Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
“Bakıda ictimai nəqliyyatda sıxlığın yaranmasının səbəblərindən biri avtobus sayının sərnişin tələbatını tam ödəməməsidir. Paytaxtda sərnişin tələbatının qarşılanması üçün 2800 avtobusa ehtiyac olduğu halda, hazırda 2300–2500 avtobus xəttə çıxa bilir. Bununla yanaşı, sərnişinlərin davranış qaydalarına əməl etməməsi də ictimai nəqliyyatda problemləri artırır”.
Bu sözləri “Bakupost”a nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O bildirib ki, ictimai nəqliyyatda hələ də müəyyən çatışmazlıqlar və sıxlıq mövcuddur. Bununla yanaşı, sərnişinlərin intizamsız davranışları da vəziyyəti çətinləşdirir.
Ekspertin sözlərinə görə, sərnişinlər avtobusa minərkən ilk növbədə düşənlərə yol verməli, səbirli və təmkinli davranmalıdırlar. Bu, nəqliyyat mədəniyyətinin ən elementar qaydalarındandır. Lakin bəzən bunun tam əksini müşahidə etmək olur. Bəzi sərnişinlər yalnız öz rahatlıqlarını düşünür, ümumi qaydalara əməl etmirlər. Nəticədə sərnişinlərin avtobusa minib-düşməsi ləngiyir, gecikmələr yaranır və avtobusların hərəkət intervalları pozulur.
E.Muradlı qeyd edib ki, sərnişin sıxlığına görə daşıyıcı şirkətləri birbaşa məsul tutmaq düzgün deyil. Onun sözlərinə görə, şirkətlər imkanları daxilində avtobusları xəttə buraxırlar. AYNA da daşıyıcı şirkətlərə nəzarət edir ki, işlək vəziyyətdə olan avtobuslar qarajlarda saxlanılmasın və mümkün qədər bütün avtobuslar marşrutlara çıxarılsın.
Bununla belə, ekspert hesab edir ki, mövcud vəziyyətin aradan qaldırılması vaxt tələb edir və bütün problemlərin 3–5 ay ərzində həll olunacağını gözləmək real deyil.
E.Muradlı vurğulayıb ki, yeni avtobusların alınması və istismara verilməsi böyük maliyyə vəsaiti tələb edir. Heç bir dövlət qurumu və ya özəl şirkət bu qədər vəsaiti bir gün ərzində xərcləyə bilməz. Onun sözlərinə görə, hazırda daşıyıcı şirkətlərin ciddi borc öhdəlikləri var. Onların dövlətə, yanacaq təchizatçılarına və digər istiqamətlər üzrə borcları mövcuddur.
Ekspert hesab edir ki, ilk növbədə daşıyıcı şirkətlərə dəstək göstərilməlidir. Şirkətlərin maliyyə vəziyyəti yaxşılaşdırılmalı, mövcud çətinlikləri aradan qaldırmalarına və yeni avtobuslar almalarına şərait yaradılmalıdır. Onun fikrincə, dövlət və daşıyıcı şirkətlər birgə fəaliyyət göstərərsə, avtobus parkını yeniləmək, sərnişinlərə daha komfortlu xidmət göstərmək və hərəkət intervallarını qaydaya salmaq mümkün olacaq.
Vüsalə Hüseynova,
BakuPost