Bakı küçələrini yenə su basacaq? Qurumdan VACİB AÇIQLAMA

02.10.2026

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Payız fəslinin gəlişi ilə Bakıda yağıntılı hava şəraiti və bunun şəhər infrastrukturuna təsiri yenidən gündəmə gəlib.

BAKU.WS-in məlumatına görə, güclü yağış zamanı paytaxtın bir sıra küçə və prospektlərində suyun yollarda və yaşayış ərazilərində toplanması, hərəkətin çətinləşməsi və bəzi ərazilərdə nəqliyyatın iflic olması artıq təkrarlanan problemlər sırasındadır.

Xüsusilə intensiv yağıntılar zamanı kanalizasiya və yağış sularının axıdılması sisteminin yüklənməsi şəhərin müxtəlif ərazilərində su basma riskini artırır. Bu isə həm sürücülər, həm piyadalar, həm də küçə və yol infrastrukturu üçün ciddi çətinliklər yaradır.

Payız-qış mövsümündə yağıntıların artması fonunda Bakıda küçələrin yağış sularından qorunması üçün hansı işlər görülüb və ötən illərdə müşahidə olunan mənzərənin yenidən təkrarlanması təhlükəsi varmı?

Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, payız mövsümü ilə əlaqədar İri Şəhərlərin Su Təchizatının tabeli qurumları hazırda cari hazırlıq tədbirlərini həyata keçirirlər:

"Rayon sukanal idarələri plana uyğun olaraq mövcud yağış barmaqlıqlarının və suqəbuledici qurğuların təmizlənməsi, yağış xətlərinin yuyulması, kollektor və şəbəkələrin texniki vəziyyətinin yoxlanılması, eləcə də mümkün yağıntılar zamanı su axınının maneəsiz yönləndirilməsi üçün zəruri tədbirlər görürlər. Bu işlərə texnika və canlı qüvvə cəlb olunur, əsas diqqət yağış sularının toplanmasının qarşısının alınmasına, mövcud şəbəkələrin yağış mövsümünə hazır vəziyyətə gətirilməsinə yönəldilir.

Yəni hazırkı mərhələdə xidmətin mövcud infrastruktur və texniki imkanları çərçivəsində yağış mövsümünə hazırlıq məqsədilə bütün zəruri tədbirlər görülür. Mövcud imkanlar hesabına həyata keçirilən cari və texniki tədbirlər əsasən operativ və mövsümi xarakter daşıyır. Şəhərin yağış sularının idarə olunması ilə bağlı uzunmüddətli, kompleks və fundamental nəticələrin əldə olunması isə Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan iri infrastruktur layihələrinin icrası ilə mümkün olacaq.

2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq Bakı şəhəri və Abşeron yarımadasında tullantı suların idarə olunması, kanalizasiya və yağış infrastrukturunun təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm layihələr nəzərdə tutulub. Bu layihələrin mərhələli şəkildə icrası mövcud infrastrukturun əhatə dairəsinin genişləndirilməsi, yeni kanalizasiya xətlərinin və kollektorların inşası, yağış sularının daha səmərəli idarə olunması və şəhərin müxtəlif ərazilərində yağış sularının toplanması risklərinin azaldılması istiqamətində əhəmiyyətli nəticələrin əldə edilməsinə hesablanıb".

Qurumdan həmçinin qeyd edilib ki, hazırda Dövlət Proqramı çərçivəsində müəyyən ərazilərdə tikinti-quruculuq işlərinə başlanılıb:

"Xüsusilə qeyd edək ki, burada söhbət yalnız ayrı-ayrı küçə və ərazilərdə lokal tədbirlərin görülməsindən deyil, şəhər miqyasında yağış sularının idarə olunmasını təmin edəcək sistemli infrastrukturun formalaşdırılmasından gedir.

Nəticə etibarilə, indiki halda həm mövsümə hazırlıq, həm də daha genişmiqyaslı infrastruktur yenilənməsi istiqamətində paralel iş aparılır".

Orxan Hüseyn

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью