Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2026-cı il oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyevin çıxışı Azərbaycanın multikulturalizm siyasətinin və beynəlxalq münasibətlərdə tutduğu mövqeyin təqdimatı baxımından diqqətəlayiq idi.
Prezident cənab İlham Əliyevin çıxışında əsas diqqət Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin və dinlərin qovuşduğu məkan olmasına, bu ənənənin müasir dövrdə də qorunmasına yönəlmişdi. Həqiqətən də, Azərbaycanın fərqli etnik və dini icmaların birgə yaşadığı ölkə kimi təcrübəsi onun beynəlxalq humanitar münasibətlərdə özünəməxsus yerini müəyyənləşdirir. 2011-ci ildə əsası qoyulan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu təcrübənin beynəlxalq miqyasda təqdim olunmasına xidmət edir.
Prezidentin çıxışında Azərbaycançılıq ideologiyasına verilən diqqət xüsusi əhəmiyyət daşıyırdı. Müxtəlif etnik və dini mənsubiyyətə malik insanların vahid dövlətçilik mənafeyi ətrafında birləşməsi milli həmrəyliyin əsasını təşkil edir. Vətən müharibəsi zamanı cəmiyyətin nümayiş etdirdiyi birlik bunun ən aydın nümunələrindən biridir. Bu təcrübə göstərir ki, milli birlik fərqlilikləri aradan qaldırmaq deyil, onları ümumi vətəndaşlıq dəyərləri ətrafında birləşdirməkdir.
Prezidentin müasir dünyada ideoloji təhlükələrə və milli-mənəvi dəyərlərin qorunmasına toxunması da düşündürücü məqam idi. Qloballaşma və informasiya axınının sürətləndiyi bir dövrdə xalqların öz kimliyini, tarixini və ənənələrini qoruması xüsusi əhəmiyyət kəsb edir. Dövlətin gücü yalnız iqtisadi və hərbi imkanları ilə deyil, həm də cəmiyyətin mənəvi birliyi və milli dəyərlərinə bağlılığı ilə ölçülür.
Ölkə başçısının vurğuladığı digər mühüm istiqamət beynəlxalq münasibətlərdə ikili standartlar və dövlətlərin suverenliyinə hörmət məsələsi idi. Prezidentin mövqeyindən aydın olur ki, həqiqi dialoq qarşılıqlı hörmətə və bərabərliyə əsaslanmalıdır. Heç bir dövlətə öz siyasi və ictimai modelini başqasına qəbul etdirmək hüququ verilməməlidir. Bu yanaşma Azərbaycan Respublikasının müstəqil xarici siyasətinin əsas prinsipləri ilə də uzlaşır.
Ermənistan-Azərbaycan münaqişəsinin nəticələri, Qarabağda tarixi və dini abidələrə vurulmuş ziyan barədə fikirlər isə çıxışa xüsusi siyasi və mənəvi məzmun verirdi. Eyni zamanda, müharibədən sonrakı mərhələdə sülhün və regional əməkdaşlığın vacibliyinin vurğulanması Azərbaycan Respublikasının gələcəyə yönəlmiş siyasətini əks etdirirdi.
Zənnimcə, Prezident İlham Əliyevin çıxışının əsas mahiyyəti bir fikirdə ifadə oluna bilər: mədəniyyətlərarası dialoq yalnız sözlə deyil, əməli fəaliyyətlə təsdiqlənməlidir. Bunun üçün qarşılıqlı hörmət, beynəlxalq hüquqa riayət, dövlətlərin suverenliyinin tanınması və mədəni irsin qorunması vacibdir.
Bakı Forumunun əhəmiyyəti də məhz bu yanaşmada özünü göstərir. Azərbaycan öz tarixi təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşməklə yanaşı, müxtəlif mədəniyyətlərin qarşıdurma deyil, əməkdaşlıq şəraitində yaşamasının mümkün olduğunu nümayiş etdirir. Bu, ölkəmizin humanitar diplomatiyasına verdiyi töhfə olmaqla yanaşı, Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini də möhkəmləndirir.
Leyla Hüseynova
YAP Yasamal rayonu
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun ərazi partiya təşkilatının sədr müavini