Bakı Vaşinqton əlaqələri şaxələnməkdə davam edir

23.11.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Strateji tərəfdaşlıq gündəliyi genişlənir, regional sülh və iqtisadi əməkdaşlıq yeni imkanlar yaradır

Son illər Bakı–Vaşinqton siyasi dialoqunun intensivləşməsi, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsinin genişlənməsi və yeni əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi əlaqələrin dinamik xarakter aldığını göstərir. Bu proses Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, ABŞ-la tərəfdaşlığın isə dəyişən regional və qlobal şəraitdə yeni məzmun qazandığını nümayiş etdirir. Bu baxımdan Prezident İlham Əliyevin noyabrın 22-də ABŞ-ın daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul etməsi ikitərəfli münasibətlərin hazırkı gündəliyi və gələcək inkişaf istiqamətləri baxımından əhəmiyyətlidir.

Münasibətlərdə tarixi mərhələ

Prezident İlham Əliyev görüş zamanı əvvəlcə M.Mullinin bu ilin yanvarında ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator kimi Azərbaycana səfərini və onunla keçirdiyi görüşü xatırladıb, qonağı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib. Dövlətimizin başçısı 2026-cı ilin Azərbaycan–ABŞ əlaqələri üçün tarixi əhəmiyyət kəsb etdiyini bildirib. Bu çərçivədə ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin ölkəmizə səfərinin və səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının münasibətlərin genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb. Prezident İlham Əliyev ikitərəfli münasibətlərin ən yüksək səviyyəyə qalxmasında, eləcə də regionda sülhün təmin edilməsində ABŞ Prezidenti Donald Trampın səylərini yüksək qiymətləndirib. Azərbaycanın da ABŞ-la əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. 

ABŞ-ın daxili təhlükəsizlik naziri Azərbaycanla Ermənistan arasında sülh gündəliyi üzrə əldə edilmiş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb və bu prosesdə Donald Trampın rolunu qeyd edib. M.Mullin, həmçinin TRIPP layihəsinin əhəmiyyətinə toxunaraq, dəhlizin tam şəkildə fəaliyyətə başlamasının Azərbaycanla Ermənistan, eləcə də regionlar arasında bağlantıların, iqtisadi və ticarət əlaqələrinin inkişafına töhfə verəcəyini vurğulayıb.

Xartiya əlaqələrə yeni məzmun verir

Görüşün diqqətçəkən məqamlarından biri 2026-cı ilin ikitərəfli münasibətlər tarixində xüsusi yer tutması ilə bağlı Prezident İlham Əliyevin vurğuladığı fikirdir. Bu qiymətləndirmə təsadüfi deyil. ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ikitərəfli dialoqun yüksək səviyyədə olduğunu göstərməklə yanaşı, gələcək əməkdaşlıq üçün yeni imkanlar açır. Burada diqqətçəkən başlıca məqam tərəfdaşlığın yalnız mövcud əlaqələrin davam etdirilməsi ilə kifayətlənməməsi, yeni sahələrə yönəlməsi və qarşılıqlı maraqların daha geniş müstəvidə uzlaşdırılmasıdır.

Prezident İlham Əliyevin görüşdə bu məqamı xüsusi vurğulaması Azərbaycan tərəfinin münasibətlərin gələcəyinə verdiyi önəmi göstərir. Rəsmi Bakı ABŞ-la əlaqələrin inkişafını regional və beynəlxalq gündəlikdə baş verən dəyişikliklər fonunda dəyərləndirir. Bu yanaşma ölkəmizin xarici siyasətində mühüm yer tutan çoxşaxəli əməkdaşlıq xəttinə uyğundur. 

Trampın təşəbbüsü regionda yeni səhifə açıb

Prezident İlham Əliyevin görüşdə ABŞ Prezidenti Donald Trampın səylərinin həm Azərbaycan–ABŞ münasibətlərinin ən yüksək səviyyəyə çatmasında, həm də regionda sülhün təmin olunmasında mühüm rol oynadığını vurğulayıb. 2025-ci ilin avqustunda keçirilən Vaşinqton Sammiti Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşmasına təkan verdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həmin sammitdən sonra regionda yeni vəziyyət yaranıb və artıq 1 ildən çoxdur ki, sülh şəraitində yaşayırıq. Bu, uzun illər münaqişə və gərginliklə müşayiət olunan münasibətlərdə mühüm dəyişiklikdir.

Sülhün əldə olunması ilə yanaşı, onun qorunması və möhkəmləndirilməsi də vacibdir. Azərbaycanın mövqeyi regionda sabitliyin, qarşılıqlı etimadın və əməkdaşlığın inkişafına əsaslanır. Nazirin də sülh gündəliyi üzrə əldə edilmiş nailiyyətlərə görə Prezident İlham Əliyevi təbrik etməsi və Trampın rolunu vurğulaması ABŞ-ın bu prosesə verdiyi əhəmiyyəti göstərir. 

Ortaq təhlükəsizlik maraqları

ABŞ-ın daxili təhlükəsizlik nazirinin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü ikitərəfli münasibətlərin təhlükəsizlik istiqamətində də inkişaf perspektivlərini gündəmə gətirir. M.Mullinin əvvəl senator, indi isə nazir kimi ölkəmizə səfəri ABŞ-la siyasi təmasların davamlı xarakter aldığını göstərir.  Müasir dövrdə daxili təhlükəsizlik sərhədlərin mühafizəsi, terrorçuluğa qarşı mübarizə, qanunsuz dövriyyənin qarşısının alınması və miqrasiya proseslərinin idarə olunması kimi mühüm sahələri əhatə edir. Bu məsələlərin həlli dövlətlər arasında məlumat və təcrübə mübadiləsini, əlaqələndirilmiş fəaliyyəti zəruri edir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Şərqlə Qərb arasında mühüm nəqliyyat və logistika qovşağı olması təhlükəsizlik məsələlərində ölkəmizin əhəmiyyətini artırır. Regional sabitliyin qorunmasına verdiyimiz töhfə və beynəlxalq əməkdaşlıq təcrübəmiz də ABŞ-la bu sahədə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi üçün imkanlar yaradır. 

TRIPP: regionda əməkdaşlığın iqtisadi dayağı

Görüşdə TRIPP layihəsinin müzakirəsi də xüsusi əhəmiyyət daşıyır. TRIPP uzun illər münaqişə səbəbindən bağlı qalan kommunikasiyaların açılması, Cənubi Qafqazın tranzit imkanlarının genişləndirilməsi və yeni iqtisadi əlaqələrin qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan üçün layihə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında bağlantının təmin edilməsi və Şərq-Qərb nəqliyyat xəttində mövqelərinin möhkəmləndirilməsi deməkdir. Ermənistan isə regional kommunikasiyaların açılması sayəsində yeni tranzit və ticarət imkanları əldə edə bilər. Mullinin bu layihəyə xüsusi diqqət ayırması ABŞ-ın da regional bağlantıların inkişafında maraqlı olduğunu göstərir. Beləliklə, TRIPP Azərbaycan–ABŞ əməkdaşlığının iqtisadi və geosiyasi gündəliyini zənginləşdirən, regionda sülhün iqtisadi əsaslarını gücləndirə biləcək mühüm layihədir.

Dialoq davamlı xarakter alır

Prezident İlham Əliyevin görüş zamanı qarşılıqlı səfərlərin əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətini vurğulaması da diqqət çəkir. Belə təmaslar siyasi səviyyədə əldə olunan razılaşmaların konkret əməkdaşlıq istiqamətlərinə çevrilməsinə imkan yaradır. Mullinin yanvarda senator, noyabrda isə Birləşmiş Ştatların daxili təhlükəsizlik naziri kimi Azərbaycana səfəri ikitərəfli əlaqələrin ardıcıllığını göstərir. 

Azərbaycan ABŞ-la əlaqələrin inkişafında qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və milli maraqların uzlaşdırılmasına üstünlük verir. Bu prinsiplər siyasi dialoqun dərinləşməsi ilə yanaşı, təhlükəsizlik, iqtisadiyyat və nəqliyyat sahələrində yeni imkanlar yaradır. Noyabrın 22-də keçirilən görüş bu baxımdan ikitərəfli münasibətlərin genişlənən gündəliyinin daha bir mühüm təzahürüdür.

Səxavət HƏMİD

XQ

Ekspert rəyi

Rufiz QONAQOV, Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru

Azərbaycanla ABŞ arasında münasibətlərin son dövrdə dinamik inkişafı ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsi və regional geosiyasi proseslərdə artan rolunun mühüm göstəricisidir. 2026-cı il diplomatiyamızın tarixində xüsusi mərhələ kimi yadda qalır. ABŞ Vitse-prezidentinin ölkəmizə səfəri və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ikitərəfli əlaqələrin yeni məzmun və keyfiyyət mərhələsinə yüksəldiyindən xəbər verir. Prezident İlham Əliyevin amerikalı naziri qəbul etməsi bu siyasi dialoqun ardıcıl şəkildə davam etdirildiyini bir daha təsdiqləyir. Xüsusilə qeyd etmək lazımdır ki, əməkdaşlığımız ənənəvi siyasi və diplomatik münasibətlərlə məhdudlaşmır. O, enerji təhlükəsizliyi, nəqliyyat və logistika, rəqəmsal texnologiyalar, süni intellekt, investisiya, müdafiə və regional təhlükəsizlik kimi mühüm istiqamətləri əhatə edir. TRIPP layihəsi isə yeni regional əməkdaşlıq arxitekturasının formalaşmasında xüsusi önəm daşıyır.           Digər mühüm məqam Azərbaycan–Ermənistan sülh gündəliyinin irəliləməsi və ABŞ-ın bu prosesdə iştirakıdır. Davamlı sülhün təmin olunması regionda yeni iqtisadi imkanların, qarşılıqlı etimadın və əməkdaşlıq mühitinin formalaşması baxımından strateji əhəmiyyətə malikdir.

Azərbaycan bu gün yalnız regional proseslərin iştirakçısı deyil, həm də regionun gələcək siyasi, iqtisadi və nəqliyyat arxitekturasının formalaşmasında mühüm söz sahibi olan dövlətdir. ABŞ-la strateji əməkdaşlığın genişlənməsi isə ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirən əhəmiyyətli amillərdəndir. Əminliklə demək olar ki, Azərbaycan–ABŞ münasibətlərində yaranmış yeni mərhələ hər iki dövlət üçün geniş perspektivlər açır. Bu tərəfdaşlığın uğurlu inkişafı yalnız ikitərəfli əlaqələrə deyil, bütövlükdə Cənubi Qafqazda sülhə, təhlükəsizliyə və iqtisadi tərəqqiyə xidmət edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью