Bakıda 1376 hektarlıq ərazidə məktəb və poliklinika yoxdur

17.11.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış 1376 hektardan artıq ərazidə məktəb, uşaq bağçası, poliklinika, kitabxana, mədəniyyət evi, poçt və digər zəruri xidmət obyektləri yoxdur”.

Modern.az xəbər verir ki, bunu deputat Sevinc Fətəliyeva Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Deputat həmin ərazinin inkişafı üçün kompleks infrastruktur planının hazırlanmasını təklif edib. O, Suraxanı rayonunun Hövsan və Yeni Suraxanı qəsəbələrində sakinləri narahat edən digər problemləri də hökumət üzvlərinin diqqətinə çatdırıb.

S.Fətəliyeva bildirib ki, hər iki qəsəbədə köhnəlmiş su borularının dəyişdirilməsinə, mərkəzləşdirilmiş su və kanalizasiya şəbəkələrinin qurulmasına ehtiyac var. Qəsəbədaxili yolların təmiri və küçələrin işıqlandırılması da sakinlərin ən çox müraciət etdiyi məsələlərdəndir.

Deputat Hövsan kanalının vəziyyətinin ciddi narahatlıq doğurduğunu vurğulayıb:

“Kanalın açıq vəziyyətdə olması sakinlərin gündəlik həyatına mənfi təsir göstərir, məişət və texniki suların Xəzər dənizinə axıdılması isə ekoloji problem yaradır. Kanalın yenidən qurulması və müasir təmizləyici qurğuların inşası məsələsinə xüsusi diqqət yetirilsə, çox yaxşı olar”.

O, Hövsandakı 118 və Yeni Suraxanıdakı 316 nömrəli tam orta məktəblərdə şagird sıxlığının aradan qaldırılması üçün əlavə tədris korpuslarının tikilməsini də təklif edib.

S.Fətəliyeva əhalinin artmasını nəzərə alaraq Hövsanda geniş profilli stasionar tibbi xidmət göstərən müasir xəstəxananın inşasına ehtiyac olduğunu bildirib.

Deputat əvvəlki dövlət proqramlarında nəzərdə tutulmuş, lakin icrası tamamlanmamış məktəb və bağça layihələrinə də yenidən baxılmasını istəyib. Buraya Hövsanda yeni məktəb və uşaq bağçalarının tikintisi, 203 nömrəli körpələr evi-uşaq bağçasının yenidən qurulması, eləcə də Yeni Suraxanıda yeni bağçanın inşası daxildir.

O, iş axtaran gənclərin peşə bacarıqları qazanması üçün rayonda müasir texniki-peşə təhsili müəssisəsinin yaradılmasını da vacib sayıb.

Sevinc Fətəliyeva sadalanan məsələlərin həllinin 2027-ci ilin investisiya və infrastruktur proqramlarında nəzərə alınmasını təklif edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью