Icma.az bildirir, Redaktor.az portalına istinadən.
"Azərbaycan Respublikası İranla münasibətlərdə daim dinc yanaşmaya, qonşuluq prinsiplərinə, eləcə də İranda 30 milyondan çox Azərbaycan türkünün yaşaması və ölkə əhalisinin müsəlman olması məsələlərinə xüsusi diqqət ayırıb".
Politoloq Sədrəddin Soltan bu fikirləri Redaktor.az-a Azərbaycan-İran münasibətlərindən, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan haqqında söylədiyi fikirlərdən və Azərbaycan Prezidenti İlham Əliyevin iranlı həmkarına təşəkkür etməsindən danışarkən bildirdi.
O qeyd etdi ki, əksinə, zaman-zaman Tehran hakimiyyəti bu məsələləri, yəni Azərbaycanın vəziyyətini, Azərbaycan torpaqlarının işğal altında olmasını, Azərbaycanın xarici siyasətində irəli sürdüyü prioritet məsələləri nəzərə almayıb:
"Başqa sözlə, daim Azərbaycana qarşı təzyiqlər edib, Azərbaycanın əleyhinə fəaliyyət göstərib. Heç nəyə ehtiyac yoxdur, sadəcə İranın, İran hakimiyyətinin Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən başlayaraq torpaqlarımızın işğal altında olduğu müddətdə və ondan sonrakı mərhələdə Azərbaycana qarşı yönəltdiyi siyasətə diqqət etmək kifayətdir. Daim işğalçını müdafiə etmək, Azərbaycan torpaqlarının işğal altında qalmasına çalışmaq Tehran hakimiyyətinin siyasətinin əsas xüsusiyyətlərindən biri olub. Eləcə də Azərbaycanın xarici siyasətində dost bildiyi ölkələrə görə Azərbaycanı ittiham etmək, Azərbaycana qarşı fəaliyyət göstərmək də Azərbaycanın daxili işlərinə müdaxilədir. Digər tərəfdən, Azərbaycanda beşinci kolon yaratmaq, Azərbaycanın dövlət quruluşunu dəyişməyə yönəlmiş cəhdlər və sair bu kimi məsələlər də Tehran hakimiyyətinin Azərbaycana qarşı yönəltdiyi anti-Azərbaycan fəaliyyətinin nümunələrindəndir. Bütün bu məsələlərin zirvələrindən biri İran hakimiyyətinin Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror hücumu ilə bağlı tutduğu laqeyd mövqe oldu. Zaman-zaman İran hakimiyyəti Azərbaycana qarşı müxtəlif formada pisliklər edib. Bunun qarşılığında isə Azərbaycan təmkinlə fəaliyyət göstərib və Tehran hakimiyyətinin anti-Azərbaycan fəaliyyətlərinin qarşısını alıb. Amma bu, o demək deyil ki, Azərbaycan İrana düşməndir".
Müsahibimiz əlavə etdi ki, Azərbaycan Respublikası İranı daim özünə dost və qonşu dövlət hesab edir:
"Çünki bu ölkədə Azərbaycanla eyni dini paylaşan müsəlmanlar və Azərbaycan türkləri yaşayır. Azərbaycan türklərinin mədəniyyəti, milli varlığı və milli mövcudluğu Azərbaycan Respublikasının və Azərbaycan cəmiyyətinin əsas maraq dairəsində olan məsələlərdəndir. Həmçinin son 4-5 il ərzində İran Azərbaycanla münasibətləri normallaşdırmağa cəhd göstərib. İranın helikopter qəzasında həlak olmuş prezidenti İbrahim Rəisinin hökumətə başçılıq etdiyi dövrdə iki ölkə arasında münasibətlər normallaşmağa başladı. Daha doğrusu, münasibətlərin normallaşması prosesi genişləndi. Buna rəsmi Bakı tərəfindən də qarşılıq verildi. İndiki dövlət başçısı, Prezident Məsud Pezeşkian Azərbaycanı İran üçün ən yaxın dost və qonşu ölkələrdən biri hesab etdi. Onun Azərbaycan Prezidentinə göndərdiyi xoşməramlı mesajlar, Azərbaycana səfərləri, Azərbaycanı İrana yaxın dost dövlət hesab etməsi – bütün bunlar rəsmi Bakı, eləcə də dövlət başçısı İlham Əliyev tərəfindən hörmətlə qarşılanıb".
Siyasətçi bildirdi ki, İrana qarşı həyata keçirilən hərbi əməliyyatlar dövründə Azərbaycan tərəfi yenə də İrana humanitar yardımlar göstərməklə İran əhalisinin və İran cəmiyyətinin daim yanında olduğunu, ona humanitar dəstək verəcəyini nümayiş etdirdi:
"Bu, xarici siyasətdir. İranın və ABŞ-nin bir-birinə qarşı həyata keçirdiyi siyasət iki ölkənin öz məsələsidir. Azərbaycanın İranın ABŞ-yə münasibətinə müdaxilə etməsi İranın daxili işlərinə qarışmaq olardı. Eyni zamanda, ABŞ-nin İrana qarşı davranışına müdaxilə etmək də ABŞ-nin xarici siyasətinə qarışmaq anlamına gələrdi. Bəs Azərbaycan bu məsələdə hansı mövqeyə üstünlük verir? ABŞ Azərbaycan üçün strateji tərəfdaşdır, İran isə Azərbaycanla qonşu və strateji maraqların mövcud olduğu dövlətdir. Buna görə Azərbaycan bu iki ölkə arasında bütün ziddiyyətli məsələlərin dinc və danışıqlar yolu ilə, insan itkisi və hərbi müdaxilə olmadan həll edilməsinin tərəfdarıdır. Azərbaycan bu siyasəti davamlı şəkildə həyata keçirir. Ona görə də Məsud Pezeşkianın məlum müşavirədə Azərbaycanın ünvanına xoş sözlər deməsi, daha doğrusu, Azərbaycanın həyata keçirdiyi dinc qonşuluq prinsiplərinə əməl etdiyini vurğulaması Azərbaycanın İrana göstərdiyi xoşməramlı münasibətin qarşılığını ifadə edir. Bunun qarşılığında İlham Əliyevin də Məsud Pezeşkiana Azərbaycanın ünvanına xoş sözlər dediyinə görə təşəkkür etməsi normal haldır. Bu, iki ölkə arasında diplomatik, iqtisadi və digər münasibətlərin inkişaf etdirilməsi, əlaqələrin gücləndirilməsi baxımından mühüm addımdır. Bu, həm də Azərbaycanın İrana göstərdiyi münasibətin təzahürüdür. Azərbaycan İrana firavanlıq arzulayır, Azərbaycan İrana sülh arzulayır, Azərbaycan İranla əməkdaşlıq etmək istəyir, Azərbaycan İranla dinc yanaşı yaşamaq istəyir.
Sədrəddin Soltanın sözlərinə görə, bu həm də 80-90 milyona yaxın İran əhalisinə verilən mesajdır:
"Eyni zamanda, 30 milyondan çox Güney Azərbaycan insanına mesajdır ki, Azərbaycan İranın dostudur və Azərbaycan İranla dinc yaşamağın tərəfdarıdır".
Xədicə BAXIŞLI