Bakı metrosunda xətlər ayrılır

13.08.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Metropolitenində qırmızı və yaşıl xətlərin ayrılması istiqamətində layihənin icrasına başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Metropoliteni QSC-nin istismar üzrə baş mühəndisi Namiq Yusubov bildirib ki, layihənin əsas məqsədi qırmızı və yaşıl xətlərin müstəqil fəaliyyət göstərməsini təmin etməkdir.

Onun sözlərinə görə, xətlərin ayrılması üçün hər iki istiqamətin müstəqil fəaliyyət göstərə biləcəyi depo infrastrukturu yaradılmalıdır. Bu məqsədlə ilkin olaraq “Dərnəgül” deposunun tikintisinə başlanılıb.

Namiq Yusubov qeyd edib ki, ümumilikdə 25 qatar üçün nəzərdə tutulan depoda hazırda 12 qatar istismara verilib. Burada yaşıl xətt üzrə hərəkət edən qatarların texniki baxışının keçirilməsi və gündəlik istismarının təşkili üçün zəruri şərait yaradılıb.

Baş mühəndisin sözlərinə görə, “Dərnəgül” deposuna gedən təxminən 2 kilometrlik yol inşa olunub, mühəndis-texniki qurğuların tikintisinə başlanılıb. Eyni zamanda, işçi heyətinin fəaliyyəti üçün zəruri şərait yaradılıb və müvafiq əməkdaşların ayrılması həyata keçirilib.

Namiq Yusubov bildirib ki, xətlərin ayrılmasından sonra qırmızı xətt üzrə qatarların hərəkəti “Həzi Aslanov” stansiyasından “İçərişəhər” stansiyasına, yaşıl xətt üzrə isə “Dərnəgül” stansiyasından “Nizami” stansiyasına qədər təşkil olunacaq.

Onun sözlərinə görə, xətlərin ayrılması işlərinin tam başa çatdırılması təxminən 11 ay müddətinə planlaşdırılıb. Bu müddət ərzində birləşdirici tunelin də inşası nəzərdə tutulur.

Layihənin yekunlaşdırılmasından sonra qırmızı və yaşıl xətlərin müstəqil fəaliyyət göstərməsi metropolitendə qatarların hərəkətinin daha çevik və dayanıqlı təşkilinə, həmçinin qatarlararası intervalların təkmilləşdirilməsinə imkan verəcək.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью