Bakıda 12 yaşlı uşağa ana aliment ödəyəcək

04.11.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsinə müraciət edən ata faktiki nikah münasibətində olduğu qadından dünyaya gələn övladının onun himayəsinə verilməsini və anadan aliment tutulmasını tələb edib.

İddiaçı bildirib ki, münasibətləri pozulduqdan sonra uşaq anasının yanında qalıb. Lakin qadının qeyri-sabit həyat tərzi, daimi yaşayış yerinin olmaması və uşağa lazımi qayğı göstərməməsi səbəbindən onun normal inkişafı təhlükə altına düşüb.

Atanın sözlərinə görə, 12 yaşlı uşaq heç bir təhsil müəssisəsində qeydiyyatda olmayıb və təhsil almayıb. O, həmçinin uşağın yaşadığı evin yaşayış üçün yararsız vəziyyətdə olduğunu və onun təhlükəsiz şəraitdə saxlanılmadığını iddia edib.

İddiaçı qeyd edib ki, ananın psixoloji vəziyyəti ilə bağlı problemlər də mövcuddur. Məhkəmənin sorğusuna verilən cavabda qadının psixiatriya xəstəxanasında stasionar müalicə aldığı təsdiqlənib.

İş üzrə Səbail Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası da uşağın fikrini öyrənib. 12 yaşlı uşaq atası ilə yaşamaq istədiyini bildirib. Komissiya onun mənafeyini nəzərə alaraq atasının himayəsində qalmasını məqsədəuyğun hesab edib.

Məhkəmə uşağın hazırda atası ilə yaşamasını, onun istəyini və qəyyumluq komissiyasının rəyini nəzərə alaraq iddianı təmin edib.

Qərara əsasən, uşaq yetkinlik yaşına çatanadək atasının himayəsində qalacaq. Anadan uşağın saxlanılması üçün hər ay 260 manat, yəni minimum əməkhaqqının 0,65 misli həcmində aliment tutulacaq.

Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью