525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün dünyanın sayılıb-seçilən, müstəqil, qüdrətli, ərazi bütövlüyünü, suverenliyini təmin etmiş bir dövləti səviyyəsinə yüksəlmiş Azərbaycanın inkişaf strategiyasını möhkəm təməllər üzərində hazırlamış və bu strategiyanın gerçəkləşdirilməsi yollarını göstərmiş Ümummilli liderimiz Heydər Əliyevin fikrincə, "təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir... cəmiyyət təhsilsiz inkişaf edə bilməz". Ümummilli liderimizin hər bir fikri, sözün həqiqi mənasında zamanında da, bu gün də və sabah da klassik məzmun daşıyır və daşıyacaq. Ulu öndərin təhsilə verdiyi bu qiymət müasir zamanın çağırışları sistemində çox vacib bir faktor kimi səslənməkdədir.
Bəs "dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsi" olan təhsil necə formalaşır, harada reallaşır? Bu sualın əsrlərdən gələn bir cavabı var: məktəblərdə, ali təhsil müəssisələrində. Bu təhsil sistemində isə Universitet anlayışı ilk sırada dayanır. "Universitet" sözü bir alınma termin kimi əksər xalqların dilində eyni şəkildə işlənir. Və universitet deyilən nüfuzlu elm və tədris müəssisəsi öz fəaliyyəti ilə yalnız əməkdaşlarının, tələbələrinin deyil, bütöv bir xalqın müqəddəs saydığı ocaqdır.
Azərbaycanda bu müqəddəs elm və təhsil ocağının təməli 107 il bundan əvvəl qoyuldu. 107 il əvvəl cəmi 2 fakültə, 44 nəfər professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan Bakı Dövlət Universiteti bu gün 25 mindən çox tələbəsi və 1500 nəfərədək professor-müəllim heyəti, region filialı, kolleci, liseyi ilə Qafqazın aparıcı təhsil müəssisəsidir. Bu gün BDU-da 16 fakültə, 114 kafedra, SABAH mərkəzi, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Akademiyası, müasir avadanlıqlarla təmin olunmuş 30 elmi-tədqiqat laboratoriyası, 11 elmi araşdırma mərkəzi, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, müxtəlif sahələrə dair 5 muzey, 3 beynəlxalq institut və mərkəz ilə fəaliyyət göstərir. Universitetin nəzdində hər il bütün buraxılış şagirdlərinin yüksək bal göstəriciləri ölkə və xarici universitetlərə qəbul olunması ilə seçilən "Gənc isdedadlar" liseyi fəaliyyət göstərir. Bu yerdə Ulu öndər Heydər Əliyevin daha bir klassik fikrinə müraciət etməli olacağıq: "Azərbaycan elminin tarixi böyükdür. Əsrlərdən-əsrlərə Azərbaycanın elm adamları ixtiralar edib, dünya elminə böyük töhfələr veriblər və Azərbaycanın bilik, elm səviyyəsini qaldırıblar. XX əsrin əvvəlindən Azərbaycanda elmi müəssisələr yaranıb, 1919-cu ildə ilk Universitet yaranıbdır. Bu universitet həm yüksək təhsil ocağı, həm də Azərbaycan elmini birləşdirən, onu inkişaf etdirən böyük bir müəssisə, böyük elm ocağı olubdur". Bakı Dövlət Universiteti haqqında ürəkdolusu deyilmiş bu sözlərdən sonra Ulu öndər başqa bir çıxışında deyirdi: "Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır".
Azərbaycanın bütün sahələrdə inkişafı ilə bağlı Ulu öndər Heydər Əliyev məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin fikirləri də Universitetimizin şərəfli tarixinə sevginin parlaq ifadəsidir: "Bakı Dövlət Universiteti yüksək ixtisaslı milli kadrların hazırlanması, yeni-yeni elmi istiqamətlərin formalaşdırılması, dünya təhsil məkanına inteqrasiya, eləcə də mədəni-mənəvi dəyərlərimizin yaradılması yolunda boynuna düşən vəzifələri ləyaqətlə yerinə yetirir"...
Bakı Dövlət Universiteti Prezident İlham Əliyevin bu etimadını çağdaş günlərimizdə daha artıq fakt göstəriciləri ilə doğrultmağa səy göstərməkdədir.
Onu da etiraf edək ki, bu gün elm və təhsillə bağlı zamanın çağırışları daha mürəkkəbdir, daha aktualdır və bu çağırışlar son dərəcə ciddi, məsuliyyətli, taleyüklü yanaşma tələb edir. Universitetin bugünkü rəhbərliyi - başda rektor Elçin Babayev olmaqla, hər kəs bu çağırışlara cavabı ilə diqqət çəkir. Təsadüfi deyil ki, zamanın yeni çağırışlarına sarsılmaz diqqətin göstəricilərindən biri dünya universitetlərinin reytinq sırasında Bakı Dövlət Universitetinin inamlı və ardıcıl irəliləməsidir.
Zamanın çağırışları sırasında Universitetdə elmin və təhsilin vəhdəti, tədqiqat universitetinə qoyulan tələblər ilk sırada durur. Bu gün universitetdə hazırlanan kadrlar zamanın tələblərinə uyğun olaraq rəqəmsallaşma, süni intellekt, yeni elmi kəşflər və ixtiralarla bağlı problemləri dərk etməli və özlərinin gələcək idarəçilik işlərində bunlara sahib olduqlarını sübut etməlidirlər.
Bakı Dövlət Universitetinin Böyük Elmi Şurası öz səmərəli fəaliyyəti ilə bu proseslərdə aktiv rol oynayır. Bütün görülmüş işlər və bütün reallaşacaq hədəflər birbaşa Böyük Elmi Şuranın ciddi müzakirəsi, ortaq qərarların nəticəsi fonunda formalaşır. Ən azı ayda bir dəfə, bəzən iki dəfə yığışan Elmi Şuranın hər iclasında Universitetin bölmə rəhbərlərindən biri və ya bir fakültə dekanı görülən işlərlə bağlı hesabat təqdim edir. Ciddi müzakirələr şəraitində keçən bu hesabatlarda tədrisin və elmin inkişafı problemləri, beynəlxalq formatlara inteqrasiya ilk sırada dayanır və gələcək planlar müəyyənləşdirilir.
BDU həyatında maraqlı faktlardan bir sıra fakültə və kafedraların müasir çağırışlara uyğun məzmun kəsb edən adlarının və eləcə də yalnız adlarının deyil, görülən işlərin məzmununun yenilənməsidir. Məsələn, əvvəllər Kitabxanaçılıq-informasiya adlanan fakültə indi "İnformasiya və sənəd menecmenti" kimi yeni bir adla fəaliyyət göstərir, fakültədə "Kitabxanaçılıq və informasiya fəaliyyəti" ixtisası ilə yanaşı, artıq dördüncü ildir ki, "Muzey, arxiv işi və abidələrin qorunması" ixtisası üzrə də kadr hazılığı aparılır. Yaxud, əvvəllər "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi" adlanan kafedra 2023-cü ildən "Yeni Media və Kommunikasiya", "Televiziya və radio jurnalistikası" kafedrası "Multimedia və elektron kommunikasiya" kafedrası adlandırılıb. Belə misalları çox çəkmək olar...
BDU-nun yeni çağırışlara cavab verən fəaliyyəti istiqamətində əsas məsələlərdən biri də elmin və təhsilin dünyaya daha geniş, əhatəli inteqrasiyası məsələsidir. Universitet rəhbərliyi artıq beş ildən çoxdur ki, tədris və elmin vəhdətini formalaşdırmaq istiqamətində bir sıra yeni strukturlar yaratmaq və ya əvvəlki strukturların yenilənməsi ilə bağlı əməli addımlar atır. Son illərdə yaradılmış Elmi-Texniki Yaradıcılıq Mərkəzi, "You Will Speak" Dil Mərkəzi, "Eko Məkan", "Tələbə Məkanı" kimi qurumlar bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Universitetdə yalnız son iki ildə yaradılmış elm və tədris mərkəzlərinin siyahısı və əlbəttə ki, ilk növbədə məzmunu kifayət qədər əhatəlidir:
1. Oktyabr, 2025: Mədəni İrsi Araşdırmalar Mərkəzi;
2. Oktyabr, 2025: Arxeologiya Tədris-Tədqiqat Mərkəzi;
3. Oktyabr, 2025: Farmakoloji mikrobiologiya beynəlxalq elmi-tədqiqat laboratoriyası;
4. Fevral, 2026: Qabaqcıl Materialşünaslıq Elmi-Tədqiqat və İnkişaf Mərkəzi;
5. Aprel, 2026: Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası;
6. İyul, 2026: Biotibbi Tədqiqatlar vəTexnologiyalar Mərkəzi;
7. Sentyabr, 2026: Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Akademiyası...
Bakı Dövlət Universiteti xarici universitetlər və digər təhsil qurumları ilə tarixi ənənələri olan əməkdaşlığı son dövrlər daha da genişləndirərək səmərəli nəticələr əldə etməkdədir. Universitetdə fəaliyyət göstərən Azərbaycan-Koreya Kompüter Elmləri Mərkəzi bu sahədə ən yeni praktik bacarıqlara yiyələnmək imkanı yaratmışdır. Belə bir faktı da qeyd etmək yerinə düşər ki, təkcə 2019-2026-cı illərdə beynəlxalq əməkdaşlıq üzrə 250-yə qədər sənəd imzalamışdır. Türkiyə, Çin, Cənubi Koreya, Yaponiya, Pakistan kimi yeni texnologiyaların yaradılması və praktikada tətbiqi sahəsində mühüm göstəricilərə malik ölkələrlə rəsmi əlaqələr Universitetimizin yeni çağırışlara diqqət faktı kimi qiymətləndirilir. Son illər BDU ilə İsrailin Holon Texnologiya İnstitutu və Yerusəlim İbrani Universiteti (HUJI), Çin Xalq Respublikasının Anhui Universiteti, Pekin Kimya Texnologiyası Universiteti, Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti, Amerika Birləşmiş Ştatlarının Linkoln Universiteti, UBIS Universiteti, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti, Qazaxıstanın Ş.Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti və L.N.Qumilyov adına Avrasiya Milli Universiteti kimi nüfuzlu universitetlər arasında ikili diplom proqramları həyata keçirilir.
Bütün bunlar və bu qəbildən olan onlarca faktlar, yuxarıda qeyd etdiyimiz kimi, BDU-nun dünya universitetləri sırasındakı reytinqini irəli aparmaqla aşağıdakı şəkildə formalaşdırmaqdadır: "Quacquarelli Symonds" (QS) tərəfindən açıqlanan "QS World University Rankings 2027" reytinqində BDU 565-ci pillədə qərarlaşaraq, təkcə ölkəmizdə deyil, bütün Cənubi Qafqazın lider universitetinə çevrilib. "QS Avropa 2026" reytinqində 278-ci, "QS Western Asiya 2026" reytinqində isə 13-cü yerdə qərarlaşıb. Universitet, həmçinin "QS Master`s in Management" reytinqində ilk dəfə 201+ mövqedə təmsil olunub.
"QS World University Rankings by Subject" nəticələrinə əsasən, BDU təbiət elmləri üzrə 401-500, mühəndislik və texnologiya üzrə 501-550-ci mövqelərdə qərarlaşıb. Dar ixtisas sahələrində neft və qaz mühəndisliyi üzrə 51-100, müasir dillər üzrə 151-200, riyaziyyat üzrə 251-300, hüquq üzrə 301-350, kimya mühəndisliyi üzrə 401-450, fizika və astronomiya üzrə 401-450, kimya üzrə 451-500, kompüter elmləri və informasiya sistemləri üzrə 601-650-ci diapazonlarda təmsil olunub.
Dayanıqlı inkişaf sahəsində əldə olunan nəticələr ayrıca əhəmiyyət daşıyır. "THE Sustainability Impact Rankings 2026" reytinqində BDU tarixində ilk dəfə dünyanın TOP-200 universiteti sırasına daxil olaraq 101-200-cü mövqelər arasında qərarlaşıb; əvvəlki il universitet 401-600-cü diapazonda yer almışdı. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə BDU "Yoxsulluğa son" istiqamətində dünyada 23-cü, "Gender bərabərliyi" üzrə 30-cu, "Bərabərsizliyin azaldılması" üzrə 40-cı, "Keyfiyyətli təhsil" (DM4) üzrə 63-cü, "Sülh, ədalət və güclü institutlar" üzrə isə 92-ci mövqedə qərarlaşıb.
Reytinq dinamikası digər beynəlxalq qiymətləndirmələrdə də özünü göstərir. "Round University Ranking (RUR) 2026" reytinqində BDU əvvəlki illə müqayisədə 189 pillə irəliləyərək 636-cı mövqeyə yüksəlib.
Bu il Bakı Dövlət Universiteti "The World University Rankings 2027"də 1601-1800 diapazonunda yer alıb. BDU-nun THE Sustainability Impact Rankings 2026 nəticələri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Universitet bu reytinqdə dünyanın TOP-200 ali məktəbi sırasına daxil olaraq 101-200-cü mövqelərdə qərarlaşıb.
Bakı Dövlət Universitetinin internet saytında mütəmadi olaraq yeniləşən və ictimaiyyətə çatdırılan bütün bu göstəriciləri mühüm və yeni hadisələrlə davam edir. Bu məqamda Universitetin tədris binalarının 2023-cü ildən başlanan və hələ davam edən hadisə səviyyəsində təmir işlərindən danışmaq istərdik. Və biz bu təmir işlərini əbəs yerə "hadisə"adlandırmırıq. Bu keyfiyyətlli, peşəkar təmir işləri o qədər səmərəli və o qədər məzmunludur ki, onu hadisə adlandırmamaq mümkün deyil. Bu mükəmməl təmir prosesi ilə yenilənmiş, zamanın çağırışlarına cavab verən müasir avadanlıqlarla təhciz olunmuş Universitetin modern auditoriyaları bu gün təhsilin keyfiyyətinin yüksəlməsində, biliklərin mənimsənilməsində mühüm rol oynayır.
Universitetin "yataqxanalar" zonasında yaradılan "Tələbə evi" də bu mənada diqqəti xüsusi cəlb edir. Əvvəla ona görə ki, bu "tələbə evi" yeni tikinti və təmir sistemində tarixən birincidir, ikincisi, yəqin ilk dəfədir ki, "tələbə yataqxanası" kimi indiyədək düzgün formalaşmamış bir anlayış öz həqiqi leksik mənasını məhz bu binada tapmışdır. BDU rəhbərliyi "yataqxananı" "tələbə evi" kimi çox dəyərli bir formata salmaqla, yəqin ki, Universitetdə bir ilkə imza atdı.
Tədris korpuslarındakı təmir prosesi Azərbaycan ali məktəblərinin flaqmanı olan Bakı Dövlət Universitetini xarici və daxili məzmunu ilə bu gün tələbələrimizin və xarici qonaqlarımızın gözündə daha da ucaltmaqdadır. Bugünkü təmir prosesi universitetin xarici və daxili məzmununu vəhdət halında birləşdirir. Universitetin daxili strukturunda da əhəmiyyətli yeniliklər edilmişdir: Universitetin milyonlarla kitab və digər sənədləri özündə əks etdirən kitabxanası təmir olunmuş, müasir avadanlıqlarla təmin edilmiş, burada professor-müəllim heyətinin, tələbələrin istifadəsi üçün zamanın yeni çağırışlarına cavab verən hər cür şərait yaradılmışdır.
Universitetin təmir olunmuş tədris korpuslarındakı auditoriyalar ağıllı lövhələr və proyektorlarla təmin edilmişdir. Korpuslarda yerləşən bütün dekanlıq və kafedralarda ən yeni mebel komplekti quraşdırılmışdır. Bu strukturların hamısı yeni kompüter və noutbuklarla təmin edilmişdir. İstilik sistemi yenilənmiş, auditoriya və inzibati otaqlarda kondisionerlər quraşdırılmışdır. Bu sayaq faktların formalaşdığı universitetin ayrı-ayrı dövlət və özəl qurumlarla ənənəvi əlaqəsi son illərdə daha da artmışdır. Bu əlaqələrin nəticəsi kimi bir sıra fakültələrdə həmin qurumların xüsusi auditoriyaları yaradılıb. Məsələn, təkcə Jurnalistika fakültəsində yaradılmış "Füyuzat" Media Mərkəzi", "Xalq qəzeti" debat otağı", "AZƏRtac-ın Bakı Dövlət Universitetində xüsusi auditoriyası", "ARB 24 NEWSLAB", "Mətbuat Şurası otağı", "Milli Mətbuat tarixi auditoriyası", "Tədris teleradio studiyası", "Media Yayım Şurası"nın Bakı Dövlət Universitetində xüsusi auditoriyası" kimi otaqlar tədris prosesini daha maraqlı edir, bilik və bacarıqların tədrisində və mənimsənilməsində mühüm praktik rol oynayır. Qeyd edək ki, bu gün xüsusilə dəqiq elmlərə dair fakültələrdə zamanın yeni çağırışları və bu çağırışlara cavablar daha ciddi əhəmiyyət kəsb etməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 noyabr 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş mərasimdəki çıxışında Universitetimizin yaradılması və tarixi əhəmiyyəti, məzunları və ölkənin inkişafında bu kadrların yeri və rolu, təhsil və kadr hazırlığının yeni vəzifələri barədə qiymətli fikirlər söyləmişdir. Dövlət başçısının bu qiymətli fikirləri BDU kollektivini daha da məsuliyyətlə çalışmağa, ölkəmizin inkişafı naminə öz potensialını daha əzmlə nümayiş etdirməyə sövq etmişdir: "Müəllimlər tələbələrə nəinki bilik verməlidir, onları tərbiyə də etməlidirlər... Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır. Biz ideoloji işə yenidən baxmalıyıq... Gənclər tarixi yaxşı bilməlidirlər. Müəllimlər bu tarixi onlara çatdırmalıdırlar ki, həm də Azərbaycan gələcəkdə heç vaxt ağır vəziyyətə düşməsin... Diplom heç nədir - əsas bilik və savaddır. Müasir dünyada bilik olmadan diplom əhəmiyyətsizdir... Yeni peşələr açılır, köhnə peşələrin çoxu sıradan çıxır. Müəllimlərin üzərinə böyük vəzifə düşür ki, tələbələrə bu yeni peşələrə yiyələnmək imkanı yaradılsın; tələbələr daim çalışmalıdırlar"...
Azərbaycan Prezidentinin hələ 7 il bundan əvvəl BDU və onun kollektivi qarşısında qoyduğu bu vəzifələr zamanın mühüm çağırışlarına çevrilmişdir. Bu gün Bakı Dövlət Universitetində çoxsaylı elm və tədris yenilikləri məhz Prezidentimizin bu tezisləri əsasında həyata keçirilir.
Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı kimi qiymətləndirilən Bakı Dövlət Universitetində 107 il bundan əvvəl - noyabrın 15-də tarix-filologiya fakültəsində ümumi tarix fənni üzrə ilk mühazirə oxunub. Biz də dünya universitetləri sırasında öz layiqli yerini tutmuş və göstəricilərini ardıcıl olaraq yüksəldən Bakı Dövlət Universiteti haqqındakı bu məqaləmizi həmin ilk mühazirə gününə həsr edirik.
Doğma Universitetimiz, səninlə hər zaman qürur duyuruq!
Cahangir MƏMMƏDLİ
BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor
Ələmdar CABBARLI
BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent