Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İki ölkə arasında fərqli sahələr üzrə tərəfdaşlığın inkişafı imkanları genişdir
Azərbaycanın xarici siyasət kursunun əsas xüsusiyyətləri praqmatizmə, qarşılıqlı maraqlara və bərabərhüquqlu tərəfdaşlıq prinsipinə söykənməsidir. Rəsmi Bakı hər zaman ikitərəfli münasibətlərdə qarşılıqlı fayda, regional sabitlik, təhlükəsizlik və uzunmüddətli əməkdaşlıq meyarlarından çıxış edir. Məhz bu prinsip Azərbaycanın müxtəlif siyasi və iqtisadi sistemlərə malik dövlətlərlə etibarlı münasibətlər qurmasına imkan yaradıb.
“Keçirilən görüşlərin ikitərəfli əlaqələrimizin gələcək inkişaf dinamikasına mühüm töhfə verəcəyinə inanırıq”
Azərbaycan-İsveçrə əlaqələri də bu praqmatik yanaşmanın uğurlu nümunələrindən biridir. Fərqli coğrafiyalarda yerləşmələrinə baxmayaraq, hər iki ölkə siyasi dialoqun, iqtisadi əməkdaşlığın və beynəlxalq hüquqa əsaslanan münasibətlərin inkişafına xüsusi önəm verir. İllər ərzində formalaşan əməkdaşlıq mühiti ticarət, investisiya, maliyyə, humanitar sahələr və beynəlxalq platformalarda əlaqələrin genişlənməsinə zəmin yaradıb. Bu münasibətlər göstərir ki, qarşılıqlı hörmət və ortaq maraqlar üzərində qurulan tərəfdaşlıq uzunmüddətli və dayanıqlı nəticələr verir. Azərbaycanın balanslaşdırılmış və praqmatik xarici siyasəti İsveçrə ilə əlaqələrin də davamlı inkişafını təmin edən əsas amillərdən biri kimi çıxış edir və əməkdaşlığın gələcəkdə yeni istiqamətlər üzrə daha da dərinləşməsi üçün möhkəm əsas yaradır. Avqustun 4-də İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassisin ölkəmizə səfəri çərçivəsində keçirilən birgə mətbuat konfransında çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, İqnasio Kassis ilə görüşdə ikitərəfli münasibətlər, İsveçrənin sədri olduğu təşkilatlar çərçivəsindəki fəaliyyət, mövcud vəziyyət və perspektivlər, eyni zamanda, Azərbaycan-İsveçrə ikitərəfli gündəliyi, regionumuzdakı postmünaqişə vəziyyəti, Azərbaycan-Ermənistan normallaşma prosesi və bir sıra digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Ceyhun Bayramov bildirib ki, aparılan faydalı fikir mübadiləsinin və keçirilən görüşlərin ikitərəfli əlaqələrimizin gələcək inkişaf dinamikasına, eləcə də regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə inanırıq.
İnvestisiya əməkdaşlığında kifayət qədər balanslı yanaşma...
Azərbaycanda həyata uğurlu siyasət kursu, makroiqtisadi sabitliyin qorunması və sahibkarlığa dövlət dəstəyi ölkədə müsbət və münbit investisiya mühitinin formalaşmasına şərait yaradıb. Bu gün həm yerli, həm də xarici investorlar üçün etibarlı biznes mühiti mövcuddur. Xarici tərəfdaşlarımız bu imkanlardan uğurla istifadə edərək müxtəlif sahələrdə investisiya layihələri həyata keçirir və bununla da qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq əlaqələri genişlənir. Xüsusilə sənaye, energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı və yaşıl enerji istiqamətlərində reallaşdırılan birgə layihələr Azərbaycanın regional iqtisadi mərkəz kimi mövqeyini daha da gücləndirir. İnvestisiya əməkdaşlığının genişlənməsi ölkəyə yeni texnologiyaların, innovasiyaların və müasir idarəetmə təcrübəsinin cəlb olunmasına da mühüm töhfə verir. İsveçrə ilə də invesitisiya sahəsində əməkdaşlığın da mühüm potensialı mövcuddur. Nazir C.Bayramov bildirib ki, son 30 ilin nəticələrinə nəzər saldıqda İsveçrədən Azərbaycana 1,6 milyard ABŞ dolları, Azərbaycandan isə İsveçrə iqtisadiyyatına 2,3 milyard ABŞ dolları həcmində investisiya yatırıldığı görünür. Bu göstəricilər investisiya əməkdaşlığında kifayət qədər balanslı yanaşmanın formalaşdığını nümayiş etdirir. Xarici işlər naziri deyib ki, 2025-ci il qarşılıqlı ticarət dövriyyəsi baxımından kifayət qədər uğurlu olub. Həmin il iki ölkə arasında ümumi ticarət dövriyyəsi 1,8 milyard ABŞ dollarına yaxın təşkil edib. Nazir onu da qeyd edib ki, Azərbaycanda 110 İsveçrə şirkəti qeydiyyatdan keçib. Onlardan 87-si aktivdir. Bu şirkətlər sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat, ticarət və digər sahələrdə fəaliyyət göstərirlər.
“Hazırda iki ölkə arasında bir sıra yeni sənədlər üzərində iş aparılır. Hesab edirik ki, yaxın zamanda əlavə razılaşmaların imzalanmasının şahidi olacağıq”, - deyə Ceyhun Bayramov əlavə edib.
Bundan başqa, Azərbaycan-İsveçrə Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasının keçirilməsi də planlaşdırılır. Nazir vurğulayıb ki, iclasın bu ilin payızında baş tutması gözlənilir. Komissiyanın iclası çərçivəsində və ya ona yaxın tarixdə biznes dairələrinin və özəl sektor nümayəndələrinin iştirakı ilə Birgə Biznes Forumunun keçirilməsi də faydalı ola bilər. C.Bayramov qeyd edib ki, ATƏT məkanında əməkdaşlığın gücləndirilməsi ölkələrin iqtisadi inkişafı və insanların rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
ATƏT-dən gözləntimiz...
Sirr deyil ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində post-münaqişə dövründə qarşıya çıxan ən ciddi problemlərdən biri genişmiqyaslı mina çirklənməsidir. Mövcud məlumatlara əsasən, ərazilərin təxminən 13 faizini əhatə edən bu təhlükə 1 milyondan artıq mina və partlamamış hərbi sursatın mövcudluğu ilə xarakterizə olunur. Bu amil həm insan həyatı, həm də regionun sosial-iqtisadi inkişafı üçün ciddi risklər yaradır. Belə ki, ümumilikdə 2020-ci ildən bəri 433 nəfər mina qurbanına çevrilib. Bu statistika göstərir ki, mina problemi hələ də ölkə üçün əsas təhlükəsizlik çağırışlarından biri olaraq qalır. Hazırda Azərbaycan dövləti bu mürəkkəb vəzifənin öhdəsindən əsasən öz daxili maliyyə resursları hesabına gəlir ki, bu da ölkənin məsuliyyətli və ardıcıl siyasətinin göstəricisidir. Bununla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində diqqət və resursların müxtəlif qlobal böhranlar arasında bölüşdürülməsi mina probleminin beynəlxalq gündəmdə lazımi səviyyədə yer almamasına səbəb olur.
Mövcud vəziyyət onu göstərir ki, mina probleminin həlli yalnız milli səviyyədə deyil, beynəlxalq humanitar gündəlik çərçivəsində qiymətləndirilməlidir. Bu baxımdan bir sıra vacib istiqamətlər ön plana çıxır. Bunlara beynəlxalq donorların daha fəal cəlb edilməsi, minatəmizləmə texnologiyalarına investisiyaların artırılması, beynəlxalq təşkilatlarla koordinasiyanın gücləndirilməsi və mina probleminin qlobal platformalarda daha aktiv şəkildə qaldırılması daxildir. Ceyhun Bayramov mətbuat konfransında bildirib ki, 2020-ci il müharibəsindən bəri Ermənistanın basdırdığı minaların partlaması nəticəsində 433 nəfər zərər çəkib. Minatəmizləmə işlərinin əsas hissəsini Azərbaycan öz resursları hesabına həyata keçirir. Bu sahədə ölkəmizə dəstək göstərən dövlətlər və beynəlxalq təşkilatlar olsa da, mövcud yardımın həcmi ehtiyacları tam qarşılamır. “ATƏT-dən gözləntimiz ondan ibarətdir ki, təşkilat minatəmizləmə sahəsində daha fəal rol oynasın, humanitar layihələrin həyata keçirilməsinə və bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə daha güclü dəstək versin”, - deyə nazir bildirib.
Regionun inkişafı üçün yeni imkanlar
Azərbaycanın təşəbbüsü ilə irəli sürülən Zəngəzur dəhlizi (TRİPP) regionun nəqliyyat və logistika sistemində yeni mərhələnin əsasını qoyur. Bu marşrutun tam istismara verilməsi Şərq-Qərb istiqamətində yükdaşımaların həcmini artıracaq, tranzit müddətini və nəqliyyat xərclərini azaldacaq. Dəhliz Orta Dəhlizin səmərəliliyini yüksəldərək Asiya ilə Avropa arasında ticarət əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək. Eyni zamanda, yeni iqtisadi reallıqlar fonunda regional əməkdaşlığın möhkəmlənməsi, investisiya axınının artması və logistika imkanlarının genişlənməsi üçün əlverişli zəmin yaradacaq. Zəngəzur dəhlizi (TRİPP) təkcə Azərbaycan üçün deyil, bütövlükdə Avrasiyanın iqtisadi inteqrasiyasını sürətləndirəcək strateji layihələrdən biri kimi qiymətləndirilir. Yeri gəlmişkən, yolun hazırlanması prosesi uğurla davam edir. Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan dövləti üzərinə düşən öhdəlikləri yüksək sürətlə yerinə yetirir. İlk növbədə, dəmir yolu xətlərinin çəkilməsi və avtomobil yolu layihələrinin icra səviyyəsi artıq kifayət qədər yüksəkdir. 2027-ci ilin əvvəlinədək hər iki layihənin Ermənistan sərhədinədək çatdırılması planlaşdırılır. O əlavə edib ki, Naxçıvan Muxtar Respublikası ərazisində təxminən 180 kilometr uzunluğunda dəmir yolu xətti mövcuddur. Lakin həmin xətt təxminən 30 il ərzində istismar olunmadığından onun bərpası üçün əlavə investisiyalara və genişmiqyaslı yenidənqurma işlərinə ehtiyac var. Bu istiqamətdə işlərə artıq başlanılıb. “Bundan əlavə, mühüm layihələrdən biri də Qars-İğdır-Dilucu dəmir yolu layihəsidir. Qardaş Türkiyə ərazisində bu layihənin tikintisi artıq başlanıb və icra prosesi davam edir.
Bütün bu layihələrin həyata keçirilməsi və vaxtında başa çatdırılması regionun inkişafı üçün yeni imkanlar yaradacaq. Bu, təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpasına xidmət etməyəcək, həm də Şərq-Qərb və Orta Dəhliz marşrutlarına yeni ölçü qazandıracaq”, - deyə C.Bayramov əlavə edib.
“Azərbaycanla əlaqələrimizi genişləndirmək niyyətindəyik”
Bakının Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqlar və irəli sürdüyü sülh gündəliyi beynəlxalq ictimaiyyət tərəfindən getdikcə daha çox dəstək qazanır. Postmünaqişə dövründə Azərbaycan regionda qarşıdurma deyil, əməkdaşlıq və iqtisadi inteqrasiya modelini ön plana çıxararaq davamlı sabitliyin təmin olunmasına yönəlmiş siyasət həyata keçirir. Xüsusilə Avropa ölkələri və Avropa institutları son dövrlərdə Cənubi Qafqazda sülhün bərqərar olmasının vacibliyini vurğulayır, Azərbaycanla siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bəyan edirlər. Bu yanaşma Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzunun daha da möhkəmləndiyini göstərir. Rəsmi Bakının praqmatik xarici siyasəti, təşəbbüskar diplomatiyası və regional sabitliyə verdiyi töhfə ölkənin beynəlxalq münasibətlər sistemində orta güc statusunu gücləndirən əsas amillərdən biri kimi çıxış edir. Bununla yanaşı, Azərbaycanın irəli sürdüyü təşəbbüslər regionun gələcək inkişafı üçün yeni əməkdaşlıq imkanları yaradır. İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycanın geosiyasi mövqeyi ölkəmizə mühüm hab rolunu oynamaq imkanı yaradıb. O qeyd edib ki, görüş zamanı bu imkanlar ətrafında da fikir mübadiləsi aparılıb. “Eyni zamanda, Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdik. Sülh sazişinin paraflanmasından bir il ötür. Ölkənizin bu prosesə verdiyi töhfəni yüksək qiymətləndirir və bunu məmnunluqla qarşılayırıq”, - deyə İqnasio Kassis əlavə edib.
İqnasio Kassis həmçinin Azərbaycanı ATƏT-in Nazirlər Şurasının iclasında da görmək istədiklərini önə çəkib. “Eyni zamanda, Azərbaycanla əlaqələrimizi mümkün olan bütün istiqamətlər üzrə daha da genişləndirmək niyyətindəyik”, - deyə o əlavə edib.
P.İSMAYILOV