Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İnnovativ yanaşmaların tətbiqi ilə davamlı inkişaf yolunda mühüm addımlar atan Bakı Metropoliteni 2024-cü ili əhatə edən ilk “Dayanıqlılıq Hesabatı”nı hazırlayıb.
Qlobal Hesabat Təşəbbüsü (GRI) standartlarına uyğun tərtib olunan Hesabat müəssisənin dayanıqlı gələcəyə yönəlmiş fəaliyyətini əhatə etməklə yanaşı, şəffaflıq və hesabatlılıq prinsiplərinə sadiqliyini nümayiş etdirir.
Sənəddə korporativ idarəetmə, əməkdaşların sosial rifahı, təhlükəsizlik, xidmət keyfiyyəti, eləcə də ətraf mühit, sosial və idarəetmə (ESG) sahələrində görülən işlər öz əksini tapıb.
Şəhər nəqliyyatında dayanıqlılığın artırılması istiqamətində ardıcıl addımlar atan Bakı Metropoliteni sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsini və təhlükəsiz hərəkətin təminini əsas prioritet kimi müəyyənləşdirib.
2024-cü ildə Bakı metrosu 230 milyona yaxın sərnişinə xidmət göstərib.
Qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilədək metropoliten şəbəkəsinin genişləndirilməsi, xətlərin uzadılması və 10 yeni stansiyanın tikintisi nəzərdə tutulur.
Bu addımlar paytaxtın ictimai nəqliyyat sisteminin daha səmərəli və dayanıqlı inkişafına xidmət edəcək.