Bakı qlobal siyasi platformadır

22.05.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Müasir beynəlxalq münasibətlər sistemində şəhərlər artıq sadəcə inzibati məkan deyil. Onlar təhlükəsizlik, iqtisadiyyat, iqlim siyasəti, miqrasiya, sosial inkişaf və beynəlxalq legitimlik məsələlərinin formalaşdığı yeni geosiyasi mərkəzlərə çevrilirlər. Bakıda keçirilən Dünya Şəhərsalma Forumu WUF13 də məhz bu kontekstdə qiymətləndirilməlidir.
Bu forum yalnız urbanizasiya və şəhərsalma məsələlərinin müzakirə olunduğu texniki platforma deyildi. WUF13 əslində XXI əsrin yeni qlobal idarəçilik arxitekturasının tərkib hissəsi kimi çıxış etdi. Forum göstərdi ki, Azərbaycan artıq yalnız enerji və nəqliyyat xəritəsində yer alan regional aktor olmaqla kifayətlənmək istəmir. Rəsmi Bakı qlobal normativ gündəliyin formalaşmasında iştirak edən dövlət modelinə keçid etməyə çalışır. COP29-dan sonra WUF13-ün də Bakıda keçirilməsi təsadüfi deyil. Bu, Azərbaycanın beynəlxalq sistemə verdiyi açıq siyasi mesajdır: “Biz yalnız proseslərin iştirakçısı deyil, həm də beynəlxalq gündəm formalaşdırmaq istəyən dövlətik.”
BMT-nin UN-Habitat platforması çərçivəsində təşkil olunan belə tədbirlər dövlətlərin beynəlxalq legitimlik kapitalını gücləndirir. Bu isə gələcəkdə siyasi nüfuz, diplomatik əlaqələr, investisiya mühiti və beynəlxalq etimad baxımından ciddi strateji üstünlüklər yaradır. WUF13 çərçivəsində Azərbaycanın təqdim etdiyi əsas siyasi narrativ bir neçə istiqamətdə xüsusi diqqət çəkdi. Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını beynəlxalq platformada təqdim etdi. Bu, post-münaqişə bərpasının ilk dəfə urbanizasiya və dayanıqlı inkişaf kontekstində qlobal müzakirəyə çıxarılması baxımından xüsusi siyasi və hüquqi əhəmiyyət daşıyır. Forum bir daha göstərdi ki, Azərbaycan özünü yalnız region dövləti kimi deyil, Şərqlə Qərb arasında siyasi və sivilizasiyalararası dialoq platforması kimi təqdim edir. Bu yanaşma artıq klassik diplomatiyadan daha çox “geosiyasi platforma dövləti” konsepsiyasına uyğun gəlir.
Uzun illər enerji dövləti kimi tanınan Azərbaycan son dövrdə özünü: yaşıl enerji, iqlim diplomatiyası,dayanıqlı inkişaf, şəhər transformasiyası, beynəlxalq tədbirlər mərkəzi kimi təqdim etməyə çalışır. Çünki müasir dünyada dövlətlərin nüfuzu artıq yalnız hərbi və iqtisadi güclə müəyyən olunmur. Beynəlxalq gündəmə təsir etmək və normativ çərçivələrin formalaşmasında iştirak etmək də strateji güc elementinə çevrilib.
WUF13 Azərbaycana nə qazandırdı?
• Yeni diplomatik əlaqələr
• Beynəlxalq təşkilatlarla institusional əməkdaşlıq
• İnvestisiya və urbanizasiya layihələri üçün etimad mühiti
• Bakı brendinin güclənməsi
• Turizm və xidmət sektorunda canlanma
• Azərbaycanın beynəlxalq siyasi görünürlüğünün artması
Belə forumların real təsiri tədbirin keçirildiyi günlərlə ölçülmür. Onların nəticələri sonrakı illərdə — beynəlxalq əlaqələrdə, investisiya qərarlarında, şəhər idarəçiliyində və dövlət imicində özünü göstərir. Bəli, Azərbaycanın şəhərsalma, infrastruktur, ekoloji tarazlıq və urban idarəetmə sahəsində həllini gözləyən problemləri mövcuddur. Lakin beynəlxalq platformaların əsas funksiyası məhz problemləri qlobal müzakirəyə çıxarmaq və transformasiya üçün siyasi iradə formalaşdırmaqdır.
Bəli bu gün, WUF13 Bakının beynəlxalq xəritədəki yerini daha da gücləndirdi. İndi əsas məsələ həmin forumların yaratdığı siyasi, hüquqi və institusional imkanları uzunmüddətli milli strategiyaya çevirməkdir.
Səftər Rəhimli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью