Bakı Şərqlə Qərbin həm də siyasi kəsişmə nöqtəsidir

02.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Xəzər regionunu birləşdirən Azərbaycanın qlobal önəmi artır

Şərq ilə Qərb arasındakı nəqliyyat marşrutlarının təhlükəsizlik parametrlərinin dəyişməsi Bakı ilə Mərkəzi Asiya paytaxtları arasındakı əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldir. Azərbaycanın həyata keçirdiyi çoxvektorlu və balanslaşdırılmış xarici siyasət kursu Xəzər hövzəsini birləşdirən vacib körpü statusunu daha da möhkəmləndirir. Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində 2026-cı il sentyabrın 1-də təşkil olunan “ŞƏT plyus” formatlı Zirvə toplantısı qitə miqyasında təhlükəsizlik, habelə iqtisadi əməkdaşlıq arxitekturasının tam fərqli parametrlərini müəyyənləşdirən qlobal miqyaslı hadisə sayılır.

Azərbaycan Respublikasının ali səviyyədə təmsil olunması Cənubi Qafqaz regionunun Mərkəzi Asiya, üstəlik, Şanxay Əməkdaşlıq Təşkilatının təsir dairəsi ilə strateji təmaslarının əsaslı şəkildə möhkəmləndiyini sübuta yetirir. Hazırkı mərhələdə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) qlobal ticarət yollarını, enerji təhlükəsizliyi xətlərini, eyni zamanda, mürəkkəb siyasi münasibətləri tənzimləyən ən aparıcı institutlardan hesab olunur. Rəsmi Bakının təşkilatla dialoq tərəfdaşlığı səviyyəsində qurduğu əlaqələr tamamilə rasional, qarşılıqlı maraqlara söykənən müstəqil xarici siyasət modelinin təzahürü xarakteri daşıyır.

Dövlətlərarası münasibətlərin institusional bazası son illərdə imzalanan strateji tərəfdaşlıq bəyannamələri, həmçinin təsis edilən Ali Dövlətlərarası Şuralar vasitəsilə mütəmadi möhkəmlənir. Azərbaycan ilə Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan arasında ali səviyyəli qarşılıqlı səfərlər qəbul edilən qərarların operativ icrasını təminata alır. Qarşılıqlı sərmayə qoyuluşları xarici iqtisadi asılılığı kəskin azaldır, milli iqtisadiyyatların dayanıqlılığını artırır, üstəlik, region daxilində sənaye kooperasiyasını gücləndirir. Daşkənd, Astana, Bişkek və Düşənbə şəhərləri ilə qurulan sıx iqtisadi təmaslar ticarət dövriyyəsinin həcmini dəfələrlə çoxaldır. Ortaq müəssisələrin yaradılması, sənaye zonalarında müştərək fəaliyyət və texnoloji mübadilə prosesləri Asiya bazarında tamamilə yeni rəqabətədavamlı istehsal klasterlərinin formalaşmasına yol açır. Sadalanan bütün amillər qlobal təlatümlər fonunda makroiqtisadi sabitliyin qorunmasına hesablanıb.

Türk Dövlətləri Təşkilatı çərçivəsində gedən inteqrasiya prosesləri Mərkəzi Asiya ilə Qafqazın konsolidasiyasında həlledici platforma funksiyasını yerinə yetirir. TDT artıq hərbi-siyasi, iqtisadi və logistik təhlükəsizlik blokuna transformasiya olunur. Üzv dövlətlər arasında gömrük prosedurlarının rəqəmsallaşdırılması, vahid tranzit tariflərinin tətbiqi və sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi istiqamətində ardıcıl tədbirlər icra edilir. Gələcək qlobal sarsıntılara qarşı dayanıqlılığın təmin edilməsi məqsədilə üzv ölkələr ortaq təhlükəsizlik konsepsiyası ətrafında cəmləşirlər. Silahlı qüvvələr arasında təcrübə mübadiləsi, müştərək istehsal imkanları və kəşfiyyat məlumatlarının bölüşdürülməsi regiondankənar təhdidlərin neytrallaşdırılmasına xidmət göstərir.

***

Qafqazın strateji mərkəzi hesab edilən Azərbaycan qitələri əlaqələndirən coğrafi kəsişmədə yerləşməsinin verdiyi üstünlükləri uğurlu diplomatik gedişlərlə siyasi kapitala çevirir. Avropa İttifaqının enerji ehtiyaclarının ödənilməsi, üstəlik, Asiyanın sənaye məhsullarının Qərb bazarlarına çıxarılması qarşılıqlı asılılıq yaradır. Mövcud vəziyyət Xəzər hövzəsinin əhəmiyyətini bəşəriyyət tarixində indiyədək görünməyən səviyyəyə çatdırır. Siyasi analitika nöqteyi-nəzərindən yanaşdıqda, rəsmi Bakı regional dövlətlər arasında balansı qoruyan tənzimləyici mərkəz missiyasını icra edir. Şimal–Cənub dəhlizinin inkişafına ayrılan diqqət, həmçinin Fars körfəzindən gələn yüklərin Rusiya və Avropa bazarlarına daşınması prosesi logistik çoxşaxəliliyi təmin edir. Mərkəzi Asiya respublikaları açıq dənizlərə çıxışı olmayan ölkələr qrupuna aid olduqlarından, onların xarici ticarət dövriyyəsinin genişlənməsi məhz tranzit imkanlarının şaxələndirilməsindən asılıdır. Hazırkı geosiyasi konyunktura həmin dövlətləri fərqli marşrutlar axtarışına sövq edir. Türkmənistan, Özbəkistan və Qazaxıstan rəhbərliklərinin rəsmi Bakı ilə fasiləsiz məsləhətləşmələri marşrutların təhlükəsizlik təminatını gücləndirir. Şanxay Əməkdaşlıq Təşkilatının əhatə etdiyi coğrafiya dünya əhalisinin, təxminən, yarısını, habelə qlobal ümumi daxili məhsulun əhəmiyyətli qismini təşkil etdiyi üçün belə nəhəng bazarla iqtisadi əlaqələrin intensivləşməsi milli gəlirlərin kəskin çoxalmasına gətirib çıxarır. Vahid pəncərə sisteminin tam formalaşdırılması bürokratik maneələri aradan qaldırır.

Orta Dəhliz – Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu qlobal ticarət xəritəsində ən təhlükəsiz, eyni zamanda, səmərəli quru arteriyası qismində mövqeyini qətiləşdirir. Çin Xalq Respublikasından Avropa qitəsinə yükdaşımaların müddətini əhəmiyyətli dərəcədə qısaldan marşrut üzərində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu xətti, həmçinin Xəzər dəniz gəmiçiliyi donanması tam gücü ilə fəaliyyət göstərir. Yüklərin daşınma müddətinin azaldılması üçün tətbiq olunan rəqəmsal dəhliz layihələri sərhəd-keçid məntəqələrində operativliyi dəfələrlə yüksəldir. Vahid logistik mərkəzlərin inşası malların daha sürətli çeşidlənməsinə, gömrük rəsmiləşdirilməsinin asanlaşdırılmasına şərait yaradır. Şərq ilə Qərb arasındakı mal dövriyyəsinin kəsilməzliyi qlobal iqtisadi sabitliyin təməl şərtlərindəndir. Həmin tranzit xətti Rusiya ərazisindən keçən Şimal marşrutuna sadə alternativ olmaqdan çox, qitələrarası əlaqələri xilas edən əsas can damarı statusunu daşıyır. Dənizlərə vasitəsiz çıxışdan məhrum olan Mərkəzi Asiya respublikaları üçün məhz qeyd olunan logistik damar iqtisadi canlanmanın yeganə qarantıdır.

ŞƏT-in təkamülü qlobal qütbləşmənin qarşısını alan effektiv beynəlxalq mexanizm qismində çıxış edir. “ŞƏT plyus” platforması müxtəlif dövlətləri ortaq maraqlar ətrafında cəmləşdirən inklüziv diplomatiya modelini xarakterizə edir. Təşkilatın üzvü olan dövlətlər ticarət, mədəniyyət, ekologiya, nəqliyyat və enerji məsələlərində həmrəylik nümayiş etdirərək gələcək onilliklərin inkişaf cizgilərini formalaşdırırlar. Xüsusilə nəqliyyat əlaqəliyi ŞƏT-in gündəliyində ən mühüm məsələlərdən hesab edilir. Asiya nəhəngləri ilə Avropa qitəsi arasındakı mal mübadiləsinin əsas mərkəzində dayanan Cənubi Qafqaz respublikaları həmin ticarətdən strateji dividendlər əldə edirlər. Rəsmi Bakı sadəcə tranzit ərazisi qismində çıxış etmir, eyni zamanda, nəqliyyat qovşaqlarının layihələndirilməsində, tikintisində, habelə idarəolunmasında intellektual mərkəz rolunu tam mənimsəyir, qeyd olunan istiqamətdə əsas icraçı funksiyasını daşıyır.

Mərkəzi Asiya regionu ilə qurulan strateji ittifaq təkcə regional mahiyyət daşımır, bütün qlobal güc balansına həlledici təsir göstərən qüvvəyə çevrilir. Orta Dəhliz, “yaşıl enerji” xətləri, rəqəmsal kommunikasiya marşrutları, TDT platforması, habelə ŞƏT müstəvisindəki fəal diplomatiya eyni geostrateji hədəfə istiqamətlənir. Avrasiya qitəsinin ayrılmaz ticarət, logistika və təhlükəsizlik qovşağı funksiyasını icra edən Rəsmi Bakı Şərqlə Qərb arasında etibarlı tərəfdaş statusunu qoruyur, inkişaf etdirir. Qardaş Asiya respublikaları ilə mütəmadi dərinləşən çoxtərəfli münasibətlər qarşıdan gələn qlobal dəyişikliklər epoxasında bütöv qitə məkanında sabitliyin, iqtisadi tərəqqinin ən vacib təminatçısı olaraq qalacaq.

Yusif ŞƏRİFZADƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью