Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Bakı Metropolitenində Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi üzrə tikinti işlərinə başlanılıb. Layihə çərçivəsində Cəfər Cabbarlı və Nizami stansiyaları arasında hər biri 200 metr uzunluğunda iki birləşdirici tunelin inşası nəzərdə tutulur.
Ölkə.Az-ın məlumatına görə, tunellərin tikintisi üçün iki müvəqqəti şaxta qazılıb. Birinci şaxta Cəfər Cabbarlı meydanında, ikinci şaxta isə “28 May” stansiyasının arxa hissəsində — Bakı Dəmiryol Vağzalının parkinq zonasında yerləşir. Layihə çərçivəsində hər iki şaxtanın və yanaşma tunellərinin inşası artıq tamamlanıb. Tunellərin əsas inşasına Dərnəgül elektrik deposunun birinci mərhələsi başa çatdıqdan sonra başlanılacaq.
Tikinti işləri aparılan müddətdə Yaşıl xətt üzrə qatarların hərəkəti “28 May”–“Nizami” sahəsində dayandırılacaq. Qatarlar “Dərnəgül”–“Nizami” stansiyaları arasında hərəkət edəcək. Cəfər Cabbarlı–Xətai istiqamətində hərəkət əvvəlki qaydada təmin olunacaq. Qırmızı xətt üzrə isə hərəkətdə heç bir dəyişiklik nəzərdə tutulmur. “İçərişəhər” və “Həzi Aslanov” istiqamətlərində qatarlar indiki rejimdə fəaliyyət göstərəcək.
Layihə çərçivəsində “28 May” və Cəfər Cabbarlı stansiyaları arasında əlavə piyada tunelinin inşası da planlaşdırılır. Xətlər ayrıldıqdan sonra bu iki stansiya Yaşıl və Qırmızı xətlər arasında əsas keçid məntəqəsinə çevriləcək. Piyada tunelinin tikintisinə hazırda əsaslı təmir və yenidənqurma işləri aparılan Cəfər Cabbarlı stansiyasının birinci yolunda başlanılıb. Burada 7 metr dərinlikdə qazıntı və möhkəmləndirmə işləri həyata keçirilir. Piyada tunelinin ümumi uzunluğu təxminən 22 metr təşkil edəcək və layihə yekunlaşdırılanadək tam istifadəyə verilməsi nəzərdə tutulur.
"Bakı Metropoliteni" görülən işləri "tarixi mərhələ" kimi qiymətləndirib.
Belə ki, bütün bunlar sərnişinlər üçün real və gündəlik hiss olunacaq dəyişikliklər vəd edir. Yaşıl və Qırmızı xətlərin ayrılması qatarların hərəkətindəki qarşılıqlı asılılığı aradan qaldıracaq, nəticədə gecikmələr azalacaq və xüsusilə pik saatlarda qatarlar daha qısa intervalla hərəkət edəcək. “28 May” və Cəfər Cabbarlı stansiyalarında inşa ediləcək əlavə piyada tuneli sərnişin axınının daha rahat və təhlükəsiz bölüşdürülməsinə imkan verəcək. Eyni zamanda, bir xətdə baş verən texniki nasazlığın digər xəttə təsir etməməsi metroda ümumi sabitliyi artıracaq. Layihə həm də gələcəkdə yeni xətlərin və stansiyaların istifadəyə verilməsi üçün Bakı metrosunda mühüm infrastruktur bazası formalaşdıracaq.