Bakı dünyaya şüar yox, təcrübə təqdim edir

27.10.2026

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Beynəlxalq siyasətdə ultimatum dilinin getdikcə daha gur eşidildiyi bir dövrdə Bakı dünyaya yenidən fərqli bir yanaşma təqdim edir. Bu, milli ləyaqətə, dövlət suverenliyinə və tarixi yaddaşa söykənən dialoq dilidir. 

Azərbaycan Prezidenti İlham Əliyevin "Ümumi gələcək naminə dialoq" mövzusuna həsr olunmuş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışı sadəcə beynəlxalq tədbir iştirakçılarına ünvanlanmış salamlama nitqi deyildi. Dövlət başçısı mahiyyət etibarilə, 35 il ərzində müstəqilliyin ilk illərinin ağır sınaqlarından keçərək beynəlxalq münasibətlər sistemində öz sözünü deyən, nüfuzlu və müstəqil siyasi aktora çevrilmiş Azərbaycanın dövlətçilik fəlsəfəsini ortaya qoydu. Bu fəlsəfənin təməlində isə azərbaycançılıq məfkurəsi dayanır.

Azərbaycançılıq nə etnik mənsubiyyətə əsaslanan məhdud bir anlayış, nə də təntənəli tədbirlərdə səsləndirilən formal bəyanatdır. Bu, dilindən, etnik kökündən və dini etiqadından asılı olmayaraq, ölkə vətəndaşlarını vahid amal ətrafında birləşdirən, vətəndaş həmrəyliyini bütün fərqliliklərdən üstün tutan dəyərlər sistemidir. Həmin ideologiyanın müasir dövlətçilik müstəvisində əsas memarı Ümummilli Lider Heydər Əliyev olmuşdur. Məhz onun siyasi fəaliyyəti dövründə azərbaycançılığın fəlsəfi, elmi və ictimai-siyasi əsasları sistemli məzmun qazanmış, milli kimlik ətrafında aparılan müzakirələrə aydın istiqamət verilmişdir. Ortaya qoyulan başlıca prinsip bundan ibarət idi: Azərbaycana mənsub olmaq üçün hamının eyni mədəniyyətə, dilə və ya dini dünyagörüşünə sahib olması tələb edilmir. Əsas meyar ortaq tarixi taleyi bölüşmək, vətəndaş məsuliyyəti daşımaq və dövlətə sədaqət göstərməkdir.

Əslində, bu dünyagörüşü heç də boş yerdə meydana çıxmayıb. Müasir Azərbaycanın yerləşdiyi coğrafiya əsrlər boyu müxtəlif xalqların, dinlərin və sivilizasiyaların qovuşduğu məkan olub. Qafqaz Albaniyasının zəngin tarixi irsi belə, bu torpaqlarda etnomədəni və dini müxtəlifliyin nə qədər dərin köklərə malik olduğunu göstərir. Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər və Əfşarlar dövlətlərinin siyasi ənənələri, daha sonrakı xanlıqlar dövrü bölgənin dövlətçilik tarixinin müxtəlif mərhələlərini əks etdirir. Xanlıqlar dövründə siyasi parçalanma və xarici təzyiqlər şəraitində müstəqilliyi qorumaq, yerli idarəçilik ənənələrini yaşatmaq istiqamətində göstərilən səylər də bu tarixin mühüm səhifələrindəndir. Bu gün həmin mürəkkəb tarixi irs Azərbaycan dövlətçilik ənənələrinin çoxqatlı inkişaf yolunun ayrılmaz tərkib hissəsi kimi dəyərləndirilir.

Elə buna görə də multikulturalizm Azərbaycan üçün xaricdən gətirilmiş siyasi dəb, yaxud beynəlxalq auditoriyaya hesablanmış görüntü siyasəti deyil. Ölkədə yaşayan müxtəlif etnik qrupların, müsəlman, xristian və yəhudi icmalarının nümayəndələri bir-birindən təcrid olunmuş azlıqlar toplusu deyil, eyni cəmiyyətin, eyni böyük ailənin üzvləridir. Azərbaycançılıq azsaylı xalqların və etnik azlıqların tarixi-mədəni özünəməxsusluğunu qorumaqla onları vahid vətəndaş kimliyi ətrafında birləşdirən ümummilli ideyaya çevrilib. Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin ardıcıl şəkildə davam etdirdiyi siyasi kursun ən mühüm nəticələrindən biri də məhz budur. Milli həmrəylik fərqlilikləri aradan qaldırmaq hesabına deyil, onları ümumi dəyərlər və ortaq məsuliyyət çərçivəsində birləşdirməklə təmin olunur.

Lakin ölkə daxilində möhkəm birliyin mövcudluğu kənardan qaynaqlanan təhlükələri tamamilə aradan qaldırmır. Prezident İlham Əliyev çıxışında cəmiyyətin həmrəyliyini sarsıda biləcək daxili risklərin olmadığını xüsusi vurğulayaraq potensial təhdidlərin məhz xarici mənbələrdən qaynaqlandığına diqqət çəkdi. Üstəlik, müasir dövrdə təhlükələr yalnız birbaşa hərbi müdaxilə ilə məhdudlaşmır. Rəqəmsal əsrdə ideoloji təxribatlar, informasiya manipulyasiyaları, yad siyasi modellərin müxtəlif vasitələrlə cəmiyyətlərə sırınması bir güllə belə atılmadan dövlət institutlarını sarsıtmağa qadirdir. Məhz buna görə ideoloji təhlükəsizlik dövlət sərhədlərinin mühafizəsi qədər strateji əhəmiyyət daşıyır. Müstəqilliyi qorumaq dünyadan təcrid olunmaq demək deyil. Bunun üçün möhkəm milli kimliyə, sağlam ictimai şüura, maariflənməyə və səmimi dialoqla siyasi təzyiq arasındakı fərqi düzgün müəyyənləşdirmək bacarığına ehtiyac var.

Bu yanaşma özünü beynəlxalq münasibətlərdə başqalarına dərs vermək səlahiyyəti ilə çıxış edən qüvvələrə ünvanlanan prinsipial mövqedə də göstərir. Digər dövlətlərə necə yaşamağı, hansı siyasi yolu seçməyi öyrətməyə çalışanlar əvvəlcə güzgüyə baxmalı, öz cəmiyyətlərində yığılıb qalmış problemlərə nəzər salmalıdırlar. Müstəqil dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi siyasi maraqlardan asılı olaraq seçmə qaydada tətbiq edilə bilməz. Suverenlik yalnız müəyyən ölkələrə tanınan imtiyaz, beynəlxalq hüquq isə arzuolunmaz tərəfləri cəzalandırmaq üçün istifadə edilən təzyiq aləti olmamalıdır. Azərbaycanın müdafiə etdiyi prinsip olduqca aydındır: hörmət qarşılıqlı olmalıdır və ikili standartların hökm sürdüyü şəraitdə həqiqi mədəniyyətlərarası dialoqdan danışmaq mümkün deyil.

Bu prinsipial mövqenin arxasında Azərbaycanın yaşadığı ağır və faciəli tarixi təcrübə dayanır. Ölkəmiz onilliklər ərzində Ermənistanın hərbi təcavüzünün və torpaqlarımızın işğalının ağır nəticələri ilə üzləşib. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etsə də, həmin sənədlərin icrasını təmin edəcək təsirli mexanizmlər işə salınmadı. İşğal davam etdiyi halda qətnamələr kağız üzərində qaldı. Beynəlxalq vasitəçilər illərlə sülhdən danışdılar, lakin ədalətin bərpasına nail ola bilmədilər. Məhz bu məqamda mövcud dünya nizamının ən ciddi zəifliklərindən biri bütün çılpaqlığı ilə üzə çıxdı. Məlum oldu ki, beynəlxalq qərarların icrası bir çox hallarda hüquqi normaların məcburiliyindən deyil, nüfuzlu dövlətlərin siyasi iradəsindən asılı vəziyyətə düşür.

Azərbaycan isə vəziyyəti öz gücü və siyasi iradəsi hesabına dəyişdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə, 2023-cü ildə dövlət suverenliyinin tam bərpası və bundan sonra sülh gündəliyinin ardıcıl şəkildə irəli aparılması Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallıq formalaşdırdı. 2025-ci ildə Ermənistanla sülh sazişinin mətninin paraflanması uzun illər davam edən qarşıdurma məntiqindən münasibətlərin normallaşdırılması perspektivinə keçid baxımından mühüm mərhələ oldu. Əlbəttə, bu, bütün problemlərin birdəfəlik aradan qalxması anlamına gəlmir. Lakin Azərbaycan təcrübəsi bir həqiqəti ortaya qoyur: işğalın nəticələri aradan qaldırıldıqda və dayanıqlı sülh üçün siyasi zəmin yarandıqda onilliklərlə davam edən münaqişəyə son qoymaq mümkündür.

Müharibələri doğuran başlıca səbəblər əslində çoxdan məlumdur. Bunlar ayrı-ayrı dövlətlərin özlərini başqalarından üstün hesab etməsi, cəzasızlıq mühitinə arxalanması, hüququ güclə əvəzləməyə çalışmasıdır. Azərbaycanın yaxın tarixi belə yanlış təsəvvürlərin xalqlara hansı ağır bədəllər hesabına başa gəldiyini, eyni zamanda qanuni maraqları müdafiə etmək əzminin nə qədər mühüm olduğunu göstərir. Prezident İlham Əliyev 2026-cı il sentyabrın 1-də Bişkekdə BMT-nin Baş katibi Antonio Quterreşin də iştirak etdiyi "ŞƏT plus" formatlı görüşdə məhz bu qənaəti yenidən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Dövlət başçısı BMT-nin qəbul edilmiş qətnamələrin icrasını təmin etməkdə aciz qaldığını açıq şəkildə bildirdi, Təhlükəsizlik Şurasının qərarlarının həyata keçirilməsi üçün real və işlək mexanizmlərin yaradılmasının vacibliyini vurğuladı.

Bununla belə, dövlətin beynəlxalq nüfuzu yalnız hansı təhlükələri dəf etməsi, hansı sınaqlardan qalib çıxması ilə ölçülmür. Ən azı bunun qədər vacib olan digər məsələ qələbədən sonra dünyaya hansı ideyaları, hansı gələcək modelini təklif etməsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulan Bakı Prosesi mədəniyyətlərarası dialoqu Azərbaycan xarici siyasətinin davamlı və strateji istiqamətlərindən birinə çevirdi. İlk dəfə 2011-ci ildə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu gün yüzdən artıq ölkənin nümayəndələrini bir araya gətirən nüfuzlu beynəlxalq platforma kimi çıxış edir. Söhbət artıq sırf protokol xarakterli diplomatik tədbirlərdən getmir. Bakı müxtəlif mədəniyyətlərin dinc yanaşı yaşaması, qarşılıqlı anlaşma və sülh quruculuğu sahəsində formalaşdırdığı təcrübəni beynəlxalq miqyasda praktik həll yollarının axtarıldığı təsirli əməkdaşlıq platformasına çevirməyə çalışır.

Müstəqilliyin ötən 35 ili ərzində Azərbaycan siyasi institutlarını möhkəmləndirib, iqtisadi müstəqilliyini gücləndirib, müasir nəqliyyat və enerji infrastrukturu yaradıb, müdafiə qabiliyyətini artırıb və beynəlxalq diplomatiyada mövqelərini əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün ölkəmiz getdikcə daha çox orta güc statusuna malik dövlət, yəni milli maraqlarını müstəqil müəyyənləşdirən və regional proseslərin gedişinə real təsir göstərmək imkanına sahib olan siyasi aktor kimi qəbul edilir. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin bu yaxınlarda keçirilmiş sammiti də Bakının artan beynəlxalq çəkisini bir daha nümayiş etdirdi. 2027-ci ildə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin toplantısına ev sahibliyi edəcək. Belə miqyaslı beynəlxalq tədbirlərin keçirilməsi üçün ölkənin həm siyasi nüfuzu, həm də güclü təşkilati potensialı mövcuddur.

Bakının dünyaya ünvanladığı əsas mesajın mahiyyəti də məhz bundadır. Öz ərazi bütövlüyünü və suverenliyini təmin edən, cəmiyyətin birliyini qoruyub saxlayan, kənar geosiyasi layihələrin içərisində öz milli kimliyini və müstəqil siyasi iradəsini itirməyən dövlətin beynəlxalq aləmdə bərabərhüquqlu tərəf kimi söz deməyə tam mənəvi və siyasi əsası var. Ortaq gələcəyi təkəbbür, ideoloji diktat və beynəlxalq hüququn seçmə qaydada tətbiqi üzərində qurmaq mümkün deyil. Belə gələcək yalnız hər bir xalqın milli kimliyinə, hər bir dövlətin suverenliyinə və hər bir cəmiyyətin sülh içində yaşamaq hüququna hörmət göstərilən şəraitdə mümkündür. Azərbaycan dünyaya məhz belə bir dialoq təklif edir. Üstəlik, bu çağırışı sadəcə siyasi bəyanatlarla deyil, özünün keçdiyi tarixi yol, qazandığı təcrübə və yaratdığı reallıqlarla əsaslandırır.

Elçin Alıoğlu

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью