Bakı və Abşeronda su təchizatı sistemləri təkmilləşdiriləcək

26.01.2026

Icma.az bildirir, Sia Az portalına istinadən.

“Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi su təchizatının əsaslı şəkildə təkmilləşdirilməsinə yönəlib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun direktor müavini, direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru Zaur İmrani açıqlamasında bildirib ki, iqlim dəyişikliyinin təsirlərinin aradan qaldırılması Dövlət Proqramı çərçivəsində qarşıda duran əsas vəzifələrdəndir. Onun sözlərinə görə, əsas məsələlərdən biri respublika üzrə su ehtiyatlarının yenidən hesablanmasıdır. Çünki Azərbaycanda su ehtiyatlarının ümumi balansı sonuncu dəfə 1970-ci illərdə aparılıb. Sonrakı dövrlərdə bu balansın yenidən hesablanması problem olaraq qalır.

Z.İmrani qeyd edib ki, su ehtiyatları balansının hesablanması böyük elmi tədqiqat işidir və bunun üçün ciddi elmi potensial və ixtisaslı kadrlar tələb olunur. Çayların bol sulu və az sulu dövrləri nəzərə alınmaqla aparılan bu hesablamalar su ehtiyatlarının düzgün idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Mütəxəssis əhalinin suya qənaətlə yanaşmasının vacibliyini də vurğulayıb. Bildirib ki, Azərbaycanda mövcud su resurslarının 70 faizdən çoxu kənd təsərrüfatında suvarma məqsədləri üçün istifadə olunur. Qənaətli istifadə su qıtlığının azalmasına və resursların gələcək nəsillər üçün qorunmasına imkan yaradır.

“Ölkədə 30-dək yeni su anbarının tikilməsi nəzərdə tutulur. Bu anbarlar su ehtiyatlarının səmərəli idarə olunmasını təmin edəcək və quraqlıq dövrlərində su çatışmazlığının aradan qaldırılmasına kömək göstərəcək. Su itkilərinin azaldılması istiqamətində görülən tədbirlər və Prezidentin bu sahəyə xüsusi diqqəti nəticəsində əhalinin içməli su ilə təminatı 82 faizə çatdırılıb”,- deyə alim bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью