Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Azərbaycan bütün yaxın-uzaq dövlətlər kimi Körfəz ölkələri ilə əməkdaşlığa da xüsusi önəm verir. Bu əməkdaşlıq özünü bütün istiqamətlərdə artan xətt üzrə göstərir. Körfəz ölkələri sırasında Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələr xüsusi məna və önəm kəsb edir. Artıq deyə bilərik ki, Bakı ilə Əbu-Dabi arasında münasibətlər strateji xarakter daşıyır. Hər iki tərəfdən həyata keçirilən qarşılıqlı səfərlər ölkələr arasındakı əlaqələri daha da inkişaf etdirir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfərini şərh edərkən səsləndirib. Millət vəkili deyib ki, dövlət başçısının BƏƏ-yə səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi xarakterizə ediləı bilər.
İlham Məmmədov hesab edir ki, Azərbaycan liderinin BƏƏ-yə səfəri Bakı ilə Əbu-Dabi arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, eyni zamanda strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək:
“Həm keçirilən yüksəksəviyyəli görüşlər, həm də prezidentlərin iştirakı ilə imzalanan sənədlər belə qənaət formalaşdırır. Xüsusilə enerji, bərpa olunan enerji mənbələri, yaşıl enerjinin inkişaf etdirilməsi istiqamətində ortaya qoyulan birgə səylər bunu təsdiqləyir. Bildiyiniz kimi BƏƏ-nin nüfuzlu şirkətləri enerji sektorunda Azərbaycanla səmərəli əməkdaşlıq edir, birgə layihələr həyata keçirir. BƏƏ-nin dünyaca tanınan nüfuzlu şirkəti sayılan MASDAR şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində bir neçə il əvvəl 230 MW-lıq Qaradağ Günəş Elektrik Stansiyası fəaliyyətə başlayıb. Qeyd edək ki, Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır”.
İlham Məmmədov deyib ki, səfər zamanı iqtisadi sektora aid imzalanan sənədlər ölkəyə investisiya, ərəb sərmayəsinin cəlb edilməsi baxımından da əhəmiyyətlidir:
“Bildiyiniz kimi BƏƏ-nin "Masdar" şirkəti Qarabağda bərpa olunan enerji mənbələrinin, o cümlədən günəş və külək enerjisi stansiyalarının tikintisi üçün sərmayə qoyur. Eyni zamanda BƏƏ-dən olan şirkətlər işğaldan azad edilmiş ərazilərdə şəhərsalma və infrastruktur layihələrində iştirak imkanlarını dəyərləndirirlər. Bütün bu müsbət tendensiyaların baş verməsinə BƏƏ prezidentinin Qarabağa səfəri də təsir göstərir. Bildiyimiz kimi keçən ilin sentyabr ayında BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Şuşaya səfər etdi. Bu səfər öz-özlüyündə BƏƏ-dən olan iş adamlarına Qarabağ və Şərqi Zəngəzura investisiya yatırmaq barədə bir mesaj idi”.
Millət vəkili qeyd edib ki, BƏƏ-nin Azərbaycana, o cümlədən Qarabağ bölgəsinə qoyduğu sərmayələr iki ölkə arasındakı strateji tərəfdaşlığın mühüm tərkib hissəsidir:
“Hesab edirəm ki, iki ölkə arasında investisiyalar, logistika, nəqliyyat və innovasiya sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Azərbaycan liderinin BƏƏ-yə səfəri çərçivəsində aparılan yüksək səviyyəli görüşlər və əldə edilən razılaşmalar bu imkanların reallaşdırılması baxımından əlverişli olacaq”.
Süleyman