Bakı Haaqa ilə dialoqu davam etdirir

29.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın Avropadakı mövqeyi qitədə yeni əməkdaşlıq imkanları açır

Avropa İttifaqının Cənubi Qafqaza münasibətdə illər ərzində formalaşdırdığı stereotiplər və birtərəfli siyasi yanaşma Avropanın aparıcı paytaxtlarında getdikcə öz təsirini itirir. Niderland Krallığının xarici işlər naziri Tom Berendsenin Bakıya rəsmi səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi Haaqa ilə Bakı arasında münasibətlərin praqmatik əməkdaşlıq müstəvisində inkişafına siyasi zəmin yaradan mühüm hadisədir.

Vaxtilə Azərbaycana qarşı tənqidi mövqeyi və Avropa institutlarında rəsmi Bakıya təzyiq cəhdləri ilə seçilən Niderlandın bu gün Azərbaycanla dialoqu genişləndirməyə maraq göstərməsi Avropada Cənubi Qafqaza münasibətdə siyasi yanaşmaların dəyişdiyini nümayiş etdirir. Bu proses Azərbaycanın artan regional çəkisi və Avropa üçün strateji əhəmiyyətinin yüksəlməsi fonunda Bakı ilə əməkdaşlığın qarşılıqlı maraqlar əsasında qurulmasının aktuallığını bir daha önə çıxarır.

Bu siyasi dəyişiklik təsadüfi diplomatik gediş deyil, rəsmi Bakının Avropa məkanında apardığı ardıcıl, prinsipial və çoxşaxəli diplomatik həmlənin bilavasitə nəticəsidir. İkinci Qarabağ müharibəsindən sonra bəzi Qərb dairələri Ermənistanın işğal dövrünə dair reallıqları arxa plana keçirərək, Azərbaycana qarşı siyasi təzyiq və sanksiya təşəbbüslərini gündəmə gətirirdilər. Həmin dairələrin sırasında Niderland parlamenti xüsusi fəallıq göstərərək, beynəlxalq hüququn norma və prinsiplərinə zidd bəyanatlarla çıxış edirdi. Lakin Azərbaycan liderinin nümayiş etdirdiyi sarsılmaz iradə, ərazi bütövlüyünü və suverenliyini hərbi-siyasi yolla tam bərpa etməsi xarici paytaxtların qurduğu süni təzyiq rıçaqlarını tamamilə darmadağın etdi.

Azərbaycan–Niderland münasibətlərində dialoqun bərpası istiqamətində mühüm addımlardan biri ötən il Kopenhagendə Prezident İlham Əliyev ilə Niderlandın sabiq Baş naziri Dik Sxof arasında keçirilən görüş oldu. 2026-cı ilin iyununda Haaqada xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması, oktyabrın 26-da isə Tom Berendsenin Bakıya səfəri münasibətlərdə müsbət dinamikanı gücləndirdi. Bu təmaslar tərəflərin mövcud fikir ayrılıqlarını arxada qoyaraq siyasi dialoqu və praqmatik əməkdaşlığı inkişaf etdirmək niyyətini nümayiş etdirir.

Bakı danışıqlarının ən mühüm siyasi nəticəsi Azərbaycan-Niderland münasibətlərinin inkişafı üzrə 2026-2028-ci illəri əhatə edən Yol Xəritəsinin qəbul edilməsi oldu. Təsdiqlənmiş sənəd iki dövlət arasında siyasi dialoqun, çoxtərəfli əməkdaşlığın və diplomatik təmasların institusional çərçivəsini müəyyən edir. Xüsusilə nəzərə almaq lazımdır ki, 2027-ci ildə Azərbaycan ilə Niderland arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyi qeyd olunacaq. Həmin tarixi mərhələyə qədər tərəflər yeni Yol Xəritəsinin icrasının ilkin siyasi nəticələrini ümumiləşdirmək, müştərək təşəbbüslərin hansı səviyyədə irəlilədiyini qiymətləndirmək imkanı qazanırlar. Beləliklə, münasibətlər emosional və qərəzli bəyanatlar müstəvisindən çıxaraq, hüquqi cəhətdən nizamlanan strateji tərəfdaşlıq relsinə keçir.

Niderlandın xarici işlər naziri Tom Berendsenin Bakıda səsləndirdiyi bəyanatlar Haaqa ilə Bakı arasında siyasi dialoqun inkişaf etdiyini göstərir. Nazir Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirdiklərini vurğulayıb. O, regionda davamlı sülhün yalnız Cənubi Qafqaz üçün deyil, bütövlükdə, Avropanın təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət daşıdığını qeyd edib. Niderlandın Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməsi və xalqlar arasında etimadın möhkəmlənməsinə töhfə vermək niyyəti tərəflərin regional sabitlik naminə əməkdaşlıq imkanlarını genişləndirməyə marağını əks etdirir.

Bakı İtaliya, Macarıstan, Serbiya, Bolqarıstan, Rumıniya, Slovakiya və Çexiya ilə qurduğu strateji tərəfdaşlıq əlaqələrini Qərbi Avropa dövlətləri ilə münasibətlərin genişləndirilməsi istiqamətində inkişaf etdirir. Niderlandla siyasi dialoqun intensivləşməsi də Avropada Azərbaycanla münasibətlərin qarşılıqlı maraqlar əsasında qurulmasına artan ehtiyacın göstəricisidir. Bu prosesdə Orta Dəhlizin strateji əhəmiyyəti xüsusi yer tutur. Qlobal geosiyasi gərginliklər fonunda Asiya ilə Avropa arasında alternativ nəqliyyat marşrutlarına tələbat artır. Rotterdam limanı vasitəsilə dünya ticarətində mühüm mövqeyə malik olan Niderland üçün Azərbaycanın tranzit imkanları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonası yeni əməkdaşlıq perspektivləri yaradır. Xəzər–Qafqaz marşrutu Avropanın Mərkəzi Asiya və Çinlə nəqliyyat əlaqələrinin şaxələndirilməsində mühüm rol oynayır.

Azərbaycan–Niderland münasibətlərində etimadın möhkəmlənməsinə humanitar əməkdaşlıq da töhfə verib. Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin gərginləşdiyi dövrdə Niderland vətəndaşlarının, o cümlədən bu ölkənin Tehrandakı səfirinin və diplomatik heyətinin Azərbaycan vasitəsilə təxliyəsinə göstərilən dəstək Bakının etibarlı tərəfdaş kimi rolunu önə çıxarıb. Tom Berendsenin Prezident İlham Əliyevlə görüşdə bu yardıma görə minnətdarlığını bildirməsi humanitar əməkdaşlığın ikitərəfli siyasi dialoqda əhəmiyyətini bir daha təsdiqləyib.

Niderlandın işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə dəstək imkanlarını nəzərdən keçirməsi humanitar əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətlidir. Mina təhlükəsinin aradan qaldırılması əhalinin təhlükəsizliyi və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün vacibdir. Tom Berendsenin Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidəsi önünə əklil qoyması Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsinə ehtiramın ifadəsi oldu.

Parlamentlararası əlaqələrin bərpası və inkişafı Azərbaycan–Niderland münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. İki ölkənin qanunverici orqanları arasında dialoqun genişləndirilməsi, dostluq qruplarının fəaliyyətinin canlandırılması və beynəlxalq platformalarda təmasların artırılması siyasi fikir ayrılıqlarının müzakirə yolu ilə aradan qaldırılmasına şərait yarada bilər. Azərbaycan Milli Məclisi ilə Niderland parlamenti arasında birbaşa əlaqələrin gücləndirilməsi həm də Avropa ictimaiyyətinin Cənubi Qafqazdakı proseslər barədə daha dolğun məlumatlandırılmasına töhfə verə bilər.

Beləliklə, Niderlandın xarici işlər naziri Tom Berendsenin Bakıya səfəri iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli mərhələdir. Dünənə qədər anti-Azərbaycan mövqeyində dayanan bir dövlətin bu gün rəsmi Bakı ilə strateji Yol Xəritəsi imzalaması Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli, uzaqgörən və milli maraqlara söykənən real siyasətin qələbəsidir.

Y.YAQUBOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью