Bakıda 3 nəfərin öldüyü yanğın

09.09.2026

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində üç nəfərin ölümü və 25 nəfərin xəsarət alması ilə bağlı cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Azpost.info APA-ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı ittiham aktını elan edib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs “Taxes Group” MMC-nin direktoru və “Loft Dent” klinikasının rəhbəri Bəhruz Paşayevdir.

İttiham aktında nələr əks olunub?

İttihama görə, Bəhruz Paşayev Yasamal rayonunda yerləşən binanın zirzəmisində icarəyə götürdüyü qeyri-yaşayış sahəsində yanğın təhlükəsizliyi qaydalarını kobud şəkildə pozub.

O, “iVolt” brendi altında elektromobillər üçün şarj stansiyaları quraşdırarkən “Azərişıq” ASC və Energetika Nazirliyinin müvafiq texniki şərtləri və icazələri olmadan, aidiyyəti elektrotexniki heyəti cəlb etmədən elektrik xətləri çəkdirib.

İttihama əsasən, 2025-ci il noyabrın 21-də saat 19:00 radələrində həmin elektrik xətlərində normadan artıq yük səbəbindən qısaqapanma baş verib. Yaranan qığılcım yaxınlıqdakı tezalışan materiallara keçib. Yanğın kommunikasiya şaxtası boyunca yuxarı mərtəbələrə yayılıb və binanı tüstü bürüyüb.

Üç nəfər ölüb, 25 nəfər xəsarət alıb

Yanğın zamanı binadan çıxmağa çalışan sakinlərdən Arzu Qəmbərli, Samir Məmmədov və Könül Hümbətova kəskin tüstüdən zəhərlənərək hadisə yerində həyatlarını itiriblər.

Hadisə nəticəsində 7 nəfər ağır olmaqla, ümumilikdə 25 sakin müxtəlif dərəcəli xəsarətlər alıb.

Yanğın binanın lift infrastrukturu, elektrik xətləri, kommunikasiya sistemləri və mənzillərə də ziyan vurub. İttiham aktına görə, vətəndaşlara və əmlak sahiblərinə ümumilikdə 419 min 382 manat maddi ziyan dəyib.

Təqsirləndirilən şəxs özünü təqsirli bilib

Məhkəmədə Bəhruz Paşayev zərərçəkənlərdən üzr istəyib və özünü təqsirli bildiyini deyib.

Ona Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə yekun ittiham elan olunub. Həmin maddə üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulmasının ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olması ilə bağlıdır.

Məhkəmənin növbəti prosesi oktyabrın 7-nə təyin edilib.

Qeyd edək ki, yanğın 2025-ci il noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verib.

AzPost.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью