Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakibaku saytına müsahibəsində deyib.
O bildirib ki, bu tədbirlərin məqsədi mövcud sistemin ötürücülük qabiliyyətini maksimum səviyyədə saxlamaq və intensiv yağışlar zamanı yaranan yüklənmənin təsirini azaltmaqdır:
"Son illərdə yağıntıların xarakterində dəyişiklik müşahidə olunur: bəzi hallarda qısa zaman ərzində yüksək intensivlikli leysanlar baş verir. Belə yağıntılar xüsusilə köhnəlmiş və yüksək yüklə işləyən infrastruktur üçün əlavə risk yaradır".
Agentlik sədri deyib ki, Bakıda kanalizasiya sistemlərinin bir hissəsinin köhnəlməsi, eləcə də şəhərin uzun illər ərzində sürətli və bəzi ərazilərdə plansız urbanizasiyası mövcud şəbəkələrə əlavə yük yaradıb: "Normal şəraitdə işləyən bəzi xətlər qısa müddətdə çox böyük həcmdə yağış suyu daxil olduqda tam ötürücülük qabiliyyətini təmin edə bilmir".
"Bu səbəbdən Bakı şəhəri və Abşeron yarımadasında içməli su, tullantı su və yağış sularının idarə olunmasının təkmilləşdirilməsi 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramında əsas istiqamətlərdən biri kimi müəyyən edilib. Proqram mərhələli şəkildə icra olunacaq və yeni kollektorların, şəbəkələrin və digər infrastrukturun yaradılması hesabına intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması nəzərdə tutulur", - deyə Z. Mikayılov əlavə edib.