Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
28 oktyabr 1995-ci ildə metroda terror aktı baş verib
Dünya tarixində insan tələfatına görə ən böyük metro qəzası və terror aktı kimi qeydə alınan, 289 nəfərin həyatına son qoyan Bakı metrosundakı dəhşətli faciənin unudulmaz ağrısı və qurbanların əziz xatirəsi
Azərbaycan xalqının yaddaşına əbədi qara hərflərlə həkk olunmuş 28 oktyabr 1995-ci il tarixi ölkəmizin yaşadığı ən ağır və ağrılı faciələrdən biridir. Həmin gün axşam saatlarında Bakı Metropoliteninin "Ulduz" və "Nərimanov" stansiyaları arasında hərəkətdə olan qatarda baş verən dəhşətli yanğın və terror aktı nəticəsində 289 nəfər həlak olmuş, 265 nəfər yaralanmışdır.
Oktyabr 1995-ci il, şənbə axşamı. İşdən və dərsdən evə qayıdan minlərlə sərnişinlə dolu qatar "Ulduz" stansiyasından "Nərimanov" istiqamətinə hərəkətə başladıqdan qısa müddət sonra tuneldə qəfil qəza baş verdi.Vaqonların birində baş verən güclü partlayış və qısa qapanma nəticəsində qatı, zəhərli tüstü qatarı bürüdü. Qatardakı havalandırma sisteminin işləməməsi və tunelin dar olması vəziyyəti anındaca fəlakət həddinə çatdırdı. Elektrik enerjisinin dərhal kəsilməsi və qatarın tunelin dərinliyində qalması sərnişinləri qaranlıqda qoydu. Yüzlərlə insan zəhərli qazdan boğuldu, yüksək gərginlikli kontakt relsindən axan cərəyan isə faciənin miqyasını daha da artırdı.
Hadisə yerinə gələn yanğınsöndürənlər, xilasedicilər və tibb işçiləri saatlarla həyatları bahasına tuneldə insanları xilas etməyə çalışdılar. Lakin zəhərli qazın qatılığı bir çox sərnişinin və hətta xilasedicilərin həyatını xilas etməyə imkan vermədi.
İstintaq materiallarına və rəsmi araşdırmalara əsasən, bu dəhşətli qətliamın sadəcə texniki qəza deyil, xarici xüsusi xidmət orqanlarının və erməni terror təşkilatlarının Azərbaycan xalqına qarşı törөtdiyi planlaşdırılmış terror aktı olduğu sübuta yetirildİ. Terror aktının əsas təşkilatçılarından biri erməni əsilli separatçı terrorçular və onlarla əməkdaşlıq edən xüsusi xidmət orqanları idi.
Azərbaycan xalqını qorxutmaq, ölkədə xaos yaratmaq, dinc əhali arasında təşviş və inamsızlıq toxumu səpmək idi. Lakin Azərbaycan xalqı bu ağır sınaq qarşısında daha da sıx birləşdi, düşmənin çirkin əməlləri məkrli niyyətlərini aşkar etdi. Hər il oktyabrın 28-də Azərbaycan xalqı bu qanlı faciənin qurbanlarını dərin hüzn və ehtiramla yad edir.
Qurbanlar arasında müxtəlif yaş qruplarından olan dinc sakinlər, gənclər, qadınlar və uşaqlar var idi. Onların bir çoxu ailələrinə təkrar qovuşa bilmədilər. Bakı metrosunda və ölkə miqyasında həmin günün qurbanlarının əziz xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilir. "Ulduz" stansiyasının yaxınlığında qurbanların xatirəsinə ucaldılmış abidə hər zaman qərənfillərlə bəzədilir.
28 oktyabr 1995-ci il faciəsi xalqımızın yaddaşında heç vaxt silinməyəcək qanlı yaradır. Həmin gün həlak olan soydaşlarımızın ruhu qarşısında baş əyir, bu cür bəşəri cinayətlərin bir daha təkrarlanmamasını arzulayırıq. Şəhidlərimiz hər zaman qalbimizdə yaşayacaq!
Müşfiq MİRZƏ
XQ