M.Ələsgərli vurğulayıb.

Ekspert aparılan təhlilləri misal çəkərək bildirib ki, ABŞ rəhbərliyinin bu qənaətə gəlməsi ciddi təcrübəyə əsaslanır. Azərbaycan uzun illərdir qlobal terrorizmə qarşı mübarizədə etibarlı tərəfdaş kimi çıxış edib, kənar təsir və təzyiqlərə baxmayaraq, həm enerji, həm nəqliyyat layihələrini ardıcıl şəkildə reallaşdırıb. Məhz bu prinsipial və sabit siyasət ölkəmizin beynəlxalq imicini möhkəmləndirib, onu etibarlı və proqnozlaşdırılabilən tərəfdaş kimi tanıdıb. Bu baxımdan ABŞ Azərbaycanla neft, qaz, elektrik energetikası sahələrində əməkdaşlığı dərinləşdirmək, biznes mühitini yaxşılaşdırmaq, ticarət və investisiya axınlarını artırmaq istəyini ifadə edir. Paralel olaraq, regional inkişaf və sabitliyi təmin etmək üçün zəmanətli tərəfdaş qismində dialoq qurur.

ABŞ-ın Vitse-prezidenti ilə Bakıda keçirilən görüş çərçivəsində verilən bəyanatlar və imzalanan sənədlər Azərbaycanın beynəlxalq sistemdə mövqeyinin möhkəmləndiyini təsdiqləyir. Ölkəmiz artıq regional çərçivəni aşaraq qlobal gündəmdə söz sahibi olan, orta güc statusunu praktik nəticələrlə təsdiqləyən dövlət kimi çıxış edir. Bu strateji tərəfdaşlıq isə həmin mövqenin siyasi-hüquqi təsbitidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью