Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Ermənistan parlamentinin sədri, Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində İrəvanı təmsil etmiş Ruben Rubinyan deyib ki, Ermənistan– Azərbaycan danışıqları artıq Ermənistan–Türkiyə dialoqunu geridə qoyub. Hətta bunu konkret faktlarla əsaslandırmağa çalışıb. Onun fikrincə, Azərbaycan Türkiyədən əvvəl Ermənistandan dəmir yolu tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırıb, iki ölkə arasında neft məhsulları üzrə birbaşa ticarət də formalaşıb. Buna görə də Rubinyan hesab edib ki, Ankara daha fəal davranmalı, sərhədin açılması istiqamətində addım atmalıdır.
İlk baxışdan bu fikirlər adi siyasi bəyanat təsiri bağışlayır. Amma, əslində, Rubinyan bununla həm daxili auditoriyaya, həm də Türkiyəyə mesaj göndərir. Mesajın mahiyyəti sadədir: “Azərbaycanla müəyyən nəticələr əldə olunubsa, deməli, Türkiyənin də gözləməsi üçün əsas qalmayıb”.
Məsələnin görünən tərəfi ilə reallıq arasında fərq var. Türkiyə heç vaxt Ermənistanla münasibətləri regiondakı proseslərdən ayrı qiymətləndirməyib. Ankara illərdir eyni mövqedə dayanır: Cənubi Qafqazda davamlı sülh yaranmadan, Ermənistan Azərbaycanla münasibətlərini tam normallaşdırmadan Türkiyə–Ermənistan münasibətlərinin tam normallaşması çətin görünür. Buna görə Rubinyanın “mən sabah sərhədin açılmasına mane olacaq səbəb görmürəm” fikri daha çox Ermənistanın siyasi istəyini ifadə edir. Çünki bu məsələdə qərarı təkcə İrəvan vermir. Ankara üçün regiondakı təhlükəsizlik balansı, Azərbaycanla strateji müttəfiqlik və əldə olunan razılaşmalar əsas prioritet olaraq qalır.
Maraqlıdır ki, Rubinyanın çıxışına parlamentdə ilk etiraz da bu mövzuda səsləndi. Müxalif deputat Geqam Manukyan ona xatırlatdı ki, Türkiyə hələ də normallaşmanı Ermənistan–Azərbaycan münasibətlərindən ayırmır və “ilkin şərt olmadan danışıqlar” tezisi faktiki olaraq özünü doğrultmayıb. Əslində, Rubinyan da buna etiraz etmədi. O deyib ki, Türkiyə müxtəlif vaxtlarda bu əlaqəni vurğulayan bəyanatlar verib və indi də verir. Sadəcə, hesab edir ki, buna baxmayaraq, proses davam etməlidir.
Burada diqqətçəkən başqa bir məqam da var. Rubinyan dəfələrlə “Azərbaycan Türkiyədən əvvəl addım atdı” ifadəsini işlədib. Bu, təsadüfi seçilmiş müqayisə deyil. İrəvan bununla Ankaraya dolayısı ilə təzyiq göstərməyə çalışır. Yəni mesaj verir ki, Bakı ilə münasibətlərdə müəyyən irəliləyiş əldə olunubsa, Türkiyə də eyni istiqamətdə hərəkət etməlidir. Lakin bu müqayisə müəyyən suallar doğurur. Çünki Azərbaycan və Türkiyə fərqli siyasi gündəmə malik dövlətlərdir. Azərbaycan Ermənistanla müharibədən sonrakı münasibətləri, sərhədlərin müəyyənləşdirilməsini, kommunikasiya xətlərini və sülh sazişini müzakirə edir. Türkiyə isə bu prosesə daha geniş regional təhlükəsizlik prizmasından yanaşır. Ona görə də iki istiqaməti tam eyniləşdirmək mümkün deyil.
Rubinyanın çıxışında diqqətdən yayınmayan daha bir etiraf da var. O deyib ki, Ermənistanın müstəqillik dövründə fəaliyyət göstərən hökumətləri Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışıb, amma buna nail ola bilməyiblər. Bu sözlər əslində problemin nə qədər dərin köklərə malik olduğunu göstərir. Deməli, məsələ təkcə bu günün və ya son bir neçə ilin siyasəti deyil. Söhbət onilliklər ərzində formalaşmış qarşılıqlı etimadsızlıqdan, regional münaqişələrdən və geosiyasi maraqların toqquşmasından gedir.
Bu gün Cənubi Qafqaz əvvəlki illərlə müqayisədə tamamilə yeni mərhələyə qədəm qoyub. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində atılan addımlar, kommunikasiya layihələrinin müzakirəsi və regional əməkdaşlıq perspektivləri yeni imkanlar yaradır. Amma, eyni zamanda, bu proseslər bütün iştirakçılardan ardıcıl və məsuliyyətli siyasət tələb edir. İrəvanın Ankaraya “artıq vaxtdır” mesajı verməsi başadüşüləndir. Ermənistan uzun illər bağlı qalan sərhədin açılmasını, iqtisadi əlaqələrin genişlənməsini və diplomatik münasibətlərin qurulmasını istəyir. Lakin bu istəyin reallaşması yalnız Ermənistanın mövqeyindən asılı deyil.
Regionda yaranan yeni reallığın əsas memarı Azərbaycandır. Bakının yaratdığı siyasi və hərbi reallıq Cənubi Qafqazda yeni gündəmin formalaşmasına səbəb olub. Türkiyə də bu reallığı nəzərə alaraq hərəkət edir və strateji müttəfiqi Azərbaycanın maraqlarını öz regional siyasətinin ayrılmaz hissəsi sayır. Ona görə də Rubinyanın nikbin bəyanatlarına baxmayaraq, Ermənistan–Türkiyə münasibətlərinin gələcəyini müəyyən edəcək əsas amil emosional çağırışlar deyil, regionda davamlı sülhün təmin olunması, imzalanacaq razılaşmaların icrası və tərəflər arasında etimadın real addımlarla möhkəmləndirilməsidir.
Beləliklə, Ermənistan–Türkiyə münasibətlərinin gələcək inkişafı, ilk növbədə, Azərbaycan–Ermənistan sülh gündəliyinin hansı nəticə verəcəyindən, əldə olunan razılaşmaların nə dərəcədə icra olunacağından və regionda qarşılıqlı etimadın möhkəmlənməsindən asılı olacaq. Rubinyanın dediyi kimi, normallaşma, doğrudan da, zaman məsələsi ola bilər. Amma həmin zamanın nə vaxt yetişəcəyini siyasi bəyanatlardan daha çox regional reallıqlar müəyyən edəcək.
Yeganə HACIYEVA,
Mətbuat Şurası İdarə Heyətinin üzvü, politoloq
Türkiyənin Cənubi Qafqaz siyasəti uzun illərdir regional təhlükəsizlik, geosiyasi sabitlik və Azərbaycanla strateji müttəfiqlik prinsipləri üzərində qurulub. Bu səbəbdən Ermənistan–Türkiyə normallaşmasını Azərbaycan–Ermənistan sülh prosesindən ayrı qiymətləndirmək mümkün deyil.
Ermənistan üçün Türkiyə sərhədinin açılması yeni bazarlara çıxış, tranzit imkanlarının genişlənməsi, logistika xərclərinin azalması və xarici investisiyalar üçün daha əlverişli mühitin formalaşması deməkdir. Belə iqtisadi dividendlərə ən çox ehtiyac duyan tərəf məhz Ermənistandır.
Ruben Rubinyanın “Azərbaycan Türkiyədən əvvəl addım atdı” tezisi daha çox siyasi təsir yaratmağa hesablanmış ritorikadır. Azərbaycan və Türkiyə eyni strateji məqsədləri bölüşsələr də, onların qərarvermə mexanizmləri və regional məsuliyyətləri fərqlidir.
Azərbaycan müharibədən sonrakı sülh prosesinin birbaşa iştirakçısıdır, Türkiyə isə NATO üzvü, regional güc və Azərbaycanın strateji müttəfiqi kimi daha geniş təhlükəsizlik müstəvisindən və maraqlarından çıxış edir. Buna görə də iki proses arasında paralellər aparmaq siyasi baxımdan doğru yanaşma hesab oluna bilməz. Əslində, Rubinyanın bəyanatı daha çox beynəlxalq ictimai rəyə hesablanmış və Türkiyəyə ünvanlanmış diplomatik mesaj xarakteri daşıyır.
Məqsəd normallaşmanın ləngiməsinə görə məsuliyyətin müəyyən qədər təsmi Ankaranın üzərinə yönəltməkdir. Lakin son illərin siyasi təcrübəsi göstərir ki, Türkiyə emosional çağırışlarla deyil, uzunmüddətli dövlət maraqları və strateji hesablamalar əsasında qərarlar qəbul edir.
Bugünkü reallıq ondan ibarətdir ki, Cənubi Qafqazda yeni siyasi nizam 2020-ci ildən sonra formalaşıb və bu reallığın əsas müəllifi Azərbaycandır. Regionun gündəliyini artıq status-kvo deyil, sülh sazişi, kommunikasiyaların açılması, iqtisadi inteqrasiya və təhlükəsizlik mexanizmlərinin qurulması müəyyən edir.
Ermənistan–Türkiyə münasibətlərinin gələcək taleyi də məhz bu proseslərin nəticəsindən asılı olacaq. Başqa sözlə, normallaşma, həqiqətən də, zaman məsələsidir. Ancaq həmin zamanı siyasi bəyanatlar deyil, imzalanacaq razılaşmaların icrası, qarşılıqlı etimadın möhkəmlənməsi və regionda dayanıqlı sülhün təmin olunması müəyyən edəcək.
P.ƏFƏNDİYEV
XQ