Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının müasir beynəlxalq münasibətlər sistemində tutduğu mövqe, əldə etdiyi geostrateji nailiyyətlər və sürətlə genişlənən diplomatik coğrafiyası bilavasitə Prezident İlham Əliyevin uzaqgörən, məqsədyönlü və milli maraqlara söykənən xarici siyasət kursunun parlaq təzahürüdür. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu diplomatik strategiya nəticəsində Azərbaycan yalnız öz regionunda deyil, Qərbi Avropadan Mərkəzi və Cənub-Şərqi Asiyayadək geniş bir coğrafiyada etibarlı tərəfdaş, güclü iqtisadi aktora çevrilmişdir. Bu baxımdan, Kamboçya Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, mətbuata verilən birgə bəyanatlar iki ölkə arasında yeni bir əməkdaşlıq mərhələsinin əsasını qoymaqla yanaşı, Azərbaycanın Asiya-Pasifik regionu ilə əlaqələrinin keyfiyyətcə yeni müstəviyə yüksəldiyini göstərir.
İki dövlət arasında iqtisadi müstəvidə atılan addımlar və ticarət-sərmayə qoyuluşu sahələrində konkret hədəflərin müəyyənləşdirilməsi bu səfərin ən mühüm nəticələrindən biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, mövcud ticarət dövriyyəsinin həcmi tərəflərin malik olduğu həqiqi iqtisadi potensialı tam əks etdirmir və bu səbəbdən qarşılıqlı investisiya imkanlarının dəqiq müəyyənləşdirilməsi, birgə biznes forumlarının keçirilməsi və ticarət missiyalarının təşkili xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın zəngin enerji resursları, inkişaf etmiş nəqliyyat-loqistika infrastrukturu və Ələt Azad İqtisadi Zonası kimi strateji layihələri Kamboçya investorları üçün cəlbedici platforma təşkil edir, Kamboçyanın isə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) məkanındakı mövqeyi Azərbaycan məhsullarının bu bazara çıxışı üçün geniş imkanlar açır.
İqtisadi və ticarət münasibətləri ilə yanaşı, parlamentlərarası əlaqələrdə nümayiş etdirilən yüksək həmrəylik və qarşılıqlı dəstək ikitərəfli münasibətlərin siyasi sütununu təşkil edir. Həm Azərbaycan Milli Məclisi, həm də Kamboçya Parlamenti səviyyəsində dostluq qruplarının fəaliyyətinin canlandırılması, beynəlxalq parlament platformalarında — Parlamentlərarası İttifaqda, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində və digər çoxtərəfli qurumlarda vahid mövqedən çıxış edilməsi xüsusi önəm daşıyır. Bu parlament həmrəyliyi hər iki dövlətin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüququn norma və prinsiplərinə qarşılıqlı hörmətinin əyani sübutudur.
Səfər çərçivəsində Azərbaycan Respublikası ilə Kamboçya Krallığı arasında imzalanmış ikili sənədlər iki ölkə arasında normativ-hüquqi bazanın möhkəmləndirilməsinə xidmət edir. Xüsusilə, diplomatik pasport sahibləri üçün vizasız gediş-gəliş, iqtisadi, elmi-texniki, mədəni sahələrdə əməkdaşlıq, eləcə də dövlət xidmətlərinin göstərilməsi sahəsində təcrübə mübadiləsini nəzərdə tutan sazişlər praktiki müstəvidə böyük əhəmiyyətə malikdir. Bu kontekstdə, Azərbaycanın brendinə çevrilmiş "ASAN xidmət" modelinin Kamboçyada tətbiqi və təcrübə mübadiləsinin aparılması dövlət idarəçiliyi sahəsində mühüm yeniliklərə yol açır. Eyni zamanda, hər iki ölkənin münaqişələrdən və müharibə qalıqlarından əziyyət çəkmiş ərazilərində minatəmizləmə fəaliyyəti üzrə zəngin təcrübəyə malik olması bu sahədə humanist və texniki tərəfdaşlığın dərinləşməsinə imkan yaradır.
Bütün bu nailiyyətlərin ana xəttini dövlətimizin başçısının uğurlu xarici siyasəti və liderlik faktoru təşkil edir. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, balansı qoruyan diplomatiya nəticəsində Azərbaycan Şərqlə Qərb, Şimal və Cənub arasında körpü rolunu oynayır, Qoşulmama Hərəkatına uğurlu sədrliyi ilə qlobal miqyasda nüfuz qazanır. Kamboçya ilə diplomatik və iqtisadi bağların gücləndirilməsi də məhz bu uzaqgörən xarici siyasət strategiyasının növbəti məntiqi uğurudur. Azərbaycan Respublikası və Kamboçya Krallığı arasında qurulan bu ikitərəfli münasibətlər gələcəkdə hər iki xalqın rifahına, regional sabitliyə və qlobal əməkdaşlığa dəyərli töhfələr verməkdə davam edəcəkdir.
Səltənət Möhsünl
YAP Tərtər rayon təşkilatının məsləhətçisi