Bakı üçün ŞƏT in iki strateji önəmi...

31.08.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) əhatə etdiyi coğrafi miqyas, əhali sayı və siyasi, hərbi, iqtisadi potensial baxımından qlobal siyasətdə Qərbdən kənar güc mərkəzlərindən birinə çevrilir. Təşkilatda təmsil olunanların hamısı ŞƏT-i qlobal rəqbətin cəbhəsi kimi görmür: Çin və Rusiya təşkilat Qərblə rəqabət platformasıdırsa, Mərkəzi Asiya ölkələri, eləcə də dialoq tərəfdaşı kimi təmsil olunanlar üçün xarici siyasətin şaxələndirilməsi istiqamətlərindən biridir.

Lakin 36 milyon kvadratkilometr ərazini, 3,4 milyard əhalini və dünya ÜDM-in 23 faizindən çoxunu birləşdirən ŞƏT beynəlxalq münasibətlərdə qütblərdən biri olaraq önə çıxır.

Təşkilatda dialoq tərəfdaşı statusunda təmsil olunan Azərbaycan üçün ŞƏT iki strateji önəmə malikdir.

Birincisi, nəhəng iqtisadi bazarlara çıxışdır: təşkilatın əhatə etdiyi coğrafiya və potensialı Azərbaycana bu imkanları yaradır;

İkincisi, çoxvektorlu xarici siyasət formuluna əsasən qlobal rəqabətdə manevr imkanlarını genişləndirməkdir;

ŞƏT-də təmsilçilik eyni zamanda, Azərbaycanın Çinlə və regionun digər ölkələri ilə əməkdaşlığı inkişaf etdirmək, Mərkəzi Asiyada mövqelərini gücləndirmək və Orta dəhlizdə möhkəmlənmək baxımından əhəmiyyətlidir.

Azərbaycanın ŞƏT-də təmsilçiliyinin təşkilat üçün əhəmiyyəti də əvəzedilməzdir. Təşkilatın qlobal güc platformalarından birinə çevrilməsində tranzit imkanları əsas istiqamətlərdəndir. Yəni Avropa bazarına çıxış imkanı olmasa, ŞƏT-in qlobal rəqabətdə iştirak imkanları məhdudlaşır. Bu perspektivdə Azərbaycanın rolu böyükdür.

Çinlə Avropanı birləşdirən Orta dəhlizin əsas qovşağı Azərbaycandır. Çindən Avropaya gedən nəqliyyat marşrutunun Şimal - Rusiya və Cənub - İran dəhlizlərinin perspektivi də Orta dəhlizdən – Azərbaycandan keçir. Çünki hər iki ölkənin Qərblə qarşıdurması bu dəhlizlərin gələcəyini sual altına salıb, mümkün çıxış yolu daşımaların Şimal-Cənub nəqliyyat layihəsinin keçdiyi Azərbaycan üzərindən Avropa bazarına çıxarılması görünür. Avrasiyanın nəqliyyat şəbəkəsindəki bu reallıq Azərbaycanın ŞƏT-də vacib tərəfdaş rolunu gücləndirib.

Prezident İlham Əliyevin ŞƏT-in Bişkekdə keçirilən zirvə görüşündə iştirakı bu kontkestdə xüsusi əhəmiyyət kəsb edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью