Icma.az, Avtosfer saytına istinadən bildirir.
Nəqliyyat eksperti Anar Əliyev Paris şəhərinə səfəri zamanı paytaxtın memarlıq xüsusiyyətləri, ictimai nəqliyyat sistemi və şəhərsalma yanaşması ilə bağlı təəssüratlarını bölüşüb.
Avtosfer.az xəbər verir ki, ekspert Parisin memarlıq üslubunun yalnız binaların fasadlarından ibarət olmadığını bildirib. Onun sözlərinə görə, şəhərin küçələri, binaları və tarixi abidələri vahid memarlıq ansamblı yaradaraq özünəməxsus atmosfer formalaşdırır.
Anar Əliyev Bakının Ağ Şəhər ərazisindəki memarlıq üslubunun Parisin bəzi xüsusiyyətlərini xatırlatdığını qeyd edib. Bununla belə, o vurğulayıb ki, başqa şəhərlərin ayrı-ayrı memarlıq elementlərini təkrarlamaqla onların ümumi atmosferini yaratmaq mümkün deyil. Bakı özünəməxsus, Paris isə öz tarixi və memarlıq kimliyi ilə seçilməlidir.
Ekspert Parisin nəqliyyat sisteminə də diqqət çəkib. O bildirib ki, 126 illik tarixə malik Paris metrosunda hazırda 321 stansiya fəaliyyət göstərir. Yeni tikilən xətlərdə qatarların bir qismi maşinistsiz hərəkət etsə də, köhnə metro stansiyalarında əlçatanlıqla bağlı ciddi çatışmazlıqlar mövcuddur. Xüsusilə uşaq arabası ilə hərəkət edənlər üçün bəzi stansiyalardan istifadə çətinlik yaradır.
Onun sözlərinə görə, Parisdə metro ilə yanaşı, şəhərətrafı RER qatar sistemi də geniş istifadə olunur. İki mərtəbəli qatarlardan ibarət bu nəqliyyat şəbəkəsi müəyyən mənada Abşeron dairəvi dəmir yolu xəttini xatırladır.
Parisin mərkəzində prioritet getdikcə avtomobillərdən ictimai nəqliyyata, piyadalara və velosipedçilərə doğru dəyişir. Şəhərdə əlçatan mühitin yaradılması, pandusların quraşdırılması və velosiped infrastrukturunun genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Velosiped zolaqlarının ümumi uzunluğu isə 1000 kilometri ötüb.
Ekspert Eyfel qülləsi ətrafında da nəqliyyat infrastrukturunda dəyişikliklər edildiyini diqqətə çatdırıb. Belə ki, turistlərin rahat hərəkət etməsi və məşhur tarixi abidəni daha əlverişli rakurslardan seyr etməsi üçün avtomobil yollarının bir hissəsində daraldılma işləri aparılıb.
Sonda Anar Əliyev Parisin yalnız memarlıq və nəqliyyat baxımından deyil, həm də tarixi və turistik xüsusiyyətlərinə görə diqqətçəkən şəhər olduğunu vurğulayıb.
Eltac Zülfüqaroğlu
bax.tvhttps://bax.tv/avto-moto-xeberler/baki-ve-parisin-ortaq-noqtesi-nedir-229121