Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın inkişafı Cənubi Qafqazın yeni geosiyasi və geoiqtisadi reallıqları fonunda xüsusi əhəmiyyət qazanır. Oktyabrın 30-da keçirilən Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 11-ci iclasında müzakirə olunan məsələlər iki ölkənin münasibətlərinin yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində məhdudlaşmadığını, daha geniş regional maraqlara xidmət etdiyini göstərir.
Xüsusilə Orta Dəhlizin inkişafı, nəqliyyat infrastrukturunun modernləşdirilməsi, enerji təhlükəsizliyi və sərhəd-keçid imkanlarının genişləndirilməsi istiqamətində aparılan müzakirələr Bakı ilə Tbilisinin regional inteqrasiyada mühüm rol oynadığını nümayiş etdirir. Hazırkı beynəlxalq şəraitdə alternativ nəqliyyat marşrutlarına tələbatın artması Azərbaycan-Gürcüstan əməkdaşlığını daha da aktuallaşdırır.
Orta Dəhliz artıq yalnız regional nəqliyyat layihəsi deyil, Avropa ilə Asiya arasında ticarət əlaqələrinin şaxələndirilməsi baxımından strateji əhəmiyyət daşıyan beynəlxalq marşrut kimi qiymətləndirilir. Rusiya-Ukrayna müharibəsi, ənənəvi logistika xətlərində yaranan məhdudiyyətlər və qlobal təchizat zəncirlərindəki dəyişikliklər alternativ marşrutların əhəmiyyətini artırıb. Azərbaycan və Gürcüstan isə bu prosesdə Xəzər hövzəsi ilə Qara dəniz arasında mühüm bağlantı yaradır. Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi, liman və sərhəd infrastrukturlarının təkmilləşdirilməsi yükdaşımaların sürətləndirilməsinə, tranzit xərclərinin azaldılmasına və regionun beynəlxalq logistika sistemində mövqeyinin möhkəmlənməsinə xidmət edə bilər.
İki ölkə arasında sərhəd-keçid imkanlarının genişləndirilməsi də iqtisadi əməkdaşlığın praktiki nəticələrindən biri kimi qiymətləndirilməlidir. Ağstafa-Qardabani istiqamətində yeni keçid imkanlarının yaradılması mövcud sərhəd məntəqələrində yüklənmənin azaldılması və ticarət dövriyyəsinin artırılması baxımından əhəmiyyətlidir. Bununla yanaşı, Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələlərinin gündəmdə saxlanılması ikitərəfli münasibətlərdə hüquqi müəyyənliyin təmin olunmasına yönəlmiş mühüm istiqamətdir. Keşikçidağ ətrafındakı həssas məsələlərin də qarşılıqlı dialoq və beynəlxalq hüquq prinsipləri əsasında həll edilməsi hər iki dövlətin maraqlarına uyğundur. Bu baxımdan sərhəd məsələlərinin siyasi gərginlik predmetinə çevrilmədən diplomatik müstəvidə müzakirə olunması regional sabitlik üçün əhəmiyyətlidir.
Azərbaycan-Gürcüstan əməkdaşlığının digər mühüm istiqaməti enerji təhlükəsizliyidir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz Boru Kəməri uzun illərdir iki ölkəni beynəlxalq enerji bazarlarının mühüm tərəfdaşlarına çevirib. Hazırda isə yaşıl enerji layihələri, elektrik enerjisinin ixracı və Qara dəniz üzərindən Avropaya enerji bağlantılarının yaradılması perspektivləri əməkdaşlığın yeni istiqamətlərini formalaşdırır. Xüsusilə Azərbaycanın bərpaolunan enerji potensialının Gürcüstanın tranzit imkanları ilə birləşdirilməsi regionun Avropanın enerji təhlükəsizliyində iştirakını genişləndirə bilər. Bu proses həm də Cənubi Qafqazın yalnız ənənəvi karbohidrogen ehtiyatları ilə deyil, yeni enerji infrastrukturu vasitəsilə beynəlxalq əhəmiyyət qazanmasına şərait yaradır.
Məsələnin geosiyasi tərəfi isə Zəngəzur dəhlizi və TRIPP layihəsi ətrafında aparılan müzakirələrlə birbaşa əlaqəlidir. Azərbaycanla Naxçıvan arasında yeni nəqliyyat bağlantısının yaradılması perspektivi regionda alternativ tranzit marşrutlarının formalaşmasına imkan verə bilər. Bunun Gürcüstan üzərindən keçən mövcud nəqliyyat xətlərinə təsiri isə ayrıca qiymətləndirilməlidir. İlk baxışdan yeni marşrutların müəyyən rəqabət yaratması mümkün görünsə də, uzunmüddətli perspektivdə onların bir-birini tamamlaması daha geniş iqtisadi imkanlar aça bilər. Çünki beynəlxalq yükdaşımalar üçün yalnız bir marşrutdan asılılığın azaldılması, alternativ keçidlərin mövcudluğu və logistika şəbəkələrinin şaxələndirilməsi mühüm üstünlüklərdir. Bu mənada Zəngəzur istiqamətində kommunikasiyaların açılması Azərbaycan–Gürcüstan əməkdaşlığının əhəmiyyətini avtomatik azaltmır, əksinə, Cənubi Qafqazın ümumi tranzit potensialının genişlənməsi üçün əlavə imkanlar yarada bilər.
Nəticə etibarilə, Azərbaycan və Gürcüstan arasında aparılan son müzakirələr Cənubi Qafqazın iqtisadi və siyasi gələcəyinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bakı və Tbilisi arasında formalaşmış qarşılıqlı etimad, uzunmüddətli enerji tərəfdaşlığı və ortaq nəqliyyat maraqları regionda sabit əməkdaşlıq modelinin inkişafına şərait yaradır. Bununla yanaşı, yeni geosiyasi şərait hər iki dövlətdən mövcud infrastrukturun modernləşdirilməsini, sərhəd prosedurlarının sadələşdirilməsini və beynəlxalq tranzit rəqabətinə uyğun çevik siyasət yürüdülməsini tələb edir. Azərbaycanın regional nəqliyyat təşəbbüslərinin genişlənməsi və Gürcüstanla strateji tərəfdaşlığının dərinləşməsi Cənubi Qafqazın Avropa ilə Asiya arasında daha əhəmiyyətli iqtisadi bağlantı məkanına çevrilməsi perspektivini gücləndirir.
Züriyə Qarayeva