Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-ın Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250 illiyi münasibətilə Bakıda rəsmi mərasim keçirilib.
Metbuat.az xəbər verir ki, tədbirdə diplomatlar, ictimai-siyasi xadimlər, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Mərasim Azərbaycan və ABŞ-ın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov bildirib ki, Amerika xalqı son iki əsr yarım ərzində dinindən, irqindən və cinsindən asılı olmayaraq bütün vətəndaşlar üçün bərabər hüquqların təmin olunduğu, azad sahibkarlıq və bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan güclü dövlət qurmağa nail olub.
O qeyd edib ki, Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlərin qurulmasından ötən 34 il ərzində ticarət-iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və digər qarşılıqlı maraq doğuran sahələrdə tərəfdaşlıq uğurla inkişaf edib.
Daha sonra ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon çıxış edib. O bildirib ki, Azərbaycan və Ermənistan 2025-ci il avqustun 8-də keçirilən tarixi Sülh Sammitində onilliklərlə davam edən münaqişədən sonra yeni səhifə açmaq üçün misilsiz fürsətdən yararlanıblar.
Emi Karlon qeyd edib ki, Prezident Donald Trampın və beynəlxalq ictimaiyyətin şahidliyi ilə keçirilən sammitdə tərəflər gələcəyi qarşıdurma deyil, əlaqəlilik, əməkdaşlıq və rifah üzərində qurmağa sadiq olduqlarını bəyan ediblər.
O, həmçinin Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIP) və ABŞ–Azərbaycan Strateji Tərəfdaşlığı çərçivəsində Cənubi Qafqazın Şərqlə Qərbi birləşdirən, qlobal iqtisadiyyata inteqrasiya olunmuş, ticarətin genişləndirilməsinə, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və iqtisadi artıma töhfə verən regiona çevrilməsi istiqamətində birgə iş aparıldığını vurğulayıb.
Rəsmi çıxışlardan sonra tədbir şam yeməyi ilə davam edib.