Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Azərbaycanda bankların kredit qoyuluşları 2026-cı il avqustun 31-də 32 milyard 824,2 milyon manat təşkil edib.
Bu, ötən ilin eyni tarixi ilə müqayisədə 4 milyard 119,3 milyon manat və ya 14,4% çoxdur. Məbləğ baxımından ən böyük artım Bakıda qeydə alınıb. Paytaxtda kredit qoyuluşları 14,9% artaraq 25 milyard 65 milyon manata çatıb. Bu artım ölkə üzrə ümumi artımın təxminən 79%-nə bərabərdir. Kredit portfeli artımının, portfelin tamamının 80%-i Bakının payına düşürsə, bu, paytaxtda tıxacın və digər iqtisadi, sosial problemlərin yaranmasının göstəricidirmi?
Məsələ ilə bağlı iqtisadçı-eskpert Rəşad Həsənov “Cebheinfo.az”-a bildirib ki, bu məsələyə səbəb nəticə əlaqəsi kimi yanaşmaq daha doğru olar:
“Çünki faktiki olaraq bu gün kreditlərin əhəmiyyətli hissəsinin paytaxta düşməsi, iqtisadiyyatın burada təmərküzləşməsi, sosial infrastruktur çatışmazlıqları, nəzarət olunmayan urbanizasiya və yaxud da daxili miqrasiya, bütün bunlar indiyə qədər həyata keçirilən iqtisadi siyasətin uğursuzluğunun törəmə nəticəsi olaraq ortaya çıxır. Yəni kreditlərin əhəmiyyətli hissəsinin Bakıya düşməsi tıxacları yaratmır. Tıxaclar və kreditlərin əhəmiyyətli hissəsinin Bakıya düşməsi nəticədir.
Səbəb isə tarazlı inkişaf siyasətində problemlər, ucqarların, regionların zəif inkişafı, ötən üç onillikdə hər hansı bir ikinci sənaye mərkəzinin formalaşdırıla bilməməsi və resursəsaslı, iqtisadi modelin formalaşmasıdır ki, resursun da daha çox neft-qaz və Bakı ətrafında cəmləşməsi belə bir vəziyyətin yaranmasına gətirib çıxarıb.
Əgər ötən dövrlərdə regionlarda sosial-iqtisadi inkişaf siyasəti effektiv həyata keçirilərdisə, bu qədər sərt miqrasiya olmazdısa, əhalinin hər iki nəfərindən biri paytaxt və onun ətrafında məskunlaşmaq məcburiyyətində qalmazdısa, o zaman biz Bakının iqtisadiyyatıda bu qədər paya malik olmasını, eyni zamanda tıxacların belə kəskin xarakter almasını, yəni nəaliyyat infrastrukturunun ciddi şəkildə uğursuzluğunu həm sosial infrastrukturun əlçatanlığının aşağı olmasını, kreditlərin əhəmiyyətli hissəsinin paytaxt və onun ətrafında məskunlaşmış şəxslər tərəfindən istehlak edilməsini görməzdik”.
Eksperti bildirib ki, bu, mövcud iqtisadi modelin uğursuzluğnun nəticəsi olaraq qarşımıza çıxır.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: kredit Rəşad Həsənov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin