Bakıda 5 ilə 60 min yeni ev Bəs, neçə məktəb, bağça, xəstəxana inşa edilib?

25.11.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı günbəgün böyüyür. Bu böyümə mənzil tikisində özünü daha qabarıq göstərir. Belə ki, hər il paytaxtda və ətraf ərazilərdə on minlərlə fərdi mənzil inşa edilir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2021–2025-ci illərdə Bakıda 60 mindən artıq mənzil istifadəyə verilib.
Belə ki, 2021–2025-ci illər üzrə rəsmi statistikaya əsasən:
2021-ci ildə 5 473 mənzil,
2022-ci ildə 11 351 mənzil,
2023-cü ildə 14 073 mənzil,
2024-cü ildə 15 020 mənzil,
2025-ci ilin ilk 6 ayında isə 10 274 mənzil istifadəyə verilib.
Bu da onu göstərir ki, paytaxtda mənzil tikintisi sürətlə davam edir. Həmin mənzillər hesabına həm şəhərimiz böyüyür, həm də paytaxt əhalisinin sayı artır.
Nəzərə alaq ki, 2023-cü ildə  Bakı şəhərində 6443 (481,6 min m2) mənzilin, 2024-cü ildə 11 min mənzilin (933,6 min m2), 2025-ci ildə isə 9711 mənzilin (870,8 min m2) istismarına icazə verilib.
Bu da o deməkdir ki, istismarına icazə verilməyən və yaxud Dövlət Reyestrindən çıxarış almayan mənzillərin sayını da nəzərə alsaq rəqəm kifayət qədər fərqli olacaq.
Bəs bu qədər mənzil tikintisi və əhalinin artan sayı fonunda sosial təminatın vəziyyəti necədir?
Apardığımız araşdırmalar bu sahədə vəziyyətin heç də ürəkaçan olmadığını göstərir. Sosial obyektlərin tikintisi mənzil tikintisinin sürətindən çox-çox geri qalır. Məsələn son 5 ildə cəmi 15 yeni məktəb inşa edilib.
Bu məktəblər də əsasən Bakıətrafı qəsəbələrdə tikilib. Məsələn, 2022-2023-cü tədris ilində Bakı şəhərində inşa ediləm 7 yeni məktəb Binəqədi qəsəbəsi, Binə, Binə Atçılıq və Qala yaşayış sahəsi, Kürdəxanı və Xocasən qəsəbəsinin payına düşür. Yalnız bir məktəb Yeni Yasamal yaşayış massivində inşa edilib.
2024–2025-ci tədris ilində isə cəmi 1 yeni məktəb istifadəyə verilib.  57, 68, 141, 151 nömrəli məktəblərsə sökülüb, yenidən inşa edilib.
Son 5 ildə isə Bakı şəhərində 2 yeni uşaq bağçası-körpələr evi inşa edilib.
Ən pis göstərici isə səhiyyə sistemindədir. 2021-ci ildən bu yana paytaxtda bir dənə də olsun yeni xəstəxana inşa edilməyib. Təbii ki, özəl klinikalar nəzərə alınmır.
Bu da onu göstərir ki, Bakı şəhərində son illərdə mənzil tikintisi və əhali sürətlə artsa da, bunun müqabilində infrastrukturun inkişaf sürəti xeyli zəifdir.
Təsadüfi deyil ki, paytaxtın mərkəzi hissələrindəki məktəblərdə çox yüksək şagird sıxlığı var. Uşaq bağçalarında yer tapmaqsa müşkül məsələdir.
İstənilən poliklinika və xəstəxanaya nəzər salsaq, uzun növbələri görərik. Bu da daha çox onunla bağlıdır ki, Bakının mərkəzində mənzil tikintisi sürətlə davam etməsinə rəğmən sosial obyektlərin, o cümlədən, məktəb, uşaq bağçası və xəstəxanaların sayı artmır.
Bu da ciddi narahatlıq doğurur.
Digər narahatlıq doğuran məsələ yeni salınan yaşayış kompleksləri ilə bağlıdır. Belə ki, hazırda inşa edilən yeni çoxmərtəbəli binalar “yaşayış kompleksi” adlandırılsa da, onların 90 faizində kompleksin tələbləri pozulub. 250-300 mənzilli komplekslərin həyətində məktəb və xəstəxana layihələndirilmir. Ən yaxşı halda bir oyun meydançası, xırda stadion inşa etməklə iş bitmiş hesab olunur.
Bu da yaxın gələcək üçün çox ciddi problemlər doğuracaq.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью