Bakı Hanoy münasibətləri: keçmiş gələcək üçün mayakdır

19.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Yaxud Azərbaycan-Vyetnam humanitar əməkdaşlığına dair bəzi qeydlər

“Azərbaycan-Vyetnam münasibətlərinin təxminən yetmişillik tarixindən bəhs edərkən, hər şeydən əvvəl, bu dostluğun köklərinə qayıtmaq və onun əsasını qoymuş iki böyük lideri səmimi minnətdarlıq hissi ilə xatırlamaq istəyirəm. Sözsüz ki, başlanğıc nöqtəsi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfəri idi. 1983-cü il əsl sıçrayışla əlamətdar oldu. Həmin vaxt Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin başçılığı ilə sovet nümayəndə heyəti Vyetnama səfər etdi. Azərbaycan xalqının Ümummilli Liderinin təşəbbüsü ilə bu səfərin müddəti səkkiz günə qədər uzadıldı və ölkənin əsas regionlarını əhatə etdi. Həmin vaxt əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına güclü təkan verdi və çoxillik əməkdaşlığın istiqamətini müəyyənləşdirdi”.

Bu fikirlər Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində yer alıb. Ümumən, müsahibədə Azərbaycan-Vyetnam münasibətlərinin humanitar aspektlərini vurğulayan bir çox məqamlar var ki, yazımızda onlardan söz açacağıq. Nəzərə alaq ki, dövlətimizin başçısının Vyetnama səfəri xüsusunda bu məqamlar olduqca vacib və maraqlıdır. 

Göründüyü kimi, Prezident İlham Əliyev diqqətə çatdırdığımız iqtibasda ikitərəfli münasibətlərin tarixindən söz açıb. Tarixi keçmiş isə gələcək üçün bir növ bazadır. O baza ki, müstəqillik illərində zənginləşdirildi. Buna görə də dövlətimizin başçısı Vyetnama 2014-cü ildəki səfərini və keçirdiyi görüşləri, o cümlədən Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycana cavab səfərini məmnuniyyətlə yada salıb. 

Əlbəttə, sürətlə dəyişən dünyamızda münasibətlərin dinamizmini qorumaq üçün əməkdaşlıq son dərəcə vacibdir. Əməkdaşlıq, eyni zamanda, ənənələrin davamı baxımından zəruridir. Görünür, buna görədir ki, Prezdent İlham Əliyev Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana ilk dövlət səfərini də xatırlayıb. 

Ümumən, Azərbaycan-Vyetnam münasibətlərinin həqiqi strateji anlam daşıması humanitar əməkdaşlığa da müsbət təsirini göstərib. O əməkdaşlıq ki, xalqlarımızı və dövlətlərimizi birləşdirən möhkəm körpü rolunu oynamaqdadır və bunu Prezident İlham Əliyev də vurğulayıb. Əlbəttə ki, Heydər Əliyev Fondunun mövcud istiqamətə müstəsna töhfəsini diqqətə çatdırmaqla. 

“Onilliklər ərzində bu əlaqələr təhsil təşəbbüsləri, xeyriyyə layihələri və müntəzəm mədəni mübadilə vasitəsilə davamlı olaraq möhkəmləndirilib. Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir. Fondun fəaliyyət istiqamətləri Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla infrastruktur təşəbbüslərindən tutmuş müxtəlif təhsil proqramlarının dəstəklənməsinə qədər geniş spektri əhatə edir”, - deyən dövlətimizin başçısı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfərinin əlaqələrin möhkəmləndirilməsində mühüm addım olduğunu bildirib. Məlum olduğu kimi, səfər zamanı xanım Əliyeva çoxsaylı səmərəli görüşlər keçirmiş, yardımlar etmişdi.

Prezident İlham Əliyev müsahibəsində xeyriyyəçiliklə yanaşı, Vyetnamla humanitar əməkdaşlığın mühüm qolunu təşkil edən elm və təhsil sahəsindəki əməkdaşlığın da üzərində dayanıb, hər iki ölkənin aparıcı universitetlərinin bir sıra tərəfdaşlıq müqavilələri və memorandumlar imzaladıqlarını xatırladıb. 

Dövlətimizin başçısı, həmçinin, Vyetnam nümayəndələrinin Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün yaradılmış təhsil qrant proqramlarında iştirak imkanı qazandıqlarını deyərək, diqqəti akademik əlaqələrin tarixiliyinə yönəldib, sovet dövrünə ekskurs edərək, təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil almasından, bilik və təcrübələrini vətənlərinin rifahı naminə uğurla tətbiq etmələrindən söz açıb. 

Prezident İlham Əliyevin müsahibəsində Azərbaycan-Vyetnam humanitar əməkdaşlığı ilə bağlı vurğuladığı bütün məqamlar müstəsna səciyyə daşımaqdadır. Bu məqamlar göstərir ki, iki ölkə arasındakı dostluq münasibətləri yüksələn xətt üzrə inkişafdadır. Ən başlıcası isə inkişaf üçün möhkəm təməl var. O təməl ki, mənbəyini səmimiyyətdən götürməkdədir. Səmimiyyət isə həm də mədəni yaxınlıq tellərindən və uyumdan qaynaqlanır. Ona görə də dövlətimizin başçısı qarşılıqlı mədəni fəaliyyətin təhsil əlaqələrini ahəngdar şəkildə tamamladığını dilə gətirir, müxtəlif misallar çəkir.

Sonda qeyd edək ki, vurğuladığımız cəhətlər Prezident İlham Əliyevin özünün Vyetnam səfərinin bu ölkə ilə Azərbaycan arasındakı qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsində daha bir mühüm addım olacağına əminlik yaradır. Onu da nəzərə alaq ki, dövlətimizin başçısının nəinki hər fikri, hətta hər sözü belə dərin fiksasiya təbiətinə malik fundamental yanaşma məhsulu olmaqla yanaşı, həm də rasional və proqmatik səciyyə daşıyır. 

Ə.RÜSTƏMOV,

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью