Bakı London münasibətlərində yeni dövr: “Azərbaycanlı tələbələrin...”

18.11.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanla Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni imkanlar yaranır.

İki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə ali təhsil, peşə təhsili, elmi tədqiqatlar, süni intellekt və innovasiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur.

Sənəd çərçivəsində universitetlərarası tərəfdaşlıqların, tələbə və peşəkar mübadilələrinin təşviqi də diqqət mərkəzindədir.

Bəs bu razılaşma azərbaycanlı gənclərin Böyük Britaniyada təhsil imkanlarına necə təsir göstərəcək? Təqaüd proqramlarının və tələbə mübadilələrinin genişləndirilməsi gözlənilirmi?

“Cebheinfo.az”-a açıqlamasında deputat Ceyhun Məmmədov bildirib ki, çox önəmli bir sənəddən söhbət gedir. 

O qeyd edib ki, bu gün Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlər və əlaqələr ən yüksək səviyyədədir:

“Hesab edirəm ki, münasibətlərin bu istiqamətdə inkişafı ümumi prosesə öz töhfəsini verəcək. Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlıq hər zaman yüksək səviyyədə olub. Tərəflər müxtəlif sahələrdə və istiqamətlərdə əməkdaşlıq ediblər.

Cənab Prezident İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnham tərəfindən imzalanan sənəd strateji əhəmiyyət daşıyır.

Bu sənəd təhsil sahəsində, o cümlədən ali təhsil, peşə təhsili, rəqəmsal və texniki bacarıqların inkişafı, elmi tədqiqatlar, süni intellekt və innovasiya baxımından xüsusi önəm daşıyır.

Eyni zamanda, tədqiqat universitetləri ilə sənaye müəssisələri arasında tərəfdaşlığın təşviqi baxımından da mühüm əhəmiyyətə malikdir”.

Onun sözlərinə görə, burada tələbə və təcrübə mübadiləsi də önəmlidir:

“Təbii ki, bu sənəd azərbaycanlı tələbələrin Böyük Britaniyada və Şimali İrlandiya Birləşmiş Krallığında təhsil almasına töhfə verəcək, onlar üçün əlavə imkanlar yaradacaq.

Təqaüd proqramları və tələbə mübadilələri daha da genişlənəcək. Bu da öz növbəsində Azərbaycan təhsilinə, ölkəmizin təhsil mühitinə və bu sahədə əldə etdiyi uğurlara töhfə verəcək.

Bu gün Böyük Britaniya dünyanın ən güclü təhsil sistemlərindən birinə malikdir və bu sahədə kifayət qədər böyük uğurlar qazanıb.

Ölkəmizlə Böyük Britaniya arasında belə bir sənədin imzalanması təhsilin inkişafına, birmənalı olaraq, mühüm töhfə verə bilər.

Bu mənada, çox önəmli və vacib bir sənəddən, razılaşmadan söhbət gedir. Bu qərar yalnız alqışlanmalı və təqdir olunmalıdır”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью