Bakı Hanoy: möhkəm təmələ malik etimad körpüsü

19.11.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycan diplomatiyasının Asiya istiqamətində yeni üfüqlər açır

Coğrafi cəhətdən uzaq məsafədə olmalarına baxmayaraq, Azərbaycan və Vyetnam 67 ilə söykənən tarixi dostluq, tərəfdaşlıq əlaqələrinə malikdir. Fərqli coğrafi və geosiyasi mühitlərdə inkişaf edən bu iki xalqı onilliklər ərzində möhkəmlənmiş dostluq ənənələri, qarşılıqlı ehtiram və əməkdaşlıq maraqları birləşdirir. 1959-cu ildə Vyetnam xalqının görkəmli lideri Ho Şi Minin Azərbaycana səfəri iki xalqın yaxınlaşmasında mühüm hadisə kimi yadda qalıb. O dövrdə Azərbaycan SSRİ-nin tərkibində olsa da, ölkəmizin sənaye, elm və təhsil potensialı Vyetnamda böyük maraq doğururdu. Xüsusilə Bakı dünya neft sənayesinin tarixi mərkəzlərindən biri kimi bu ölkənin gələcək iqtisadi inkişafında mühüm rol oynaya biləcək təcrübəyə malik idi.                 

İkitərəfli münasibətlərin inkişafında xüsusi çəkiyə malik, ayrıca qeyd edilməli hadisə 1983-cü ildə Heydər Əliyevin Vyetnama səfəridir. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Hanoya səfəri yaşlı vyetnamlıların yaddaşından silinməyib. Həmin dövrdə Azərbaycan neftçiləri Vyetnamın enerji sənayesinin qurulmasına kömək edirdilər. Ali məktəblərimizdə vyetnamlı mütəxəssislər yetişdirilir, Azərbaycan sənətkarları bu xalqın mədəni həyatına töhfələr verirdilər. 5 minə yaxın Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması sadə fakt deyil. Onların təxminən iki min nəfəri neft mühəndisliyi üzrə ixtisaslaşıb. Həmin gənclərin sonradan Vyetnamın sənaye, elm, təhsil və digər sahələrində fəaliyyət göstərməsi iki xalq arasında canlı əlaqələrə zəmin yaradıb. Bu gün həmin tarixi dostluğa söykənən etimad körpüsü üzərində iki müstəqil dövlətin uzunmüddətli siyasi və iqtisadi maraqlarına əsaslanan strateji tərəfdaşlığı formalaşır. 

Əminliklə deyə bilərik ki, bu gün Azərbaycan–Vyetnam münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri yalnız ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, Azərbaycanın xarici siyasətinin Asiya istiqamətində genişlənməsi nöqteyi-nəzərindən də mühüm hadisə sayılmalıdır. Səfərin tarixi əhəmiyyətini müəyyən edən başlıca amil onun Bakının formalaşdırdığı strateji tərəfdaşlıq müstəvisində həyata keçirilməsidir. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Bakıya dövlət səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat qəbul edildi. İndi qarşıda duran əsas vəzifə həmin siyasi sənədi konkret iqtisadi layihələrə, investisiya proqramlarına, nəqliyyat bağlantılarına və daha geniş humanitar əməkdaşlığa çevirməkdir. Əgər Azərbaycan Prezidentinin Hanoy səfərinin başlıca siyasi məntiqini bir cümlə ilə ifadə etmək lazım gələrsə, belə demək mümkündür: tarixi dostluğun strateji əməkdaşlığa, strateji əməkdaşlığın isə qarşılıqlı iqtisadi və geosiyasi faydaya çevrilməsi.

Tarixin yaratdığı etimad kapitalı

Diqqəti cəlb edən maraqlı detal: Azərbaycan–Vyetnam münasibətləri özünəməxsus çalarlarla zəngindir. Həmin çalarların təməlində təkcə diplomatik sənədlər deyil, konkret insanların, siyasi liderlərin, mühəndislərin, müəllimlərin, mədəniyyət xadimlərinin yaratdığı zəngin irs və əlaqələr dayanır. 43 il bundan əvvəl Heydər Əliyev Vyetnama yalnız böyük dövlətin yüksəkvəzifəli nümayəndəsi kimi deyil, həm də iqtisadi dirçəlişin, sənaye inkişafının və kadr hazırlığının əhəmiyyətini dərindən bilən təcrübəli dövlət xadimi kimi getmişdi. Təsadüfi deyil ki, bu tarixi hadisəyə Vyetnamda hörmətlə yanaşılır. Ümummilli liderin 100 illiyi münasibətilə həyata keçirilən arxiv araşdırmaları əsasında hazırlanmış “Vyetnam səfəri” sənədli filmi məhz həmin irsin qorunmasına xidmət edən təşəbbüslərdəndir.                                    

Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama, Vyetnam Prezidenti Çıonq Tan Şanqın 2015-ci ildə Azərbaycana qarşılıqlı rəsmi səfərləri tarixi bağlara söykənən münasibətlərin müstəqil dövlətlər arasında yeni məzmunda inkişafına təkan verdi. Beləliklə, Azərbaycan–Vyetnam əlaqələrinin xronoloji ardıcıllığında 3 mühüm mərhələni sadalamaq olar: dostluğun təşəkkülü, müstəqillik dövründə siyasi tərəfdaşlığın inkişafı və nəhayət, münasibətlərin 

Siyasi etimad və beynəlxalq hüquq prinsipləri

Azərbaycanla Vyetnam arasındakı tərəfdaşlığın möhkəmliyini təmin edən mühüm amillərdən biri beynəlxalq münasibətlərə yanaşmada müəyyən oxşarlıqların olmasıdır. Hər iki dövlət suverenliyə, ərazi bütövlüyünə, daxili işlərə qarışmamaq prinsipinə və beynəlxalq hüququn əsas normalarına riayət edilməsinə böyük əhəmiyyət verir. Bu yanaşma dövlətlərin fərqli coğrafi məkanlarda yerləşməsinə baxmayaraq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı anlaşma üçün əlverişli siyasi zəmin yaradır. Azərbaycan və Vyetnam Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində əməkdaşlıq edir. Vyetnamın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstək ikitərəfli münasibətlərdə xüsusi əhəmiyyət daşıyır. 2020-ci ilin 44 günlük Vətən müharibəsi dövründə Vyetnamın BMT Təhlükəsizlik Şurasında müzakirə olunan münaqişə ilə bağlı sənədə dair mövqeyi Azərbaycan tərəfindən dostluq və siyasi dəstək nümunəsi kimi qiymətləndirilir. Münasibətlərin xarakteri və əhəmiyyəti yalnız keçmiş hadisələrlə məhdudlaşmır. Müasir beynəlxalq sistemdə suverenlik, beynəlxalq hüquq və dövlətlərin müstəqil siyasət yürütmək imkanları ətrafında müzakirələr gücləndikcə qarşılıqlı etimada əsaslanan tərəfdaşlıqlar daha böyük dəyər qazanır. Diqqət çəkən başqa bir məqam siyasi əlaqələrin çoxsəviyyəli xarakteridir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında 2013-cü ildə imzalanmış Anlaşma Memorandumu və 2023-cü ildə qəbul edilmiş əməkdaşlıq sazişi partiyalararası münasibətlərin davamlılığını göstərir. 

2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin vyetnamlı məzunlarını birləşdirən Vyetnam–Azərbaycan Dostluq Assosiasiyasının yaradılması həmin kapitalın qorunmasına xidmət edir. 2020-ci ildə COVID-19 pandemiyası dövründə assosiasiya üzvlərinin öz vəsaitləri hesabına aldıqları 10 min tibbi maskanı Azərbaycana göndərmələri bu dostluğun, sadəcə, xatirələrdə yaşamadığını, çətin anlarda həmrəylik nümunəsinə çevrildiyinin bariz nümunəsidir. Azərbaycan da Vyetnamın üzləşdiyi çətinliklərə biganə qalmayıb. 2024-cü ildə “Yaqi” qasırğasının fəsadlarının aradan qaldırılması üçün ayrılmış 200 min dollar və 2025-ci ildə sel fəlakətlərindən zərər çəkənlərə göstərilmiş 100 min dollarlıq maliyyə yardımı ölkələr arasındakı humanitar münasibətlərin təzahürüdür.                      

Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələr bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin inşasına dəstək, 2025-ci ildə təhsil və yaradıcı sənaye sahələrində əməkdaşlıq təşəbbüsləri dostluğun insan həyatında konkret iz qoymasına xidmət edir. Vyetnamla əməkdaşlığın yalnız rəsmi diplomatik kanalları deyil, uzun illər ərzində formalaşmış ictimai və humanitar dayaqları da mövcuddur. Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir. Fondun fəaliyyət istiqamətləri Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla infrastruktur təşəbbüslərindən tutmuş müxtəlif təhsil proqramlarının dəstəklənməsinə qədər geniş spektri əhatə edir. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub. 

Mədəni bağları qoruyan iki xalq

Azərbaycan–Vyetnam dostluğunun tarixində mədəniyyətin yeri xüsusilə maraqlıdır. Dünya şöhrətli bəstəkar Qara Qarayevin 1955-ci ildə Vyetnam mövzusunda çəkilmiş sənədli film üçün yazdığı “Vyetnam süitası” əsəri iki xalqın mədəni əlaqələrinin parlaq nümunəsidir. Əsərin 2023-cü ildə Hanoyda, 2024-cü ildə isə Ho Şi Min şəhərində yenidən səsləndirilməsi tarixi mədəni irsin müasir dövrdə də öz aktuallığını qoruduğunu göstərir.

Azərbaycanın görkəmli kinorejissoru Əjdər İbrahimovun Vyetnam mədəniyyətinə xidmətləri isə ayrıca bir tarixdir. 1959–1962-ci illərdə Vyetnamda çalışan sənətkar bu ölkədə milli kino məktəbinin formalaşmasında, rejissor və aktyor kadrlarının hazırlanmasında mühüm rol oynayıb. Mədəni münasibətlər yalnız keçmişlə məhdudlaşmır. 2023–2026-cı illərdə Azərbaycanda ardıcıl keçirilmiş “Vyetnam Günləri”, ədəbiyyat, musiqi və incəsənət sahəsində qarşılıqlı təqdimatlar xalqların bir-birini daha yaxından tanımasına şərait yaradır. Bakı ilə Vunq Tau şəhərlərinin 1980-ci ildən qardaşlaşması, hər iki ölkədə bir-birinin şəhərinin adını daşıyan küçələrin mövcudluğu dostluğun şəhər yaddaşında da yaşadığını göstərir.

Sadaladığımız nümunələr bir həqiqəti təsdiqləyir: Azərbaycanla Vyetnam arasında strateji tərəfdaşlığın arxasında siyasi qərarlardan daha qədim və davamlı olan insani münasibətlər dayanır.

Strateji tərəfdaşlıq praktik mərhələyə keçir

Prezident İlham Əliyevin Vyetnama rəsmi səfərinin əhəmiyyətini qiymətləndirərkən bir mühüm məqam nəzərə alınmalıdır. 2025-ci ildə Bakıda Azərbaycan–Vyetnam münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi haqqında siyasi qərar qəbul edilib. İndi isə həmin tərəfdaşlığın konkret məzmunla zənginləşdirilməsi üçün yeni imkanlar yaranır. Səfər çərçivəsində Prezident İlham Əliyevin Vyetnamın Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam ilə görüşü, əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən sənədlərin imzalanması və Birgə Bəyanatın qəbul olunması nəzərdə tutulur. Bu baxımdan Hanoy səfəri təkcə ikitərəfli münasibətlərə deyil, Azərbaycanın Asiya istiqamətində iqtisadi və siyasi əlaqələrinin şaxələndirilməsinə də xidmət edə bilər.

İki ölkə coğrafi baxımdan uzaq olsa da, müasir beynəlxalq münasibətlərdə coğrafi məsafə artıq əvvəlki qədər ciddi maneə deyil. Müasir logistika sistemləri, enerji bazarları, texnologiyalar və investisiya mexanizmləri uzaq ölkələri qarşılıqlı iqtisadi maraqlar ətrafında birləşdirmək imkanlarını genişləndirir. Azərbaycanın siyasi və iqtisadi inkişaf təcrübəsi, müstəqil xarici siyasət kursu və artan beynəlxalq əlaqələri Vyetnamla münasibətlərin daha geniş məzmun alması üçün real zəmin yaradır. Eyni zamanda, Vyetnamın iqtisadi inkişaf modeli, sənaye istehsalı və beynəlxalq bazarlara inteqrasiya sahəsində təcrübəsi Azərbaycan üçün də maraqlı əməkdaşlıq imkanları təqdim edir. Bu qarşılıqlı maraqların həyata keçirilməsində ən mühüm şərt siyasi qərarlarla iqtisadi nəticələr arasında davamlı əlaqənin təmin olunmasıdır.

Sonda bir daha qeyd edək ki, strateji tərəfdaşlıq yalnız siyasi bəyanatlarla ölçülmür. Onun real gücü həyata keçirilən layihələrdə, artan ticarət göstəricilərində, yeni investisiyalarda, inkişaf edən nəqliyyat əlaqələrində və insanlar arasında möhkəmlənən münasibətlərdə özünü göstərir. Bu mənada Prezident İlham Əliyevin Hanoy səfərinin Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələnin başlanğıcı olacağına əminik.

XQ-nin Analitik Mərkəzi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью