Bakı Daşkənd əbədi dostluğunun quruculuq üfüqləri

26.08.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan ilə Özbəkistan arasında münasibətlər iqtisadi maraqların, investisiyaların, texnologiyaların və birgə layihələrin üzərində möhkəmlənən genişmiqyaslı tərəfdaşlığa çevrilir. Avqustun 23-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” bu münasibətlərin siyasi mahiyyətini müəyyənləşdirməklə yanaşı, iqtisadi əməkdaşlığın gələcək konturlarını da aydın şəkildə ortaya qoydu.

Bu mənada “Əbədi dostluq” ifadəsi sadəcə siyasi münasibətlərin təsviri kimi qəbul edilə bilməz. Çünki müasir dünyada dövlətlər arasında dostluğun davamlılığını təmin edən əsas dayaqlardan biri iqtisadi qarşılıqlı asılılıqdır. Birgə investisiyalar, ortaq müəssisələr, ticarət əlaqələri və biznes dairələri arasında formalaşan bağlar siyasi münasibətlərin iqtisadi dayaqlarını möhkəmləndirir. Azərbaycan və Özbəkistanın imzaladığı sənəd də məhz belə bir iqtisadi gələcəyə yol açır.

Sürətlə yüksələn əməkdaşlıq

Son illərin rəqəmləri göstərir ki, Bakı ilə Daşkənd arasında iqtisadi əlaqələr artıq nəzərəçarpacaq dinamika qazanıb. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 3 dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar-may aylarında isə ticarət dövriyyəsində illik müqayisədə 33 faizlik artım qeydə alınıb və göstərici 144 milyon dollara yüksəlib.

İndi qarşıya daha böyük hədəf qoyulur: 2030-cu ilədək qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması. Bu hədəf barədə Prezident Şavkat Mirziyoyev də çıxışında danışıb və iki ölkənin həmin istiqamətdə birgə çalışacağını bildirib. Səfər çərçivəsində 2030-cu ilədək əmtəə dövriyyəsinin 1 milyard dollara çatdırılmasına dair xüsusi proqramın imzalanması isə bu rəqəmi siyasi bəyanatdan konkret fəaliyyət istiqamətinə çevirir.

Digər önəmli məqam isə Azərbaycan–Özbəkistan İnvestisiya Fondu ilə bağlıdır. Bu, 500 milyon ABŞ dolları nizamnamə kapitalı olan birgə dövlət investisiya şirkətidir. Əsas məqsədi iki ölkənin iqtisadiyyatları üçün strateji əhəmiyyət daşıyan layihələrə birbaşa kapital yatırmaq, birgə müəssisələrin yaradılmasını və qarşılıqlı investisiyaların genişlənməsini təmin etməkdir. Yəni Azərbaycan şirkəti Özbəkistanda, Özbəkistan şirkəti Azərbaycanda layihə həyata keçirəndə fond həmin layihəyə maliyyə kapitalı ilə daxil ola bilər. Fondun fəaliyyətində əsas istiqamətlər arasında maliyyə xidmətləri, nəqliyyat və logistika, energetika, istehsal, səhiyyə, əczaçılıq, biotexnologiya, fintech, İT və təhsil kimi sahələr göstərilir. Fondun əsas üstünlüyü ondan ibarətdir ki, bu, ənənəvi dövlət subsidiyası və ya kredit mexanizmi deyil. İnvestisiya şirkəti kimi layihəyə kapital qoyur və həmin layihənin gələcək iqtisadi nəticəsində iştirak edir.

Prezident İlham Əliyev avqustun 23-də Ali Dövlətlərarası Şuranın üçüncü iclasında bildirdi ki, 500 milyon dollarlıq kapitalın təxminən 160 milyon dolları üzrə artıq investisiya istiqamətləri müəyyənləşdirilib və fondun yeni əməkdaşlıq istiqamətlərini maliyyələşdirməsi gözlənilir. Dövlət başçısı Azərbaycanla müxtəlif ölkələr arasında mövcud investisiya formatları içərisində fondu “ən səmərəli və nəticəyönümlü” fond kimi xarakterizə edib.

Fondun 500 milyon dollarlıq kapitalı ümumi investisiya portfelinin yuxarı həddi deyil. Artıq müqavilələşmiş və planlaşdırılan layihələrin ümumi həcmi bundan xeyli böyükdür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məsələn, Özbəkistanın turizm sektoruna 5 milyard dollarlıq investisiya planları mövcuddur və Daşkənddəki bəzi hotel və yaşayış layihələri fondun çərçivəsindən kənarda həyata keçirilir. Bu isə fondun bir növ “ilk kapital” və katalizator rolunu oynadığını göstərir.

“Əbədi dostluq” gələcəyin üfüqləri

Müqavilənin mühüm xüsusiyyətlərindən biri də onun iqtisadi əməkdaşlığa ənənəvi sahələrdən daha geniş prizmadan yanaşmasıdır. Enerji və nəqliyyatla yanaşı, rəqəmsal inkişaf, elektron ticarət, informasiya-kommunikasiya texnologiyaları və kosmik texnologiyalar kimi yeni iqtisadiyyatın əsas istiqamətləri də əməkdaşlığın prioritet sahələri sırasına daxil edilir.

Bu, xüsusilə diqqətçəkən məqamdır. Çünki XXI əsrin iqtisadi rəqabəti artıq sərvətlərin həcmi ilə yanaşı, texnologiyaların, məlumatların və innovasiyaların dövriyyəsi üzərində qurulur. Azərbaycan və Özbəkistan kimi sürətlə transformasiya olunan iqtisadiyyatlar üçün rəqəmsal əməkdaşlıq yeni bazarlara çıxış, xidmət ixracı və texnoloji kooperasiya baxımından ciddi imkanlar yarada bilər. Kosmik texnologiyalar üzrə əməkdaşlığın sənəddə ayrıca yer alması da təsadüfi deyil. Azərbaycan kosmik sənaye sahəsində müəyyən təcrübə toplayıb, Özbəkistan isə kosmik və rəqəmsal texnologiyalar istiqamətində öz imkanlarını genişləndirir. Bu resursların bir araya gətirilməsi gələcəkdə peyk xidmətləri, telekommunikasiya, yerüstü müşahidə, rəqəmsal xidmətlər və digər yüksək texnologiyalı sahələrdə birgə layihələr üçün zəmin yarada bilər.

Azərbaycan şirkətləri Özbəkistanda

İqtisadi münasibətlərin yeni mərhələsinin ən mühüm göstəricilərindən biri Azərbaycan şirkətlərinin Özbəkistan bazarında mövqelərinin genişlənməsidir. Prezident İlham Əliyevin Daşkənddəki çıxışında Azərbaycan bankının Özbəkistan bazarına daxil olması və SOCAR-ın ölkənin pərakəndə yanacaq bazarında fəaliyyətə başlaması xüsusi vurğulanıb. Dövlət başçısı qeyd edib ki, artıq iki ölkə arasında münasibətlər gələcək perspektivlərdən danışmaq mərhələsinə keçib və konkret biznes layihələri üzərində qurulur. Təsadüfi deyil ki, avqustun 23-də Azərbaycan və Özbəkistan liderlərinin onlayn formatda iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı oldu. Layihə ABB-nin Özbəkistanın kommersiya banklarından olan Davr Bankın əsas nəzarət səhm paketini əldə edərək bu ölkənin bazarında “ABB Davr” Bank adı ilə fəaliyyətini nəzərdə tutur. Xatırladaq ki, avqustun 22-də Daşkənddə təşkil olunmuş IV Özbəkistan-Azərbaycan regionlararası forumunda anlaşma sənədi imzalamışdılar. Beləliklə, layihəyə start verildi. Bank “ABB Davr” Bank brendi ilə Özbəkistanın bütün regionlarında korporativ və fərdi müştərilərə universal maliyyə xidmətləri göstərəcək. 40 milyona yaxın əhalisi olan, iqtisadiyyatı ardıcıl sürətlə inkişaf edən Özbəkistanın bank sektorunda yeni təcrübələr yaratmağa çalışacaq. Xüsusilə ölkədəki kiçik və orta bizneslərin inkişafı üçün əlavə imkanlar açacaq.

Qarabağ qardaşlığa töhfə meydanıdır

Azərbaycan-Özbəkistan iqtisadi münasibətlərinin ən təsirli səhifələrindən biri Qarabağ və Şərqi Zəngəzurun bərpasında Özbəkistanın iştirakı ilə bağlıdır. Prezident İlham Əliyev Daşkənddə mətbuata bəyanatında Prezident Şavkat Mirziyoyevin Qarabağa investisiyaların cəlb edilməsində xüsusi rolunu vurğulayıb. Dövlət başçısının sözlərinə görə, ilk yardım məhz Özbəkistandan gəlib. Füzulidə 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin tikintisi və Xankəndidə tikiş istehsalına yatırılan investisiyalar bunun ilk nümunələri olub.

Füzulidəki məktəb bu münasibətlərin humanitar tərəfini, Xankəndidəki istehsal layihəsi isə birbaşa iqtisadi mahiyyətini ortaya qoyur. Bu iki istiqamət bir araya gələndə Azərbaycan-Özbəkistan münasibətlərinin modelini daha aydın görmək mümkündür: dostluq siyasi bəyanat səviyyəsində qalmır, məktəbdə, fabrikdə, biznes layihəsində və yeni iş yerlərində real məzmuna çevrilir.

Daha maraqlısı isə budur ki, Özbəkistanın Qarabağdakı iştirakı qarşıdakı dövrdə genişlənə bilər. Çünki Daşkənd üçün Qarabağ Azərbaycan iqtisadiyyatının bərpası ilə yanaşı, yeni investisiya imkanlarının yarandığı bir məkan, Bakı üçün isə Özbəkistan regionun bərpasına real töhfə verən dost və strateji tərəfdaşdır.

Bütün sadalananları nəzərə alaraq, avqustun 23-də imzalanan sənədlər bir səfərin nəticələrindən daha böyük məna daşıyır. Qarşıdakı illərdə Azərbaycan və Özbəkistan arasında daha çox investisiya, daha çox ticarət, birgə istehsal və daha geniş logistika əlaqələri formalaşarsa, bunun əsasında məhz bu gün atılan addımlar dayanacaq. Əbədi dostluğun ən möhkəm təminatı isə zaman keçdikcə insanların və dövlətlərin həyatında görünən, ölçülən və hiss olunan iqtisadi nəticələr olacaq.

Nurlan ABDALOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью