Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda üzərindən külli miqdarda metamfetamin aşkarlanan 20 yaşlı gənc 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qaynarinfo-nun məlumatına görə, 2006-cı il təvəllüdlü Bakı sakini R.Y. Xəzər rayonunun Türkan qəsəbəsində saxlanılıb. Onun üzərində aparılan axtarış zamanı şalvarının sağ cibindən bükülmüş formada metamfetamin aşkarlanıb. Ekspertiza maddənin çəkisinin 5,533 qram olduğunu müəyyən edib.
İş materiallarına görə, R.Y. ilkin ifadələrində narkotik vasitəni şəxsi istifadəsi üçün 80 manata aldığını bildirib. Lakin sonradan məhkəmədə ittihamı qəbul etməyərək polis əməkdaşlarının cibinə narkotik yerləşdirdiyini, saxlanılarkən fiziki və psixoloji təzyiqə məruz qaldığını iddia edib.
Gəncin sözlərinə görə, o, bir nəfəri söydüyünə görə səkkiz polis əməkdaşı tərəfindən saxlanılıb. Həmçinin oxuyub-yazmağı bacarmadığını, ilkin izahat və ifadələrinin polis əməkdaşlarının dedikləri əsasında yazıldığını bildirib.
Məhkəmə isə bu iddiaları təsdiqləyən mötəbər sübutların olmadığını qeyd edib. Bildirilib ki, əməliyyat-axtarış tədbiri fasiləsiz videoçəkilişlə qeydə alınıb. Məhkəmənin qənaətinə görə, görüntülər və digər sübutlar polis əməkdaşlarının ona təzyiq göstərməsi barədə iddiaları təsdiqləmir.
Ekspertiza zamanı R.Y.-nin sidik nümunəsində 0,157 mq/l amfetamin və 0,310 mq/l metamfetamin aşkarlanıb. Narkoloji ekspertiza zamanı isə o, 14-15 yaşlarında cəmi bir dəfə qurudulmuş marixuanadan istifadə etdiyini bildirib.
Qeyd edək ki, R.Y. əvvəlcə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə etmə və saxlamaqda ittiham edilib. Lakin məhkəmə satış məqsədinin sübuta yetirilmədiyini nəzərə alaraq onun əməlini Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə təsnif edib.
Məhkəmə cəza təyin edərkən R.Y.-nin 20 yaşında olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, narkomaniya xəstəliyindən əziyyət çəkməməsini, atasını erkən yaşlarında itirməsini, xəstə anasına, kiçik qardaşlarına, boşanmış bacılarına və onların azyaşlı uşaqlarına maddi dəstək göstərməsini yüngülləşdirici hallar kimi nəzərə alıb. Onun ailədə yeganə gəlir gətirən şəxs olduğu da hökmə daxil edilib. Cəzanı ağırlaşdıran hal müəyyən edilməyib.
Nəticədə R.Y. 4 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilərək cəzanın başlanğıcı tutulduğu tarixdən hesablanacaq.
Bundan başqa, onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması, qalıq çəkisi 5,433 qram olan metamfetaminin məhv edilməsi, “Redmi” markalı mobil telefonunun isə özünə və ya qanunda göstərilən qaydada ailə üzvlərinə qaytarılması qərara alınıb. R.Y.-dən həmçinin 114 manat ekspertiza xərci tutulacaq.
Aydın