Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan olimpiyaçıları bu şəhərdə rekord miqdarda medal qazanmışdılar
Bu günlər Azərbaycanın gözəl paytaxtı Bakının böyüklüyünə görə Braziliyanın ikinci şəhəri Rio-de-Janeyro ilə qardaşlaşmasının 11-ci ili tamam olur. Bu şəhərin bəxtinə düşmüş və 2016-cı il avqustun 5-dən 21-dək keçirilmiş XXXI Yay Olimpiya Oyunlarından isə 10 il ötür.
Xüsusilə əlamətdar haldır ki, Azərbaycan idmanının ən yaxşı nümayəndələri 1996-cı il Atlanta (ABŞ) Olimpiadasından bəri müstəqil komanda şəklində iştirak etdikləri Olimpiya Oyunlarında ən çox medalı məhz qardaş şəhərdə qazanmışlar. Rio sahillərindən gətirilmiş 18 medal–1 qızıl, 7 gümüş və 10 bürünc mükafat ölkəmiz üçün rekord göstəricidir.
Olimpiada–2016-nın 10 illik yubileyi günlərində bu ali yarışlarda Azərbaycan idmançılarının medallarını xatırlayarkən ilk növbədə ən yüksək zirvəni fəth etmiş taekvondoçu çempıon Radik İsayev yada düşür.O, özünü və ölkəmizi qızıl medalla Olimpiadanın finişində, avqustun 20-də sevindirmişdi.
Gümüş mükafatları cüdoçular Rüstəm Orucov və Elmar Qasımov, qadın güləşçi Mariya Stadnik, sərbəst güləş ustaları Toğrul Əsgərov, Xetaq Qazyumov, boksçu Lorenso Sotomayor və kanoeçi Valentin Demyanenko qazanmışlar.
Bürünc medallar yunan-Roma güləşçiləri Sabah Şəriəti və Rəsul Çunayevə, kanoeçi İnna Osipenko-Radomskaya, taekvondoçular Patimat Abakarova və Milad Beygiyə, boksçu Kamran Şahsuvarlı, qadın güləşçi Nataliya Sinişin, sərbəst güləşçilər Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifova təqdim olunmuşdur. Onların uğurlu çıxışları Olimpiadanın yekun cədvəlində Azərbaycan komandasını 206 ölkə arasında 39-cu yerə yüksəltmişdi.
Qardaş şəhərdə qazandıqları medalların sayı ilə diqqət mərkəzinə düşən olimpiyaçılarımız mükafatların əyarına görə yalnız 2000-ci ildə Sidneydə və 2012-ci ildə Londonda keçirilmiş olimpiadalardakı nəticələrindən geri qalmışlar. Uzaq Avstraliyada sərbəst üsulla güləşən Namiq Abdullayev və stend atıcısı Zemfira Meftahətdinova, İngiltərə paytaxtında isə yenə “sərbəstlər”–Toğrul Əsgərov və Şərif Şərifovun çempionluqları şərəfinə Azərbaycan Respublikasının əzəmətli Dövlət Himni səsləndirilmişdir.Amma Rio-de-Janeyroda birdən-birə 18 təmsilçimizin fəxri kürsüdə təbrikləri qəbul etməsi də tarixi uğur idi.
Rio sahillərində Azərbaycan idmanı nümayəndələrinə təqdim olunmuş 18 medal respublikada Olimpiya hərəkatına, onun davamlı inkişafına dövlət səviyyəsində göstərilən daimi qayğının, şəxsən ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin bu işə hərtərəfli köməyinin nəticəsi idi.
Gələn il iyulun 31-də İlham Əliyevin 1997-ci ildə MOK prezidenti seçilməsinin 30-cu ili tamam olacaq. Həmin günlərdə 2028-ci ilin iyul ayında ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək XXXIV Olimpiya Oyunlarından bizi cəmi bir illik məsafə ayıracaq.İndi planetin hər yerində, o cümlədən, Azərbaycanda dünya idmançılarının növbəti ali yarışlarına hazırlığın qızğın çağıdır. Olimpiadaya lisenziya turnirləri hamıdan yüksək ustalıq tələb edir. Dünya idmançılarının ən mötəbər yarışları öz qapılarını yalnız ən güclülərin üzünə açır.
Xoş xatirələr duyğusu ilə yazımızın sonuna yaxınlaşırıq. Qardaş şəhər haqqında bildiklərimizi bir daha xatırlayaq.
Bakı portuqal dilində danışan Braziliyanın Rio-de-Janeyro şəhəri ilə 2015-ci ildən qardaşlaşıb.Bu şəhərdə Azərbaycanın adını daşıyan bələdiyyə məktəbi var.
Tərkibində Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin də çıxış etdiyi SSRİ yığma komandası 61 il əvvəl, 1965-ci ildə Rio-de-Janeyronun nəhəng "Marakana" stadionunda Braziliya millisi ilə yoldaşlıq görüşündə 2:2 hesabı ilə heç-heçə oynamış və sovet futbolçularının vurduqları qollardan birinin müəllifi bakılı hücumçu olmuşdur.
Həmin stadion 1950-ci və 2014-cü illərdə futbol üzrə Dünya çempionatlarının final görüşlərinə şahidlik etmişdir.
Həyata Rio-de-Janeyroda göz açmış və Braziliya milli komandasının kapitanı kimi 1970-ci ildə Meksikada Dünya çempionatının qızıl medalına sevinmiş Karlos Alberto Torres 2004-cü ilin fevral ayından Azərbaycan yığma komandasının ilk əcnəbi baş məşqçisi olmuşdur.
O illərdə Banişevski də, Torres də hələ bilmirdilər ki, vaxt gələcək, onların doğulub, boya-başa çatdıqları şəhərlər qardaşlaşacaq və 2016-cı ilin avqust ayında Azərbaycan olimpiyaçıları Rio-de-Janeyronun idman meydanlarında tarix yazacaqlar...
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist