Bakıda 10,8 milyard dollarlıq forum keçirildi: Universitetlərimizin araşdırması nə oldu?

28.09.2026

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Forumda dünyanın böyük maliyyə institutlarının, texnologiya şirkətlərinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdilər. Xarici universitetlərdən alimlər də panellərdə görünürdü. Amma açıq mənbələrdə Azərbaycan universitetlərinin forumla bağlı hazırladığı ciddi iqtisadi tədqiqat və analitik məhsullara rast gəlmək çətindir".

Ölkə.az xəbər verir ki, bu tənqidi fikri Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Prəviz Məmmədov səsləndirib.

O bildirib ki, məsələ universitet nümayəndəsinin forumda iştirak edib-etməməsi deyil:

"Əsas sual budur: Azərbaycan universitetləri ölkədə baş verən belə böyük iqtisadi hadisəni hansı yeni biliyə çevirdi?

Məsələn, bu forum ətrafında belə tədqiqatlar hazırlana bilərdi:

“10,8 milyard dollarlıq investisiyaların Azərbaycan ÜDM-inə təsiri” “Yeni layihələrin məşğulluğa təsiri” “İnvestisiyaların sektorlar üzrə fiscal multiplier-i” “Xarici investisiyaların məhsuldarlıq və texnologiya transferinə təsiri” “Layihələrin regionlar üzrə GVA təsiri” “Hansı investisiyalar daha çox yüksək ixtisaslı iş yeri yaradacaq?” “Bu layihələrin vergi gəlirlərinə 5 və 10 illik təsiri”

Bunların hər biri professor, doktorant və tələbələr üçün hazır real tədqiqat mövzusudur. Tələbələrdən analitik qruplar yaradılıb 23 layihənin hər biri ayrıca modelləşdirilə bilərdi. Bu, tələbə üçün real iqtisadiyyat üzərində təhsil olardı. Professor üçün tətbiqi araşdırma imkanı olardı. Dövlət və biznes üçün isə əlavə analitik baza yaranardı".

Ekspert deyib ki, biz “araşdırma universiteti” anlayışını çox vaxt məqalə sayı, "Scopus" və reytinqlə ölçürük amma əsl test daha sadədir:

"Ölkədə 10,8 milyard dollarlıq iqtisadi hadisə baş verirsə, universitet bunun haqqında hansı yeni bilik yaradıb? Universitet hadisəni yalnız izləyirsə, bunun iqtisadi təsiri məhdud qalır. Universitet: data toplayır, model qurur, proqnoz verir, riskləri hesablayır, texnologiya hazırlayır, dövlətə və biznesə qərar üçün analitika təqdim edirsə, onda araşdırma universitetinin real iqtisadi funksiyası ortaya çıxır.

Filizçay məsələsində də eyni sualla qarşılaşırıq. Təxminən 1 milyard manatlıq mədən investisiyası nəzərdə tutulur. Bu layihədən universitetlərimiz hansı yeni bilik, texnologiya, laboratoriya, doktorantura və patent yarada biləcək?"

"İndi isə Bakıda 10,8 milyard dollarlıq investisiya paketi ortaya çıxır. Yenə eyni sual: Bu milyardların nə qədəri universitetlərimizdə yeni bilik və yeni kompetensiya yaradacaq? Bəlkə universitetlərin iqtisadi təsirini ölçmək üçün yeni bir KPI da müəyyən etməliyik: Ölkədə həyata keçirilən böyük iqtisadi layihələrin neçə faizində universitetlər real tədqiqat, texnologiya və analitik tərəfdaşdır? Çünki universitetin məhsulu yalnız diplom və məqalə olmamalıdır. Ölkənin real iqtisadiyyatına lazım olan yeni bilik də universitetin əsas məhsullarından biri olmalıdır".

Könül

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью