Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.
Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başladı. Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Ümumdünya Turizm Təşkilatının və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Forum Gülüstan sarayında dünyanın 100-dən artıq ölkəsindən gəlmiş 500-dən çox xarici qonağı, ümumilikdə 2000-dən artıq nümayəndəni bir araya gətirdi.
Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş və proqram xarakterli çıxış etdi. Dövlət başçısı qeyd etdi ki, 2011-ci ildə əsası qoyulmuş və 2008-ci ildən başlanan “Bakı Prosesi”nin davamı olan bu Forum artıq sözün əsl mənasında effektiv və inklüziv beynəlxalq platformaya çevrilib. On beş illik inkişaf yolu göstərir ki, mədəniyyətlərarası və dinlərarası münasibətlər bu gün beynəlxalq gündəliyin əsas məsələləri olaraq qalır.
Prezident İlham Əliyev Azərbaycanın tarixən multikultural ölkə olduğunu, Avropa ilə Asiya arasında əsrlər boyu mədəni körpü rolunu oynadığını xatırlatdı. Onun sözlərinə görə, ölkəmizdə bütün xalqlar və dinlərin nümayəndələri yüksək həmrəylik və qarşılıqlı hörmət şəraitində, Azərbaycançılıq ideyası ətrafında birləşərək yaşayır. Bu birlik ən çətin sınaqlarda, o cümlədən İkinci Qarabağ müharibəsində özünü bir daha təsdiq etdi. Məhz həmin birliyə görə Azərbaycan xalqı müstəqil dövlətçilik ənənələri olmadığı dövrlərdə belə milli kimliyini, dilini və adət-ənənələrini qoruyub saxlaya bildi. Bu il isə Azərbaycan müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir.
Dövlət başçısı çıxışında beynəlxalq hüquq və ədalət məsələlərinə xüsusi toxundu. Bildirdi ki, Azərbaycan öz ərazi bütövlüyünü BMT Nizamnaməsinə və özünümüdafiə hüququna tam uyğun şəkildə bərpa edib, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni özü icra edib. Azərbaycanın keçdiyi yol - ədalətli müharibədə qalib gəlmək, lazımi məqamda dayanmaq və məğlub tərəfə qisas əvəzinə sülh təklif etmək təcrübəsi bu gün bir çox münaqişələrin həlli üçün örnək ola bilər. Bu baxımdan Prezident 2025-ci ilin avqust ayında Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistanla sülh sazişinin paraflanmasını Cənubi Qafqazda davamlı sülhə doğru atılmış tarixi addım kimi qiymətləndirdi.
Müasir dünyada artan geosiyasi gərginlik, dərinləşən qütbləşmə, ksenofobiya, islamofobiya və irqçilik təzahürlərinin genişlənməsi fonunda “Ortaq gələcək naminə dialoq” şüarının xüsusi aktuallıq daşıdığını deyən Prezident, münaqişələrin yeganə həllinin birgə səylərin birləşdirilməsində olduğunu vurğuladı. O, ikili standartlar siyasətinin beynəlxalq münasibətlərdən çıxarılmasının vacibliyini qeyd edərək, heç bir ölkənin müstəqil dövlətə necə yaşamalı olduğu barədə dərs keçə bilməyəcəyini bildirdi.
Forumun builki gündəliyi ənənəvi mədəni dialoqdan daha geniş olub, etimad və sülh quruculuğundan süni intellekt və rəqəmsal gələcəyə, gənclər liderliyindən muzeylərin inklüziv məkana çevrilməsinə qədər on əsas istiqaməti əhatə edir. Açılış günü başa çatarkən səslənən əsas çağırış dialoqun real əmələ, konkret əməkdaşlığa çevrilməsi oldu.
Kamran Əmirov,
YAP Qusar rayon təşkilatının sədri