Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Azərbaycan-Özbəkistan münasibətləri hazırda ən yüksək səviyyəyə çatıb. İki ölkə rəsmi olaraq müttəfiqdir, amma bu, təkcə sənəd üzərində deyil. Bakı- Daşkənd münasibətləri son illər ən müxtəlif sahələrdə dinamik inkişaf edir, əməkdaşlıq sahələri genişləndirilir. Cənubi Qafqazın və Mərkəzi Asiyanın aparıcı dövlətləri olan Azərbaycan və Özbəkistanın əməkdaşlığı həm də iki region arasında əlaqələrin inkişafına mühüm töhfə verir. Münasibətlərdəki bu yüksəliş, şübhəsiz ki, liderlər arasında formalaşmış dostluq və qardaşlıq əlaqələrinin, uzaqgörən siyasətin və qarşılıqlı səfərlərin nəticəsidir. Burada tarixi köklər, mənəvi dəyərlər və iki xalqı bir-birinə yaxınlaşdıran oxşar cəhətlər də mühüm rol oynayır.
Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri Bakı-Daşkənd əməkdaşlığında tamamilə yeni bir səhifə açır. Dövlət başçısı hələ səfərdən əvvəl bu ölkənin Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsi zamanı Azərbaycan-Özbəkistan münasibətlərini qiymətləndirərkən deyib:
“İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb”.
Dövlət başçısı əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında liderlər arasında mövcud münasibətlərin də rolunu qeyd edib: “Özbəkistan Prezidenti, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyev ilə mənim aramda mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır”.
Azərbaycan lideri son beş ildə Özbəkistana üçü dövlət səfəri olmaqla, ümumilikdə yeddi dəfə səfər edib. Hər səfər isə münasibətləri daha da sıxlaşdırıb, əməkdaşlığı daha da gücləndirib, yeni imkanlar səhifəsi açıb.
2023-cü ilin avqust ayında təsis edilmiş Ali Dövlətlərarası Şura Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrildi. Bu platforma ölkələrimiz arasında uzunmüddətli əməkdaşlıq prioritetlərini müəyyənləşdirməyə, yeni təşəbbüslərin təşviqinə və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin səmərəli şəkildə əlaqələndirilməsinə xidmət edir. Şuranın artıq Daşkənddə və Bakıda keçirilən iki iclası Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək inkişaf tempini, siyasi dialoqun ardıcıllığını və ölkələrimizin perspektivə hesablanmış birgə fəaliyyət əzmini nümayiş etdirir.
Son illərdə iqtisadi-ticari əməkdaşlıqda da sürətli dinamika özünü göstərir. Belə ki, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar-may aylarında isə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollar təşkil edib.
Prezidentin müsahibəsində eyd etdiyi kimi, üç il əvvəl 500 milyon ABŞ dolları məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib. Şirkət həm Azərbaycanda, həm də Özbəkistanda iqtisadiyyatın müxtəlif sektorlarında perspektivli layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə əhəmiyyətli töhfə verir.
İki ölkənin əməkdaşlığında üstün cəhətlərdən biri də budur ki, siyasi, ticari-iqtisadi, investisiya, sənaye, nəqliyyat, logistika, enerji əlaqələri qədər mədəniyyət və humanitar sahələr də böyük önəm daşımaqla, strateji körpü rolunu oynayır, xalqlar arasında həqiqi dostluğu möhkəmləndirir.
Qarşılqılı mədəniyyəti günlərinin, o cümlədən Xivədə “Şuşa Günləri”nin keçirilməsi, Bakıda təməli qoyulan “Özbəkistan” parkı, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən təşəbbüslər və layihələr iki ölkə arasında mədəni və humanitar əməkdaşlığın genişləndirilməsində böyük əhəmiyyətə malikdir.
Qardaş Özbəkistanın azad edilmiş ərazilərə töhfəsi isə xüsusi qeyd edilməlidir. Belə ki, Füzuli şəhərində fəaliyyət göstərən Mirzə Uluqbəy adına orta məktəb təhsil sahəsində əməkdaşlığın ən parlaq nümunələrindən biridir və ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin daha bir təzahürüdür.
Beləliklə, yuxarıda qeyd etdiyimiz kimi, Bakı-Daşkənd münasibətlərinin yüksələn xətlə inkişafı təkcə iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Mərkəzi Asiya, eləcə də Türk dünyası üçün strateji əhəmiyyət daşıyır.
Pərvanə Sultanova