Bakı TDT nin müdafiə imkanlarını əlaqələndirir

02.10.2026

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Təşkilatın müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə Yol Xəritəsi qəbul edilib

Müasir beynəlxalq münasibətlər sistemində güc mərkəzlərinin yenidən formalaşdığı, regional əməkdaşlıq platformalarının qlobal proseslərdə daha fəal mövqe qazandığı bir mərhələ yaşanır. Belə bir şəraitdə Türk Dövlətləri Təşkilatı (TDT) türkdilli dövlətlərin yalnız siyasi və iqtisadi deyil, həm də təhlükəsizlik və müdafiə imkanlarının əlaqələndirilməsi baxımından mühüm platformaya çevrilir. Təşkilata üzv və müşahidəçi ölkələrin geniş coğrafi əhatəsi, böyük iqtisadi potensialı, enerji və nəqliyyat imkanları, eləcə də artan müdafiə sənayesi qabiliyyətləri TDT-nin qlobal və regional proseslərdə çəkisini artıran əsas amillərdəndir.

Bu baxımdan Azərbaycanın əlaqələndirici rolu yenə də ön plana çıxır. Bakı son illərdə TDT çərçivəsində siyasi dialoqun, iqtisadi inteqrasiyanın, nəqliyyat və logistika əlaqələrinin, humanitar münasibətlərin və təhlükəsizlik əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində mühüm təşəbbüslərin mərkəzlərindən biri kimi çıxış edir. Azərbaycanın həm hərbi təcrübəsi, həm müdafiə sənayesinin inkişafı, həm də beynəlxalq müdafiə sənayesi əməkdaşlığında formalaşdırdığı geniş tərəfdaşlıq şəbəkəsi bu prosesə əlavə imkanlar yaradır.

Bakıda keçirilən ADEX sərgisi də bu baxımdan yalnız müdafiə məhsullarının nümayiş olunduğu beynəlxalq tədbir kimi qiymətləndirilə bilməz. Sərgi TDT məkanında müdafiə sənayesi potensialının qarşılıqlı tanıdılması, yeni texnologiyaların müzakirəsi, birgə istehsal və kooperasiya imkanlarının araşdırılması üçün mühüm platforma rolunu oynaya bilər. Burada TDT ölkələrinin şirkətləri arasında əlaqələrin genişlənməsi gələcəkdə müdafiə sənayesi sahəsində daha sistemli əməkdaşlığın formalaşmasına zəmin yarada bilər. Xüsusilə pilotsuz uçuş aparatları, elektron sistemlər, rabitə və kəşfiyyat texnologiyaları, zirehli texnika və digər müdafiə vasitələri üzrə təcrübə mübadiləsinin genişləndirilməsi Türk dövlətlərinin ayrı-ayrılıqda mövcud imkanlarının daha səmərəli şəkildə birləşdirilməsinə şərait yarada bilər. Bu mənada ADEX TDT daxilində müdafiə sənayesi əlaqələrinin yeni mərhələyə keçidi üçün praktik dialoq meydanlarından birinə çevrilmək potensialına malikdir.

İkinci iclas...

Yeri gəlmişkən, “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində oktyabrın 1-də TDT üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib. İclasda Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev və digər üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərləri iştirak ediblər. V.Mustafayev iclası açıq elan edərək tədbir iştirakçılarını salamlayıb, onları Azərbaycanda görməkdən məmnunluğunu bildirib. O qeyd edib ki, iclasın “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu, yalnız müzakirə aparmaq deyil, eyni zamanda, ölkələrin real sənaye imkanlarını, texnologiyalarını və potensial tərəfdaşlarını bir məkanda görmək imkanı verir.

Nazir Türk dövlətləri arasında münasibətlərin bu gün yüksəksəviyyəli dialoq, qarşılıqlı etimad və ortaq maraqlar üzərində inkişaf etdiyini, müdafiə sənayesi sahəsində əməkdaşlığın bu münasibətlərin getdikcə daha praktik və strateji istiqamətlərindən birinə çevrildiyini diqqətə çatdırıb.

İclasda kadr və mühəndislik potensialı, institusional əməkdaşlıq, birgə istehsal və sənaye kooperasiyası, tədqiqat, inkişaf və yeni texnologiyalar istiqamətində müzakirələr aparılıb, təşkilatın Baş katibi və üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərləri çıxış ediblər.

Sonda TDT-yə üzv dövlətlər arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə Yol Xəritəsi qəbul edilib. Qeyd edək ki, TDT-yə üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin birinci iclası ötən il Türkiyənin İstanbul şəhərində “IDEF 2025” sərgisi çərçivəsində keçirilib.

Birgə istehsal imkanları genişlənə bilər...

Vurğulandığı kimi, ADEX sərgisi TDT ölkələrinin hərbi müdafiə sənayesinin əlaqələndirilməsində mühüm bir platformaya çevrildi. Birgə istehsal imkanlarının təşviqi bunu deməyə əsas verir, ortada mühüm misallar da var. Məsələn, “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində “Bayraktar Teknoloji Azərbaycan” MMC (BTA) şirkətində çalışan azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış “KASIRGA” dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim edildi. 2022-ci ildə təsis edilmiş BTA şirkətinin ilk platforması olan “KASIRGA” dolanan sursatının azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanması xüsusi önəm daşıyır. 80 kilometrdən artıq rabitə məsafəsinə malik olan platforma “Bayraktar TB2”, “Bayraktar TB3” və ya “AKINCI” PUA-ları üzərindən rabitə retranslyatoru imkanından istifadə etməklə əməliyyatlar həyata keçirə bilir.

Və ya Türkiyənin “Turkish Aerospace” şirkətinin Azərbaycan üçün istehsal etdiyi “Hürkuş” yeni nəsil təlim təyyarəsi bunun ən real təsdiqidir. “Hürkuş” 1600 at gücündə güclü inkişaf etmiş təlim təyyarəsidir. Bu təyyarə tamamilə sensor ekranlı və beşinci nəsil təyyarələrə bənzər şəkildə, yəni uçuşa keçid zamanı təlimi asanlaşdıracaq formada dizayn edilib. Bu, texnoloji baxımdan ən inkişaf etmiş təlim təyyarələrindən biridir. Pilot bu təyyarə ilə təlimə başlayır, burada yeni nəsil, ən müasir rəqəmsal ekranları görür, sonra reaktiv mühərrikli təlimə keçir, ardınca yeni nəsil döyüş təyyarələri ilə uça bilir.

Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı da “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində ilk dəfə nümayiş etdirilən innovativ texnologiyalar sırasında yer alıb. Kamikadze tipli dronun uzunluğu 3,5, qanadının uzunluğu 3,2 metr, uçuş müddəti isə 2 saata bərabərdir.

Ölkəmizin birgə təhlükəsizlik arxitekturası qurmaq, əlaqələndirilmiş müdafiə sənayesi formalaşdırmaq üçün yaratdığı yol xəritəsi bununla da yekunlaşmır. “Birliyin Gücü-2026” birgə hərbi təlimi çərçivəsində oktyabrın 1-də Azərbaycan Ordusunun arsenalına yeni qəbul edilən və hazırda istifadədə olan silah və hərbi texnikanın sərgisi təşkil edilib. Sərgiyə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Özbəkistanın müdafiə naziri general-leytenant Şuxrat Xalmuxamedov baxış keçiriblər. Sərgidə müxtəlif növ silah sistemləri və hərbi texnika, o cümlədən ağır artilleriya qurğuları, radar əleyhinə sistemlər, toplar və pilotsuz uçuş aparatları nümayiş etdirilib.

Bütün bunlar isə Bakının öncüllüyü ilə formalaşan Türk ailəsi müdafiə mexanizminin detallarıdır. Azərbaycan növbəti dəfə türk birliiynin möhkəmləndirilməsi istiqamətində qətiyyətini ortaya qoyur.

Müdafiə sənayelərinin əlaqələndirilməsi vahid müdafiə mexanizminin formalaşmasına yol açacaq

Paralel olaraq müdafiə sənayesinin əlaqələndirilməsi TDT ölkələrinin kollektiv müdafiə sistemlərinin formalaşdırılması istiqamətində mühüm addımı kimi yadda qalır. Təsadüfi deyil ki, Azərbaycan hər zaman kollektiv müdafiə imkanlarının formalaşdırılması ilə bağlı təkliflərlə çıxış edir. Hətta 2023-cü ilin noyabrında Astanada baş tutmuş Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev bildirmişdi ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır: “Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır”.

Bu birliyin formalaşdırılması üçün isə ortada mühüm bir nümunə mövcuddur - Azərbaycan ilə Türkiyə arasında imzalanan “Şuşa Bəyannaməsi” yeni dövr üçün TDT-nin hərbi əməkdaşlıq doktrinası rolunda çıxış edə bilər. Şuşa Bəyannaməsinin yeni dövr üçün Türk hərbi əməkdaşlığının əsas istinad nöqtəsi seçilməsi əsaslı və arqumentlidir - müqavilə iki dövlət arasında imzalansa da, orada əksini tapan məsələlər vacibliyinə və yeni çağırışlar nöqteyi-nəzərdən kollektiv müdafiə mexanizminin yaradılmasında da iştirak etmək qabiliyyətindədir. Sənəddə beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub. TDT üzvü olan ölkələr də özlərinin müdafiə imkanlarının inteqrasiyasını məhz bu kriteriyalar üzrə inkişaf etdirə bilərlər. Bəyannamədə müdafiə məsələlərinin əks olunması isə elə hərbi-siyasi təhlükəsizliyin təmin olunmasına - istənilən təhdid və təcavüzün qarşısının alınmasına hesablanıb. Beləliklə, TDT bu yolla yeni imkanlar qazana, eyni hərbi əməkdaşlıqlar formalaşdıra və bölgəsəl təhlükəsizliyin təminatında qarantlar əldə etmiş olar.

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью