Bakı rəqəmsal keçidin regional mərkəzinə çevrilib

14.11.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

500-dən çox iştirakçının qatıldığı Süni İntellekt Sammiti insan kapitalının inkişafına qlobal dəstək qazandırır

Bakıda keçirilən II Süni İntellekt Zirvəsi Azərbaycanın regional innovasiya və texnoloji transformasiya mərkəzi kimi mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət və özəl sektorun nümayəndələrini, beynəlxalq texnologiya şirkətlərinin rəhbərlərini, ekspertləri və sahibkarları bir araya gətirən tədbir süni intellektin iqtisadi inkişaf və rəqabətqabiliyyətlilik üçün strateji rolunu ön plana çıxarır.

Noyabrın 13-də “The Ritz-Carlton Baku” hotelində işə başlayan zirvədə 500-dən çox iştirakçı təmsil olunur. “Arter”, “Facemark”, “Handex” və “Human Development Center” şirkətlərinin birgə təşkil etdiyi tədbirin baş sponsoru “Logo Group”, qızıl sponsoru “TIMES Consulting”, strateji tərəfdaşları isə 4SİM və “MegaSec”dir.

Zirvənin əsas məqsədi süni intellektin biznes proseslərinə inteqrasiyasını sürətləndirmək, beynəlxalq təcrübəni yerli innovasiya ekosisteminə gətirmək və texnoloji əməkdaşlığı genişləndirməkdir. Gün ərzində fəaliyyət göstərən “AI Playground” və “Connection Hub” platformaları iştirakçılara yeni texnoloji həlləri sınaqdan keçirmək və biznes əlaqələri qurmaq imkanı yaradır.

Rəsmi açılışda “Facemark”ın həmtəsisçisi Rafiq Hunaltay süni intellektin biznes üçün strateji əhəmiyyətindən danışıb. Mərkəzi Asiya Süni İntellekt Assosiasiyasının sədri, Özbəkistanın sabiq xarici işlər naziri Vladimir Norov regional əməkdaşlıq perspektivlərini vurğulayıb. Azərbaycan Kibertəhlükəsizliyi Agentliyinin icraçı direktoru Rauf Cabarov və “Cyberpoint” şirkətinin direktoru Elvin Balacanov isə kibertəhlükəsizlik və rəqəmsal hüquqi tənzimləmə məsələlərinə toxunublar. “Logo Group”un texniki direktoru İsmail Duran və “MegaSec”in direktoru Qabil Qasımov da əsas məruzələrlə çıxış ediblər.

“Süni İntellektin gələcəyi” adlı paneldə “Microsoft”, “Prodware” və “SHI International Corp” şirkətlərinin nümayəndələri qlobal texnoloji trendləri, süni intellekt arxitekturasını və biznesdə tətbiq imkanlarını müzakirə ediblər. “Azerconnect Group”un Süni İntellekt Məhsulları Bölməsinin rəhbəri Lətif Məmmədlinin moderatorluğu ilə keçirilən sessiya beynəlxalq təcrübənin bölüşülməsi baxımından diqqət çəkib.

“İnsan və Süni İntellekt” adlı Davos formatlı paneldə isə texnoloji transformasiyanın əmək bazarına, təhsilə və insan kapitalına təsirləri təhlil olunub. bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ADNSU-nun rektoru professor Rüfət Əzizov, 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi İnarə Vəliyeva və “Nextool.ai”ın baş direktoru Cəfər Nəcəfov insan kapitalının yeni texnoloji reallıqlara uyğunlaşdırılması və təhsil sisteminin transformasiyası ilə bağlı fikirlərini bölüşüblər.

Zirvə çərçivəsində “Şuşa”, “Ağdam”, “Füzuli”, “Qubadlı”, “Tərtər” və “Laçın” zallarında 11 praktiki masterklas və ixtisaslaşmış sessiya da təşkil olunub. “Microsoft”, “Azercell Telekom”, “Azerconnect Group”, “Code Academy”, “Logo Business Solutions” və digər şirkətlərin mütəxəssisləri süni intellektin biznes idarəçiliyi, data analitikası, təhsil, insan resursları və kreativ sənayedə tətbiqinə dair müasir həlləri təqdim ediblər.

“AI Summit 2026”nın əhəmiyyəti yeni texnologiyaların nümayişi ilə məhdudlaşmır. Platforma dövlət, biznes, elm və təhsil sektorları arasında əməkdaşlığın genişləndirilməsinə, innovativ ideyaların praktiki layihələrə çevrilməsinə və Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafına xidmət edir.

Müasir dövrdə süni intellekt dövlətlərin iqtisadi potensialına və şirkətlərin rəqabət qabiliyyətinə təsir göstərən əsas amillərdəndir. Bu baxımdan beynəlxalq texnologiya nəhənglərinin və yerli mütəxəssislərin Bakıda bir araya gəlməsi Azərbaycanın regional innovasiya və texnoloji əməkdaşlıq mərkəzi kimi potensialını nümayiş etdirir.

Yusif YAQUBOĞLU,
Rauf İBRAHİMOV (foto)
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью