525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Pərvanə SULTANOVA
[email protected]
Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən Prezident İlham Əliyev bir sıra mühüm mesajlar verdi. Dövlət başçısı çıxışında Qarabağ münaqişəsinin həlli prosesinə, beynəlxalq hüququn norma və prinsiplərinə münasibətdə ikili standartlara, eləcə də dialoqun beynəlxalq münasibətlərdə roluna toxundu. Prezidentin səsləndirdiyi fikirlər forumun əsas mövzusu olan mədəniyyətlərarası dialoqun əhəmiyyəti ilə yanaşı, müasir beynəlxalq münasibətlərin aktual məsələlərini də əhatə edib.
Azərbaycanın Forumun keçirildiyi məkan kimi seçilməsi heç də təsadüfi deyil. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən ölkəmiz tarixən müxtəlif mədəniyyətlərin, dinlərin, xalqların dinc yanaşı yaşadığı məkan olub. İndi də bu ənənə davam edir. Azərbaycan bu baxımdan dünyada bir nümunədir.
Dövlət başçısı Forumda bu məqama toxunaraq deyib: "Biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan "Dəmir yumruq" kimi vuruşdular. Beləliklə, birliyin bu cür böyük təzahürü bir daha cəmiyyətimizin durumunu göstərir. Bir daha deyirəm ki, əgər bizdə - Azərbaycanda yaşayan bütün xalqlar arasında qarşılıqlı hörmət, əhatəliliyin real platforması olmasaydı, biz heç zaman uğur qazana bilməzdik. Çox fərəhlənirik ki, həmin dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik".
Prezident Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə diqqət çəkərək, bu məsələdə beynəlxalq hüququn işləməməsinə, ikili standartlara toxunub. Dövlət başçısı deyib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan qoşunlarının ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən, lakin 30 il kağız üzərində qalan qətnamələrini Azərbaycan təkbaşına icra etdi. Bu mənada Azərbaycan lideri mühüm məsələlərdən biri kimi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin olmasının zəruriliyini vurğulayıb.
Dövlət başçısı Azərbaycanın siyasətdə ikili standartlara qarşı həmişə mübarizə apardığını, bunun ölkənin xarici siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb. Amma bu, təkcə, müxtəlif müharibə və münaqişələrə yanaşmada özünü göstərmir. Prezident deyib ki, ikili standart həm də kiminsə sənə necə yaşamağı öyrətmək istəməsidir: "Halbuki bunu etməzdən əvvəl güzgüyə baxıb özündən soruşmalısan: sənin kiməsə ağıl öyrətməyə, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu diktə etməyə mənəvi haqqın varmı? Biz heç vaxt bunu etmirik. Biz diqqətimizi öz daxili işlərimizə yönəldirik. Başqa ölkələrdə baş verənlər isə həmin ölkələrin xalqlarının işidir. Bu, bizim işimiz deyil. Biz də özümüzə qarşı eyni münasibəti gözləyirik və buna nail oluruq".
Müharibədə böyük zəfər əldə edən Azərbaycan dərhal sülh təşəbbüsünü irəli sürdü, ötən il Vaşinqtonda paraflanmış sülh sazişi layihəsini hazırladı. Bu, ölkəmizin sülh niyyətini bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycan ərazilərini işğaldan azad etməklə həm ədaləti bərpa etdi, həm də Cənubi Qafqazda heç vaxt mövcud olmayan tamamilə yeni vəziyyət yaratmağa nail oldu.
Milli Məclisin deputatı Hikmət Babaoğlu "525"ə deyib ki, Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu heç şübhəsiz ki, hazırda olduqca gərgin olan beynəlxalq münasibətlər sistemində bir əməkdaşlıq platforması və ruhu yaradır. Deputat bildirib ki, mədəniyyət özü-özlüyündə birləşdirici dəyər olduğu üçün bu forum ortaq gələcək üçün fundamental baza yaradır.
Onun sözlərinə görə, hazırda sürətlə inkişaf edən internet texnologiyaları nəticəsində dünya faktiki olaraq ortaq bir platformada birləşib: "Yəni virtual məkanda dünya birdir. Saniyələr içərisində dünyanın bir nöqtəsindən digər nöqtəsinə getmək olur. Virtual məkanda əlaqə saxlamaq və nələrin nə üçün baş verdiyini öyrənmək olur. Ona görə də düşünürəm ki, ortaq gələcək əgər ümumi bəşəriyyətin gələcəyidirsə, bunun fəlsəfəsi sülh olmalıdır. Sülhün əsas paradiqmasını təyin edən isə mədəniyyətdir. Azərbaycanda keçirilən forum da bu məqsədlərə, sülhə, əməkdaşlığa xidmət edən platformadır".
H.Babaoğlu bildirib ki, ölkə Prezidenti Azərbaycanın öz nümunəsində əldə etdiyi tarixi zəfərdən sonra dərhal sülh təşəbbüsü ilə çıxış etməsini bir daha bu dialoq forumunda qeyd etməsi də Azərbaycanın dünyaya yeni çağırışı kimi qiymətləndirilməlidir: "Bəşəriyyət tarixi müharibələr tarixidir, mədəniyyət isə sadəcə sülh dövrünün hadisəsidir. Bu gün dünya münaqişələrdən və müharibədən yorulub. Azərbaycan da 30 ildən çox davam edən münaqişədən və müharibədən sonra yeni reallıq yaratmaqla həm də yeni sülh platforması yaratmış oldu. Ona görə də indiki şəraitdə bu əməkdaşlığın yumşaq güc platformasında təntənə etməsi Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi mühüm töhfə kimi qiymətləndirilməlidir".
Politoloq Şəbnəm Həsənova "525"ə şərhində deyib ki, bu gün Azərbaycan dünyada nümunəvi model yaratmış bir ölkədir. Eyni zamanda, Azərbaycan öz uğur hekayəsini özü formalaşdırmış bir dövlət və xalqdır:
"Bu istiqamətdə Prezident İlham Əliyev haqlı olaraq hər kəsi bu irsdən öyrənməyə və bəhrələnməyə dəvət etdi. Bu məsələ həm də ona görə xüsusi əhəmiyyət kəsb edir ki, Azərbaycan ikili standartların mövcud olduğu şəraitdə öz reallıqlarını özü yarada bildi. Dövlətimizin və xalqımızın öz gücünə arxalanması bizi bu nəticəyə gətirib çıxardı.
2026-cı il sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının ŞƏT plyus formatında görüşü keçirilərkən cənab Prezident İlham Əliyev həmin tədbirdə də olduqca fundamental xarakterli bir çıxış etmişdi. Xatırlatmaq yerinə düşər ki, BMT-nin Baş katibi Antonio Quterreş də həmin gün ŞƏT sammitində iştirak edirdi. Cənab Prezident İlham Əliyev məhz bu iştirakı və beynəlxalq platformanın əhəmiyyətini nəzərə alaraq Azərbaycanın Ermənistanla sülh prosesinə, beynəlxalq hüququn tətbiqinə, BMT-nin fəaliyyətinə və çoxtərəfli diplomatiyaya dair fundamental baxış ortaya qoydu. Bu istiqamətdə Azərbaycanın mövqeyini ön plana çıxartdı. Cənab Prezident bildirdi ki, Ermənistanla sülh prosesi yeni regional reallıqlar yaradır. Şübhəsiz ki, sülh sazişinin mətninin paraflanması otuz illik münaqişənin başa çatmasına və Cənubi Qafqazın münaqişə zonasından sülh və əməkdaşlıq zonasına çevrilməsinə zəmin yaradıb.
Dövlət başçımız illər ərzində kağız üzərində qalan BMT qətnamələrinə də diqqət çəkmişdi. Bu baxımdan, əgər vaxtında müvafiq mexanizmlər yaradılsaydı, düşünürəm ki, yalnız Azərbaycanın problemi həll edilməzdi, həm də dünyada baş verən bir çox haqsızlıqlar öz həllini tapmış olardı. BMT-nin nüfuzu da məhz bu şəraitdə arta bilərdi".
Politoloq deyib ki, bu gün Azərbaycan sülhün sadəcə kağız üzərində qalmaması üçün çalışır, praktiki nəticələrə yönələn siyasət ortaya qoyur. Azərbaycan Ermənistana neft məhsulları tədarük edir, üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir: "Eyni zamanda, qarşılıqlı ticarətin genişləndirilməsi istiqamətində ciddi iş aparılır. Şübhəsiz ki, sülhü sadəcə bəyanatlarla məhdudlaşdıra bilmərik. İqtisadi və nəqliyyat əlaqələrinin qurulması baxımından da sülh son dərəcə mühüm əhəmiyyət kəsb edir. Azərbaycan suverenliyini və ərazi bütövlüyünü illər ərzində göstərdiyi səylər hesabına bərpa etdi. BMT-nin münaqişə ilə bağlı qətnamələrinin icrası istiqamətində isə müvafiq addımlar atılmadı. Dövlət başçımız beynəlxalq təşkilatların qəbul etdikləri qərarların real icrası məsələsinə haqlı olaraq tənqidi yanaşma nümayiş etdirdi və bu istiqamətdə mühüm mesaj verdi.
Beynəlxalq hüququn tətbiqində selektivliyə yol verilməməlidir. Azərbaycan məhz buna çalışır. Eyni zamanda, beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrası baxımından effektiv mexanizmlər mövcud olmalıdır.
Cənab Prezident İlham Əliyevin ŞƏT plyus formatındakı çıxışının əsas mesajlarından biri beynəlxalq hüququn etibarlılığı ilə bağlıdır. Bu etibarlılıq yalnız qəbul edilən qərarlar real icra mərhələsinə çatdıqda və həyata keçirildikdə təmin oluna bilər. Bu baxımdan, siyasi razılaşmalarla yanaşı, iqtisadi əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafı da bölgəmizdə sülhün möhkəmləndirilməsinə xidmət etməlidir. Prezident İlham Əliyev beynəlxalq platformalarda fundamental, dərin məzmunlu çıxışlar edərək hədəf kütləsini düzgün müəyyənləşdirir, mesajlarını da dolğun və səlis çatdırır".