Icma.az bildirir, Oxu.az portalına istinadən.
31 yanvar 2026-cı il tarixində saat 11:00-da Sumqayıtda eksternat imtahanı keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.
İmtahanlar ilk dəfə elektron qaydada təşkil olunacaq.
Qeyd olunub ki, imtahanlar Sumqayıt şəhəri 1, 29 və 31 nömrəli tam orta ümumtəhsil məktəblərinin binalarında keçiriləcək.
Paytaxtda isə eksternat imtahanları 31 yanvar tarixində paytaxtdakı 10, 158, 229, 263 nömrəli tam orta ümumtəhsil məktəblərində və 220 nömrəli məktəb-liseydə təşkil olunacaq.
Eksternat imtahanlarında iştirak etmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta təhsil səviyyəsini başa vura bilməyən 371 nəfər, tam orta təhsil səviyyəsini başa vura bilməyən 1 126 nəfər olmaqla, ümumilikdə 1 497 şəxs qeydiyyata alınıb.
Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib, müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
Eksternat imtahanlarında uğur qazanacaq şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.