Bakıda 280 min manatlıq mənzil dələduzluğu

17.11.2026

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda mənzil alqı-satqısı adı altında iki nəfərin ümumilikdə 280 min manatlıq əmlakını ələ keçirməkdə təqsirləndirilən şəxs barəsində hökm çıxarılıb.

Qaynarinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1979-cu il təvəllüdlü şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə materiallarına görə, hadisələrdən biri 2021-ci ildə başlayıb. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə mənzil alqı-satqısı barədə razılığa gəlib. Ona Xətai rayonu, M.Hadi küçəsində yerləşən yeni tikilidə mansard sahəsindəki mənzilin yarısını satacağına söz verib.

Razılaşmaya əsasən, zərərçəkmiş şəxs 90 min manat dəyərində əmlakını başqa şəxsin adına keçirməyə razılaşıb, daha sonra isə əlavə 20 min manat nağd pul verib. Beləliklə, ümumilikdə 110 min manatlıq ziyan yaranıb.

Zərərçəkmiş şəxsin ifadəsinə görə, o, ailəsi ilə birlikdə sonradan ona verilən mənzilə köçsə də, sənədləri ala bilməyib. Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə məsələni uzadıb. 2024-cü ildə onun həbs olunmasından sonra isə mənzilin başqa şəxsə məxsus olduğu məlum olub.

İkinci epizodda isə söhbət 170 min manatlıq əmlakdan gedir.

İş materiallarında qeyd olunur ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin 120 min manat dəyərində “Range Rover” markalı avtomobilini etibarnamə əsasında alıb. Bununla yanaşı, mənzil alqı-satqısı ilə bağlı razılaşma çərçivəsində ondan 50 min manat nağd pul götürüb.

Zərərçəkmiş şəxs sonradan ona məxsus mənzilin razılığı olmadan başqa şəxsə satıldığını öyrənib. O, mənzilin sənədlərini etibar edərək təqsirləndirilən şəxsə verdiyini, həmin sənədlərdən istifadə edilməklə əmlakın onun xəbəri və razılığı olmadan satıldığını bildirib.

Məhkəmə prosesində təqsirləndirilən şəxs özünü təqsirli bilməyib. O, birinci zərərçəkmişlə aralarında mənzil dəyişdirilməsi barədə razılaşma olduğunu, ikinci şəxslə isə biznes tərəfdaşlığı çərçivəsində işlədiklərini deyib.

Onun sözlərinə görə, tərəflər arasında hesablaşmalar aparılıb, mənzil və avtomobil əmlak mübadiləsinin bir hissəsi olub. Təqsirləndirilən şəxs zərərçəkmişlərə qarşı dələduzluq niyyətinin olmadığını, pandemiya dövründə maliyyə itkiləri ilə üzləşdiyini və sonradan yaranmış problemlərin bununla bağlı olduğunu iddia edib.

Lakin məhkəmə iş materiallarındakı digər sübutlarla təsdiqlənmədiyi üçün bu izahatları qəbul etməyib.

Zərərçəkmişlər isə məhkəmədə onlara dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin qalmadığını bildiriblər. Hətta məhkəmədən ona cəza təyin edilməməsini xahiş ediblər.

Təqsirləndirilən şəxsin himayəsində üç azyaşlı uşağının olması, ailənin yeganə gəlir gətirən şəxsi olması, zərərin könüllü şəkildə ödənilməsi və zərərçəkmişlərlə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınıb.

Seyid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью